Qaradağ rayonunda hər iki valideynini itirmiş məktəblilərə Heydər Əliyev Fondu tərəfindən qış geyimləri və hədiyyələr təqdim olunmuşdur

 

 Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 139 nömrəli məktəbin hər iki valideynini itirmiş 25 şagirdinə Qurban bayramı münasibətilə Heydər Əliyev Fondu tərəfindən qış geyimləri və hədiyyələr təqdim olunmuşdur.

AzərTAc xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev şagirdləri bayram münasibətilə təbrik etmiş, onlara təhsillərində uğurlar arzulamışdır. Bildirilmişdir ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyev ölkədə təhsilə daim diqqət və qayğı ilə yanaşmışdır. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizdə ümumtəhsil müəssisələrinin müasirləşdirilməsi və yenidən qurulmasında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın əvəzsiz xidmətlərinin olduğu vurğulanmışdır.

Tədbirdə həmçinin rayonun Lökbatan, Sahil, Qızıldaş, Ələt və Qobustan qəsəbələrindəki 13 məktəbdə də hər iki valideynindən məhrum olan şagirdlərə qış geyimləri və hədiyyələr verilmişdir. Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonundakı beş məktəbin binasında əsaslı təmir işləri aparılmışdır. Rayonun Çeyildağ qəsəbəsində isə yeni məktəb binası şagirdlərin və müəllimlərin istifadəsinə verilmişdir.

 

 

Azərbaycan.- 2011.- 5 noyabr.- S.  7.