Bir ailənin faciəsi

 

Şəmkir mahalının Koltəhnəli kəndinin ağsaqqalı Namazalı kişi 1880-ci ildə rəhmətə gedəndə oğlu Məhəmmədin yeddi yaşı təzə tamam olmuşdu. Bacısı Səkinə yaşca Məhəmməddən böyük olsa da, əkin-biçin və mal-qara işlərinin ağırlığı Məhəmmədin üstünə düşmüşdü. Bığ yeri tərləyəndən həmkəndliləri ilə Gəncəyə bazarlığa da gedib-gəlirdi. Bir dəfə də Gəncəyə gedəndə yolda morullu Əhməd ağa Bədirbəyli ilə tanış olur. Bu tanışlıq onu o vaxt yenicə təşkilatlanmaqda olan "Müdafiə" və "Müsavat" partiyasının Gəncə təşkilatlarınadək aparıb çıxarır. Az sonra o, Gəncədə yaradılan "Xeyriyyə Cəmiyyəti"nə üzv yazılır. Cəmiyyətin sədri Xosrov bəy Sultanovla,  katibi şair Əhməd Cavadla, habelə Nəsib bəy Yusifbəyli, Ələkbər bəy Rəfibəyli, Nağı bəy Şeyxzamanlı və digər ziyalılarla tanış olur. Müsavat partiyasının və  cəmiyyətin ictimai-siyasi və xeyriyyə tədbirlərində yaxından iştirak edir. Xalqın maariflənməsi, azadlığı, Azərbaycanın müstəqilliyi və milli dövlət quruculuğu yolunda son parasını da əsirgəmir.

Məhəmməd Namazalı oğlu Qurbanov bu amala görə sovet hökuməti tərəfindən 1937-ci ildə "xalq düşməni" elan olunaraq güllələnir.

 

***

 

Məhəmmədin atasından qalma əkin sahəsi, xeyli mal-qarası və qoyun-quzusu var idi. O, bu təsərrüfatı daha da genişləndirmiş, mal-qaranın sayını birə iki, birə üç artırmışdı. Gəncəbasarda hamı bilirdi ki, Məhəmməd nə qədər varlıdırsa, o qədər də səxavətlidir, kasıba, kimsəsizə, sadə kənd adamlarına qayğı göstərəndi. Hüzürü düşən imkansızların məclisini yola verirdi. Kimsənin ləyaqətinin hansısa qolu zorlu, yaxud  pullu tərəfindən tapdalanmasına qətiyyən yol verməzdi. Oğul-qız toyuna hazırlaşanlara "sən hazırlığını gör, çatışmayan nə olsa, mənim boynuma..." deyib, onları daha da ruhlandırırdı.

Həyat yoldaşı Bəyim xanım Koltəhnəliyə gəlin gələndən hamı  ona "Seyidə Bəyim bacı" deyə müraciət edirdi. Çünki o, Gədəbəydə ağır seyidlərdən sayılan Qasım ağanın qızı idi. Nəinki Koltəhnəlidə, ətraf kəndlərdə də seyid qızına xüsusi hörmət və ehtiram var idi. Ən inadkar, ən çətin adamların qonum-qonşu münaqişəsinə səbəb olan ailə-məişət çəkişmələrində kimin qapısına getsəydi, o adam Seyidə Bəyim xanımın sözündən çıxmazdı.

Eldə-obada xüsusi hörmət sahibi olan Məhəmmədin sovet hökumətini qəbul etməyənlərlə əlaqəsindən duyuq düşən bolşeviklər Məhəmmədi aradan götürməyi qərara alırlar... Gecənin bir yarısı Məhəmmədin həyətindən səs gəlir.

Səsə hövlnak yuxudan ayılan Məhəmməd Osmanlı tüfəngini götürüb həyətə çıxmaq istəyəndə Seyidə Bəyim xanım qabağını kəsir:

- Dayan, sən çıxma, qoy görüm kimdir?

Məhəmməd nə qədər cəhd etsə də, Seyidə Bəyim xanım "Qoymaram, əvvəl məni öldür, sonra çölə çıx, ya da mən özüm çıxacam" deyib, qapını açmağa qoymur.

Məhəmməd:

- Ay arvad, səni vurub, evə girərlər. Məni qapının dalında görsələr, camaat içində biabır olaram. Deyəcəklər düşmən qabağına...

- Mənə heç nə eləməyəcəklər, kənara dur, xata sovuşacaq, -deyib, ərini qabaqlayır.

Lampanın işığını bir az da artırıb qapının arxasındakı çarpazı dəmir bağlantını şaqqıltı ilə açıb, ötkəm səslə soruşur:

- Ay adam, kimsən, nə istəyirsən?

- Məhəmməd lazımdır, hanı o?

- Evdə yoxdur, gecənin bu vaxtı neynirsiz onu?!

Bolşeviklərin silahdaşı Çaparlı Qasım yanındakılara deyir:

- Bu Seyid qızıdır, ona güllə atanın axırı yaxşı qurtarmaz, qayıdın gedək!

Bolşeviklərin sağ əli olan Çaparlı Qasımın dəstəsinin aradan götürə bilmədiyi Məhəmmədi  Şura hökumətinin fəalları Rüstəm Əliyev, Həmid Sultanov, Müseyib Əliyev, Rəhim Hüseynov və Teymur Hacıyev Koltəhnəli kəndində özlərinə ən sərfəli "dayaq nöqtəsi" seçdilər. Təbliğat və qorxu mexanizmini işə saldılar. Onun əkin-biçin yerini, pambıq sahəsini, mal-qarasını, pul-parasını əlindən alıb yeni hökumətin hesabına keçirdilər. Daha sonra "antisovet fəaliyyətinə" və "müsavatçılarla əlaqəsinə" görə həbsxana həyatı da yaşamağa məcbur etdilər.

1920-ci ilin sonlarında Məhəmməd Qurbanovun torpağı, mal-qarası Şura hökuməti tərəfindən əlindən alınandan sonra onu firqəyə üzv də yazdırdılar. Bundan bir neçə ay sonra - 1921-ci ildə isə onu Koltəhnəli kəndinə sovet sədri təyin etdilər...

Əhməd Cavad 1922-ci ildə Qusardan Bakıya köçəndən hərdən Gəncəyə, oradan da Şəmkirə, Seyfəliyə, Könüllüyə, Təzəkəndə qohum-əqrəbanı görməyə gedərdi. Bir dəfə bundan xəbər tutan Məhəmməd şairin görüşünə gəlir, başına gələnləri Əhməd Cavada danışır. Qonşu həmkəndlisi Vəli Xuluflunun, Hacı Rəhim Bayramovun  morullu Əhməd ağa Bədirbəylinin və digər əqidə dostlarının da bu işlərdən xəbəri olduğunu açıqlayır.

 Məhəmməd Qurbanov beş il Koltəhnəli kənd sovetinin sədri, 1925-ci ilin iyunundan 1931-ci ilin fevralınadək Zəyəm pambıq qəbulu məntəqəsinin müdiri işləyir. 1932-ci ildə Dəllər MTS-in direktor müavini təyin edilənə kimi rayon tədarük məntəqəsinə rəhbərlik edir. 1933-cü ilin iyul ayından 1936-cı ilin may ayına kimi Şəmkir stansiyasında pambıq qəbulu məntəqəsinin müdiri vəzifəsində çalışır. Bura onun həm də son iş yeri, ailə faciəsinin başlandığı ilk ünvan olur.

 Məhəmməd Qurbanov hansı vəzifədə işləməsindən asılı olmayaraq həmişə bir əli xalqının azadlığı, bir əli ölkəsinin müstəqilliyi uğrunda mübarizə aparanların üstündə olub. Bəy, mülkədar, kulak, pantürkçü, panislamçı adıyla həbs olunan, sürgün edilən, güllələnən insanların ailələrinə, uşaqlarına hökumətdən xəbərsiz qayğı göstərirdi.  Bolşeviklərin haqsızlığından cana doyaraq eldən-obadan baş götürüb meşələrdə qaçaqçılığı "taleyin qisməti" kimi qəbul edənlərə ərzaq, isti pal-paltar, silah-sursat çatdırırdı, ailələrinə yardımlar edirdi...

Arxiv sənədlərindən məlum olur ki, Məhəmməd Qurbanov ikinci dəfə həbs edilməmişdən əvvəl, 1936-cı ilin may ayında işdən çıxarılıb. Adətən, bu vaxtlar aran yerinin əksər ailələri Gədəbəyə  yaylağa gedir. Məhəmməd də hər il olduğu kimi, ailəsini Əyrimçədə yaylaq dostlarının yanında yerbəyer etdi, on-on beş gün sonra səhhəti ilə əlaqədar Yesentukiyə yola düşdü.

Amma orada çox qala bilmədi. Narahatçılığını kimsəyə bildirmədən uşaqlarının yanına qayıtdı. Bir neçə gün sonra yaylaq qonşuları ilə bərabər Əyrimçəni tərk edib, Şəmkir stansiyasına gəldi.

NKVD işçiləri onun hər addımını izləyir, yeni quruluşu bəyənməyənlərlə əlaqəsini öyrənirdilər. Bundan Məhəmməd də, Seyidə Bəyim xanım da duyuq düşmüşdülər. 1936-cı ilin payızı öz yerini 1937-ci ilin qışına verdi, həmin ilin yazı da gəldi. Üzdə heç nə hiss olunmasa da, gizlində gərgin iş gedirdi. Siyasi işlərdə həmişə öndə olan, bölgə partiya konfranslarına dəfələrlə nümayəndə seçilən, Azərbaycan K(b)P Şəmkir rayon təşkilatının büro üzvü kimi tanınan, ictimaiyyət arasında böyük nüfuz sahibi Məhəmməd Qurbanova ögey münasibət rəsmi dairələrdə daha qabarıq hiss olunurdu. Gündüz birini, gecələr bir neçəsini "xalq düşməni" elan edən NKVD-nin əməllərinə az-çox bələd olan Məhəmməd özünü və ailəsini burulğandan salamat çıxarmaq üçün hər addımını ölçüb-biçib atırdı. Beləcə, Novruz bayramını başa vurdu, uşaqlar məktəbdən yay tətilinə buraxılan kimi ailəsini götürüb yenə Əyrimçə yaylağına qalxdı. Köhnə yaylaq qonşuları hamısı gəlmişdi, yalnız Əhməd Cavadla  Şükriyyə xanımdan başqa. Əhməd Cavad 1935-ci ildə Gəncədən Bakıya köçdüyündən gələ bilməmişdi. Amma yaylaq qonşularına söz vermişdi ki, bu yay mütləq gələcək. Odur ki, yaylaqdakıların hamısı şairi, Şükriyyə xanımı, Niyazini, Aydını çox görmək istəyirdilər.

 İyun ayının əvvəllərində şairin yaxın qohumu Məşədi Məhəmmədin oğlu İlyas Gəncədən xəbər gətirdi ki, söz-söhbət gəzir ki, şairi xalq düşməni adıyla həbs ediblər.

Gözlənilməz xəbərdən gecəni narahat yatan Məhəmməd sübh tezdən durub  Seyidə Bəyim xanıma dedi:

- Gün qızmamış gedim kəndə dəyim, görüm evdə nə var, nə yox?! Axşama qayıdacam.

 Məhəmməd rayon mərkəzində bir neçə dost-tanışla görüşdü, sonra Təzəkənddəki evinə baş çəkdi. Qonşusu, pambıq qəbulu məntəqəsinin baş mühasibi İslam Tağıyevin "hər şey qaydasındadır, elə bir narahatçılıq yoxdur" deyəndən sonra daxilən bir az sakitləşdi, evin qapısını bağlayıb, həmişəki kimi ehtiyat açarı İslam kişiyə verdi.

Qayıdandan sonra Bəyim xanıma:

- Gərək getməyəydim, sakitlikdi, - dedi. Başına yığışan qonşulara da bildirdi ki, Əhməd Cavadın tutulması xəbəri doğrudur. Hüseyn Cavidi, Salman Mümtazı, Mikayıl Müşfiqi, həmyerlimiz Vəli Xuluflu və Hacı Kərim Sanılını da onunla bir gecədə həbs edib aparıblar.

Məhəmməd adətən, həftədə bir dəfə Şəmkirə bazarlığa gedərdi. İyul ayının sonları idi. Bu dəfə gedəndə Seyidə Bəyim xanıma:

- Gedirəm kəndə, bəlkə gec gəldim. 

Hadisənin canlı şahidi Məhəmməd Qurbanovun qızı  Süsən xanım o günləri belə xatırlayır:

- Biz yaylağa getməmişdən 15-20 gün əvvəl hökumət adamları gəlib gecəynən Koltəhnəli kəndindəki evimizdə axtarış aparmışdı, əmlakımızı siyahı eləmişdilər. Axtarışdan sonra evimizə gəlib-gedən qohumlara, dost-tanışa anam  deyirdi ki, ürəyimə damıb, kişini tutacaqlar...

Atam neçə gün idi Şəmkir stansiyasındakı evimizdə qalırdı. Bir də xəbər gəldi ki, onu həbs ediblər, təcili evimizə qayıtdıq. Çatanda gördük ki, mənzilimizin qapısına möhür vurub surquçlayıblar. Açmaq nədi, anam heç qoymadı ki, qapıya əl vuraq.

NKVD-nin qorxusundan bizə yaxın gələn olmadı, qaldıq çöldə,  anam axırda məcbur olub, axşamçağı bizi piyada Koltəhnəli kəndinə gətirdi. O zaman böyük bacım bu kəndə təzəcə gəlin köçmüşdü. Bacım və həyat yoldaşı Kərim hadisədən dilxor olsalar da, bizə ürək-dirək verdilər.

Atam tutulandan təxminən altı ay sonra - 5 yanvar 1938-ci ildə Gəncədə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının səyyar sessiyası onu "əksinqilabi-millətçilik" fəaliyyətinə görə güllələnməyə məhkum etdi. Hökmə  əsasən "xalq düşməni"nin həyat yoldaşının sürgünə göndərilməsi, azyaşlı övladlarının isə uşaq kaloniyalarına verilməsi qərara alındı.

Onda Vəli bir il idi ki, Moskva Dövlət Universitetinin tələbəsi idi. Şəhər və rayon mərkəzindən uzaq Koltəhnəli kəndi kimi əyalət yerində orta məktəbi rus dilində əla qiymətlərlə bitirən, universitetdə imtahanlardan daim beş qiymətlər alan nümunəvi  tələbəni "Xalq düşməni"nin oğlusan, sənin kimilərə sıralarımızda yer yoxdur" - deyə,  bir günün içində həm universitetdən, həm də yaşadığı tələbə yataqxanasından qovdular.

Orta məkəbi əla  qiymətlərlə bitirəndən atasının tövsiyəsi ilə "Ulduz" kolxozunda mövsümi işlərdə çalışan Əlini isə idarə heyəti şurasının qərarı ilə kolxozdan uzaqlaşdırdılar, Bəhlulla Süsəni məktəbə buraxmadılar...

Məhəmmədin ölüm hökmü icra olunmamışdan bir gün əvvəl  Gəncədən gələn qara rəngli "M-1" Koltəhnəli kəndində onun dədə-baba mülkünün qabağında dayandı. Gələnlərdən biri meşin gödəkcəli zabit əmiranə tərzdə Bəyim xanıma dedi:

- Yığış, bizimlə getməlisən!..

Bəyim xanım tapşırığa əsasən köhnə bir yorğan, balaca döşək, nimdaş yastıq, bir-iki dəst isti paltar götürdü.

Böyük qızı Maral ildən artıq idi ailə qurmuşdu, oğlu Vəlinin 20, Əlinin 15, Süsənin 10, Bəhlulun 6 yaşı var idi. Onların hamısı Bəyim xanımın başına yığışmışdı, əlindən-ətəyindən yapışıb, ağlaşan uşaqlarının bir-bir üzündən-gözündən öpdü, Vəlinin boynunu qucaqladı: "Sən artıq kişisən, özünü tox tut, mən gəlincə uşaqlardan muğayat ol!" - deyib, evdən çıxanda Süsənlə Bəhlul ağlaya-ağlaya analarını buraxmaq istəmədilər. Hönkür-hönkür ağlayan Süsənlə Bəhlul maşın gözdən itənəcən arxasınca qaçdılar.

Bu, həyat yoldaşı güllələnən gündən bir gün əvvəl həbs edilən Bəyim xanımın övladları ilə, eliylə-obasıyla son görüşü oldu. Onu Koltəhnəli kəndindən birbaşa Şəmkir rayon milis şöbəsinə gətirirlər. Üç günlük sorğu-sualdan sonra aparırlar Gəncə həbsxanasına, orada da bir neçə gün saxlanılandan sonra göndərirlər Bakıya, Bayıl həbsxanasına.

Həbsxanada olarkən dindirmə zamanı təhlükəsizlık idarəsinin müstəntiqi demişdir:

- Ərinlə rəsmi nikahın yoxdur, ərizə yaz - ərindən imtina elə səni cəzadan azad edək.

Bu təklifi sovet rejiminin qanunlarından azdan-çoxdan baş çıxaran qadınlardan biri: "Bəyim, Vallahı məqamdır, indi çoxları hökumətin əli ilə qanuni ZAQS-ı ola-ola məcbur olub ayrılırlar ki, əzab-əziyyətdən canları qurtarsın.  Körpə uşaqların var, müsdəntiq düz deyir, ərizə yaz, çıx-get evinə".

Bu söhbət dünəndən Şükriyyə xanım, Minə Bayramova, Fatma Xuluflu və Şəmkirdən olan digər dustaq rəfiqələrinin yanında üç-dörd dəfə təkrarlanşa da, Seyidə Bəyim xanım hər dəfə "Bizim molladan kəbinimiz var... günaha batammaram, o dünyada Məhəmmədin yanına üzüqara  gedəmmərəm" - deyib təkliflə razılaşmamışdı.  Sabahı KQB müstəntiqi tərəfindən sorğu-suala çağrılanda dustaq rəfiqəsi lap dirəndi:

- Ərizə yaz, Şura hökuməti nə mollanı adam sayır, nə də onun yazdıqlarını sənəd.  Molla kəbini ilə ailə quran qadınlar ərləri ilə qeyri-qanuni yaşadıqları barədə ərizə verəndə onları cəzadan azad edirlər.

Seyidə Bəyim xanım "Yox, o dünyada Məhəmmədin yanına üzüqara  gedəmmərəm" deyib, bu dəfə də qəti şəkildə etirazını bildirdi.

Bunu deyəndə Seyidə Bəyim xanım ömür-gün yoldaşı Məhəmmədin  güllələndiyindən tam xəbərsiz idi. Bəyim Qurbanovanın özü barədə isə "üçlük" 4 yanvar 1938-ci ildə "vətən xaininin" həyat yoldaşı kimi 8 il müddətinə azadlıqdan məhrum edilməklə şimali Qazaxıstana sürgün edilməsi hökmü çıxardı.

Bu hökmdən bir neçə gün sonra, qışın qarlı-şaxtalı günündə hökumət adamları Bəyim xanımın böyük qızı Marala, oğlanları Vəliyə və Əliyə xəbər edirlər ki, anaları Bakıda, Bayıl həbsxanasındadır, günü sabah gedib  görüşə bilərlər.

Bu xəbərin sevinci ilə nə evdə, nə çöldə qərar tuta bilən bacı-qardaşlar günün nə vaxt axşam olduğunu hiss etmədilər, gecənin qaranlığında Əli, bacıları Maral və Süsən bir-birinə qoşulub Şəmkir stansiyasına gəldilər, sərnişin qatarına minib üz tutdular Bakıya.

Süsən müəllimə deyir ki, biz Bayıl həbsxanasına çatanda hava tamam işıqlaşmışdı, dənizdən qalxan günəşin zəif şüaları axşamın sazaq-soyuğunu bir az isitmişdi. Amma külək əhədimizi kəsirdi. Bayıl türməsinin qabağında insan əlindən tərpənmək mümkün deyildi. Qardaşım Əli qapıda növbətçi zabitə haradan gəldiyimizi, neçə nəfər olduğumuzu və kimlə görüşmək istədiyimizi bildirdi. Tək biz yox, hamı bu qaydada qeydiyyatdan keçirdi. Orada dedilər ki, görüş həbsxananın ümumi həyətində 15 dəqiqə olacaq.

Gözlənilən vaxt yetişdi, həbsxananın ümumi darvazasından içəri keçənlərin ağlaşmasından, hönkürtüsündən, çığırtıdan, səsdən-küydən, vahimədən, həyəcandan qulaq tutulurdu. Kimi anasının adını çağıra-çağıra o başa qaçır, kimi bacısının adını çağıra-çağıra bu başa qaçır, kimi arvadını, kimi qızını axtarırdı. Həbsxana həyatı dustaq qadınları  insanlıq cildindən çıxarmışdı, hamısı eyni geyimdə, eyni görkəmdə, zəlil gündə...  səsini çıxarmasa, adam doğma anasını belə tanıya bilmirdi. Biz həyətin bir küncündə qardaşımın "Buradan heç hara tərpənməyin" - dediyi yerdə dayanmışdıq. Hannan-hana qardaşım anamı tapıb gətirdi. Anam məni, bacımı, qardaşımı nə qədər öpdü, nə qədər bağrına basdı bilmirəm... Göz yaşlarımız bir-birinə qarışmışdı. Anam Əliyə və Marala tez-tez "Bizi aparırlar Rusiyaya, özünüzdən, uşaqlardan muğayat olun!" deyirdi... Görüşməyimizlə ayrılmağımız çox çəkmədi. Bəlkə də elə adam oldu ki, o tünlükdə, o basabasda doğmasını orda ola-ola görə bilmədi. Ağlaya-ağlaya biri-birinə sarılan anadan balanı, bacıdan qardaşı "Görüş vaxtı bitdi!" - deyib, tüfəngin qundağı ilə itələyə-itələyə zorla ayıran əsgərlər bir anın içində yüzlərlə adamı çölə çıxartdılar.

"Xalq düşmənlərinin" həyat yoldaşlarını Rusiyaya, Qazaxıstanın insan ayağı dəyməyən çöllərinə aparan yük qatarları sonralar üç aydan bir, beş aydan bir üçkünc sürgün məktubları da gətirdi. Vəli anasından aldığı məktubları özündən kiçik qardaşı Əli ilə birlikdə oxuyandan sonra gizlədərdi. Bəzən bacılarına həmin məktubları göstərsələr də, oxumağa verməzdilər, orada nə yazıldığını təfsilatı ilə onlara danışmazdılar. Marala da, Süsənə də ürək-dirək vermək üçün hər şeyin yaxşı olduğunu və analarının yaxın vaxtlarda azadlığa buraxılacağını deyərdilər. Beləcə, bu yazışma üç il davam etdi. Sonra məktubların arası kəsildi. Qardaşlar Qazaxıstana - həmişə yazdıqları ünvana nə qədər məktub göndərsələr də, cavab gəlmədi. Arxiv sənədlərindən məlum olur ki, Bəyim Qurbanova şimali Qazaxıstanın Akmolinski vilayətində "26-cı nöqtə" deyilən ərazidə islah əmək düşərgəsində olub.

Cavabsız məktublardan xəbər çıxmasa da, NKVD-dən təzə xəbər gəldi: üç il bundan əvvəl - 1938-ci il yanvar ayının əvvəllərində "troyka"nın qərarına əsasən "xalq düşməninin" həyat yoldaşı Bəyim Qurbanovanı sürgünə göndərəndə azyaşlı  Süsənlə Bəhlulun uşaq kaloniyasına verilməsi unudulub. NKVD əməkdaşları uşaqları aparmağa gələndə  Maral irəli yeriyib kəsdi həyət darvazasının ağzını: "Qoymaram! Mən üç ildir gecə-gündüz kolxozda işləyə-işləyə özüm də "zərbəçi pambıqçı"yam, halal zəhmətimlə, halal qazancımla uşaq saxlamışam... Məni  öldürəndən sonra o uşaqları apara bilərsiniz" - deyib, əlində tutduğu  neft qabını sifəti bərabəri qaldıraraq, qəti şəkildə bildirdi:

- Əgər uşaqları aparsanız, nefti töküb özümü yandıracam...

NKVD işçiləri nə qədər hədə-qorxu gəlsələr də, Maral inadından dönmədi, onları həyət qapısından bir addım da içəri buraxmadı.

Səsə qonum-qonşular, kənd adamları da yığışdılar. İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar kənddəki cavanlar, əli silah tuta bilənlər cəbhəyə səfərbər olunmuşdular. Ağbirçəklərin, ağsaqqalların Marala qaxmar çıxması "qonaqları" lap çaşdırmışdı. Üç il bundan əvvəlki unutqanlığın camaatın gözü qarşısında faciə ilə nəticələnəcəyindən ehtiyatlanan "qonaqlar" baxışları ilə biri-birinə gedək, sonra, yəni, gecə gələrik, deyib oradan uzaqlaşdılar. Amma xoşbəxtlikdən onlar bir daha geri  dönmədilər.

Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım 1945-cı ildə Qazaxıstandan sürgündən qayıdanda el-oba, dost-tanış görüşünə gedirdi. Bundan xəbər tutan Vəli, Əli və Süsən də şairin həyat yoldaşını görmək üçün  Bakıya gəldilər. Süsən müəllimə deyir ki, içəri girən kim Şükriyyə xanım, bizi o saat tanıdı, bağrına basdı. Xeyli söhbətləşdik, Gəncədə, Şəmkirdə, Seyfəlidə, Şəmkir stansiyasında, Gədəbəydə, Əyrimçə yaylağında keçirdiyimiz o qayğısız günlərdən, qonum-qonşulardan söhbət açdıq. Əli anamın Qazaxıstanda sürgün düşərgəsində olduğu ünvanı  xatırladaraq dedi ki, üç il məktublaşdıq, amma 1941-ci ilin qışında birdən-birə məktubların arası kəsildi, nə qədər yazdıqsa, cavab ala bilmədik...

Şükriyyə xanım dedi ki, mən sürgündə ilk gündən Bəyim xanımla bir yerdə olmuşam, yanımızda əslən gəncəli olan Təzəkənddə dəmir yolunun altında yaşayan Hacı Rəhim Bayramovun həyat yoldaşı Mina xanım da var idi... Geci-tezi bunu siz bilməlisiniz, 1941-ci ilin şaxtalı qış gecəsində seyid qızı dünyasını dəyişdi.

Məyus olduğumuzu görən Şükrəyyə xanım:

- Onu müsəlman qaydası ilə yerdən götürdük, əsgərlərə paltar tikən dustaq rəfiqələrimizə gecə xahiş etdik ki, bizə kəfən üçün parça versinlər. Onlar da lazımi qədər gətirdilər, müsəlman qaydasında dəfn etdik. Bu, həmin vaxt oralarda hər məhbusa nəsib olmurdu. "Ruhu şad olsun!" deyib, anamla bağlı xatirəsindən söz açdı.

Məhəmməd Qurbanovun və Bəyim xanımın uşaqları böyük qızları Maralın himayəsində boya-başa çatmışlar. "Xalq düşməni"nin övladları kimi yersiz tənələrlə, haqsızlıqla üzləşiblər, keşməkeşli günlər yaşayıblar. Amma onlar heç vaxt bu nəslin çırağını sönməyə qoymayıblar. Vəli, Əli, Süsən və Bəhlul ali məktəb bitirmişlər, yaxşı mütəxəssis kimi tanınmışlar, el adətincə ailə qurmuş, ev-eşik, nəvə-nəticə sahibi olmuşlar. Məhəmməd və Bəyim xanımın beş övladından indi onlarca nəvə-nəticəsi, neçə-neçə kötücəsi bu soyadı şərəflə daşıyır.

...Stalinin ölümündən üç il sonra Qurbanova Bəyim Qasım qızının işinə Azərbaycan SSR Ali Məhkəməsində yenidən baxılmış və məhkəmənin 22 fevral 1956-cı il tarixli qərarına əsasən ona bəraət verilmişdir.

Bundan dörd ay sonra isə Məhəmməd Namazalı oğlu Qurbanovun "cinayət işi"nə yenidən baxılmışdır. Nəticədə 1956-cı il iyunun 6-da SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası Qurbanov Məhəmməd Namazalı oğluna tam bəraət vermişdir.

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2011.- 5 noyabr.- S.  7.