Dalğalan, bayrağım!

 

Dalğalan, bayrağım, dalğalan ki sən,

İnamla döyünsün ürəklərimiz!

Yüksəl zirvələrə, öyünsün Vətən,

Qarşında baş əyib, səcdə edək biz!

 

Aləmə nur ələ, günəş kimi yan,

Dünyaya səs salsın şöhrətin-şanın!

Dalğalan, bayrağım, məğrur dalğalan,

Azadlıq rəmzitək Azərbaycanın!

 

Qürurla şam edək ürəyimizi,

Torpağımız üstə, daşımız üstə!

Nurlu gələcəyə harayla bizi,

Vüqarla dalğalan başımız üstə!

 

Ucadan ucadır adın, şöhrətin,

Arzusan, amalsan, ürəksən, cansan!

Zəfərlər çaldıqca xalqın, millətin,

Daha zirvələrə ucalacaqsan!

 

Üç rəng müqəddəslik nişanəsidir,

Sən yol gedirsən müqəddəsliyə!

Köksündə çağlayan haqqın səsidir,

O səni ucaldır, ucaldır göyə.

 

Ruhumun çeşməsi, gözü, əlacı,

Qolumun gücüsən, həm kəsərisən!

Hər yerdə xalqımın başının tacı,

Müqəddəs yurdumun şah əsərisən!

 

Dalğalan, bayrağım, tarixlər yarat,

Dolan qarış-qarış bütün cahanı!

Ucalt Vətənimi, xalqımı ucalt,

Tanıt bu dünyaya Azərbaycanı!

 

 

Tahir RZA

 

Azərbaycan.- 2011.-6  noyabr.- S. 4.