Eymon Gilmor: «İrlandiya Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini dəstəkləyir»

 

 İrlandiya Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini dəstəkləyir. Rusiya mətbuatına istinadla bu sözləri  İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmor Rusiyaya səfəri zamanı bildirmişdir.

Rusiyanın ATƏT-in əhəmiyyətli üzvü olduğunu və bu təşkilatda çox fəal rol oynadığını söyləyən E.Gilmor demişdir: "Münaqişələrin həlli sahəsində Prezident Dmitri Medvedev və xarici işlər naziri Sergey Lavrov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tərəflər arasında çoxdankı fikir ayrılığının aradan qaldırılması üçün çox iş görmüşlər və mən onların səylərini tam dəstəkləyirəm".

 İrlandiyanın qarşıdakı dövrdə ATƏT-də sədrliyi zamanı prioritetləri haqqında da fikir bildirən E.Gilmor qeyd etmişdir ki, rəsmi Dublin regionda uzanmış münaqişələrin həlli istiqamətində problemlərin sülh yollu ilə həllində şəxsi təcrübəsindən istifadə etməyə hazırdır: "ATƏT regionlara təsir edən münaqişələrin, xüsusən də, uzanmış münaqişələrin qarşısının alınması və həlli sahəsində vacib rol oynayır. Mümkün olduqda, Şimali İrlandiyadakı sülh prosesi təcrübəmizdən istifadə etməyi nəzərdə tuturuq".

 Xatırladaq ki, gələn ilin yanvarından İrlandiya ilk dəfə olaraq  bir il müddətində ATƏT-də sədrlik edəcəkdir.

 

 

Azərbaycan.- 2011.- 11 noyabr.- S. 3.