Azərbaycan ilə Çin arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələsi müzakirə olunmuşdur

 

Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - icra katibi Əli Əhmədovun başçılığı ilə nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir.

Çin tərəfinin dəvətilə həyata keçirilən səfərin məqsədi Azərbaycan ilə Çin, iki ölkənin parlamentləri və hakim partiyaları arasında qarşılıqlı əlaqələrin, dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumuinkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparmaqdır.

Noyabrın 10-da Azərbaycan nümayəndə heyətinin Çin Kommunist Partiyası Siyasi Bürosu Daimi Komitəsinin üzvüQuoçyan ilə görüşü olmuşdur.

Ötən il Azərbaycana səfərini və ona göstərilmiş qonaqpərvərliyi məmnunluqla xatırlayan Xı Quoçyan böyük imkanlara sahib olan ölkəmizin ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi altında böyük uğurlara imza atdığını diqqətə çatdırmışdır. Azərbaycan tərəfini müstəqilliyin bərpasının 20-ci ildönümünü münasibətilə təbrik edən Çin rəsmisi ölkəsinin Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi uğurlara sevindiyini bildirdi. O, gələn il iki ölkə arasında diplomatik əlaqələrin yaranmasının 20 ilinin tamam olacağını vurğulayaraq, ötən müddətdə müxtəlif sahələrdə - siyasi, iqtisadi, mədəni və digər istiqamətlərdə əlaqələrin inkişaf etdiyini vurğulamışdır.

Dəvətə görə təşəkkür edən Əli Əhmədov bu cür səfərlərin iki ölkə arasında münasibətlərin inkişafına töhfə verdiyini diqqətə çatdırdı. Azərbaycanın iki ölkə arasında əlaqələrə böyük əhəmiyyət verdiyini bildirən Əli Əhmədov dedi ki, əməkdaşlığımızın inkişafı üçün böyük imkanlar vardır. Mövcud münasibətlər tam əsas verir ki, əlaqələrimizi daha yüksək səviyyəyə qaldıraq. Bu, hər iki tərəfin maraqlarına uyğun olardı.

Ölkəmizin dinamik inkişafı, əldə etdiyi uğurlardan danışan Əli Əhmədov Azərbaycanın həssas regionda yerləşməsinə baxmayaraq, fəal xarici siyasət yürütdüyünü, dünyada nüfuzunun artdığını söyləmişdir. 

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinə verdiyi dəstəyə görə Çin tərəfinə təşəkkür edən nümayəndə heyətinin rəhbəri Əli Əhmədov bunun iki ölkə arasında dostluq və əməkdaşlığın göstəricisi olduğunu dedi. Azərbaycan bu münasibətlərin daha da inkişafına hazırdır. Biz Çinin BMT-də irəli sürəcəyi təşəbbüsləri dəstəkləməyə hazırıq, habelə BMT-də əməkdaşlığımızın əlaqələndirilməsini genişləndirəcəyik.

Əli Əhmədov Azərbaycanın ərazi bütövlüyünüsuverenliyini aydın və ardıcıl dəstəklədiyinə görə də Çin tərəfinə təşəkkür etmişdir. Azərbaycan hesab edir ki, müasir dövrdə ölkələrin ərazi bütövlüyü vacib prinsipdir. Azərbaycan həmişə "Vahid Çin" siyasətini dəstəkləmiş və bundan sonra da dəstəkləyəcəkdir.   

Ə.Əhmədov Milli Məclisin Sədri Oqtay Əsədovun Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri U.Banqonu Azərbaycana səfərə dəvət məktubunu qarşı tərəfə təqdim etmişdir.

Çinin əsas maraqları - "Vahid Çin" siyasətini dəstəklədiyinə görə Azərbaycan tərəfinə minnətdarlıq edən Xı Quoçyan demişdir ki, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.

Quoçyan bildirmişdir ki, Çin Azərbaycanın ərazi bütövlüyünü bundan sonra da dəstəkləyəcəkdir.

Çin rəsmisi Azərbaycan tərəfinin iki ölkə arasında münasibətləri daha yüksək səviyyəyə qaldırmaqla bağlı təşəbbüsünü yüksək qiymətləndirmişdir.

 

*  *  *

 

Azərbaycan nümayəndə heyətinin Ümumçin Xalq Nümayəndələri Yığıncağının xarici əlaqələr komitəsindəki görüşündə iki ölkə və onun qanunverici orqanları arasında əlaqələrin hazırkı vəziyyətinə və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır. Qeyd olunmuşdur ki, hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyəti, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri ölkələrimiz arasında münasibətlərin genişlənməsi baxımından faydalıdır.

 

*  *  *

 

Çin Kommunist Partiyasının beynəlxalq əlaqələr şöbəsində keçirilmiş görüşdə iki ölkənin hakim partiyaları arasında əməkdaşlığın genişləndirilməsilə bağlı fikir mübadiləsi aparılmışdır. Bildirilmişdir ki, hakim partiyalar arasında əlaqələrin genişlənməsi iki ölkə və xalq arasında münasibətlərə müsbət təsir göstərir.

Görüşdə Azərbaycanın dinamik inkişafı, düzgün iqtisadi siyasət sayəsində əhalinin rifah halının yaxşılaşması, həyata keçirilən modernləşmə xətti barədə ətraflı məlumat verilmişdir.

 

*  *  *

 

Azərbaycan nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir. Noyabrın 18-dək davam edəcək səfər çərçivəsində nümayəndə heyəti paytaxt Pekindən başqa, DalyanTayyuan şəhərlərində də olacaqdır.

Nümayəndə heyətinə Milli Məclisin deputatı, YAP icra katibinin müavini Siyavuş Novruzov, parlamentin deputatları Hadi Rəcəbli, Asəf Hacıyev, Hüseynbala Mirələmov, Rauf Əliyev, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov, partiyanın Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov daxildirlər.

 

 

 

Şahin CƏFƏROV,

AzərTAc-ın xüsusi müxbiri

Pekin

 

Azərbaycan.- 2011.-11 noyabr.- S., 3.