Azərbaycanın AFR-dəki səfirliyi Yerevanın Xankəndindəki əlaltısı Bako Saakyanın Bundestaqa səfəri haqqında məlumatı araşdırır

 

Bir neçə gün bundan əvvəl sensasiya doğurmaq iddiasını gizlətməyən Ermənistan KİV-ləri Yerevanın Xankəndindəki əlaltısı Bako Saakyanın AFR-in qanunvericilik orqanına səfəri və onun "bir qrup deputat və ekspertlə" görüşü barədə məlumat yaymışdır. Məlumatın müəllifləri Ermənistan cəmiyyətini inandırmağa çalışırlar ki, guya həmin görüşdə "ikitərəfli münasibətlər" və "Azərbaycan- Qarabağ" münaqişəsinin tənzimlənməsi məsələləri müzakirə edilmişdir.

Bu şübhəli məlumat KİV-lərdə dərc ediləndən (erməni piarçılarının fantaziyalarına biz artıq çoxdan adət etmişik)  dərhal sonra Azərbaycanın AFR-dəki səfirliyi vəziyyəti aydınlaşdırmağa və faktları yoxlamağa başlamışdır. İlkin yoxlama çox maraqlı nəticələr vermişdir. Yaxın günlərdə, təhqiqat  tam başa çatandan sonra biz həmin nəticələri dərc edəcəyik. Hələlik isə təkcə bunu qeyd etmək istərdik ki, erməni KİV-ləri, həmişəki kimi, yalan məlumat yaymışlar. Bu özündənrazı Bako Saakyan və onu müşayiət edən iki işbaz AFR-də heç bir "deputat və ekspert qrupu" tərəfindən qəbul edilməmişdir! Onlar yalnız bir deputata yol tapa bilmişlər. Beləliklə, ermənilərin dediyi "bir qrup deputat və ekspert" əslində cəmi bir deputatdan və iki texniki əməkdaşdan ibarət olmuşdur. "İkitərəfli" münasibətlərin müzakirə edildiyi "tarixi" görüşün həqiqi formatı bundan ibarətdir.

Azərbaycan səfirliyi eyni zamanda AFR Xarici İşlər Nazirliyinə nota və Bundestaqa sorğu göndərmişdir. Yaxın vaxtlarda səfirliyin bu sorğusuna yazılı cavab veriləcəyi gözlənilir. Çox ehtimal ki, həmin cavabda deputatın cümə axşamı Azərbaycan səfirliyi ilə telefon söhbəti zamanı şifahi formada şərh etdiyi maraqlı faktlar sənədli şəkildə təsdiq ediləcəkdir. Buna görə Azərbaycan ictimaiyyətindən xahiş edirik bir qədər səbirli olsun, biz isə qondarma qurumun qondarma "prezidenti"nin Bundestaqa səfəri ilə əlaqədar hədsiz reklam edilən məlumatların əsl təfərrüatını tezliklə açıqlamaq imkanından imtina etməyəcəyik.

 

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

 

Berlin

 

Azərbaycan.- 2011.- 12 noyabr.- S. 6.