Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında Konstitusiya Günü qeyd olunmuşdur

 

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən AzərTAc-a bildirmişlər ki, akademiya rəisinin birinci müavini, general-mayor Şahin Sultanov tədbiri açıq elan edərək Konstitusiya Günü münasibətilə toplantı iştirakçılarını təbrik etmişdir. Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.

Məruzə ilə çıxış edən Ş.Sultanov ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolunda misilsiz xidmətlərindən, Azərbaycan xalqının strateji seçimi olan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində respublikada bütün sahələrdə apardığı köklü islahatlar barədə danışmışdır. Ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə işlənib hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiyanın dövlətçilik tariximizdə yeni bir mərhələ açdığını, dövlət quruculuğunda, iqtisadiyyatda və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təkan verdiyini qeyd edən natiq bu mühüm tarixi hadisəni ümummilli liderin gərgin və fədakar əməyinin bəhrəsi olduğunu qeyd etmişdir.

Bildirilmişdir ki, dahi öndərin rəhbərliyi altında qəbul edilən mütərəqqi qanunlar, respublikamızın qoşulduğu beynəlxalq-hüquqi aktlar, məhkəmə-hüquq sisteminin yenidən qurulması ölkəmizdə demokratik, hüquqi dövlətin möhkəm əsasını və sarsılmaz bünövrəsini yaratmışdır. Qədirbilən xalqımız Heydər Əliyevin bu misilsiz xidmətlərini heç bir zaman unutmayacaq və onun ruhu qarşısında baş əyir.

General-mayor Ş.Sultanov ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi sahəsində həyata keçirdiyi bütün işlərin Prezident İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyini, ölkədə aparılan hüquqi islahatların qanunvericilik bazasının möhkəmləndirilməsinə və daha effektli işləməsinə, mütərəqqi hüquq məkanına inteqrasiyanı sürətləndirmək üçün beynəlxalq hüquq normalarının səmərəli tətbiqinə yönəldiyini vurğulamışdır.

Natiq ulu öndərin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin Konstitusiyamızın daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirdikləri mühüm işləri xatırladaraq bildirmişdir ki, 2002-ci il 24 avqust və 2009-cu il 18 mart tarixlərdə qəbul olunmuş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" referendum aktlarına uyğun olaraq, Konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edilmişdir. Bu əlavə və dəyişikliklər ölkəmizin "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasına qoşulması, eləcə də məhkəmə islahatları nəticəsində yaranan öhdəliklərə əməl olunması, Milli Məclisin fəaliyyətinin və seçki sisteminin daha da təkmilləşdirilməsi kimi mühüm məqsədlərə xidmət edirdi. Bu mənada, qeyd olunan əlavə və dəyişikliklər Konstitusiyanı yeni müddəalarla zənginləşdirmişdir.

Ş.Sultanov qeyd etmişdir ki, ölkənin Əsas Qanunu - Konstitusiyamız Milli Təhlükəsizlik Nazirliyinin və onun hər bir əməkdaşının fəaliyyətinin əsasıdır, çünki bu fəaliyyət müstəqil Azərbaycan Respublikasının təhlükəsizliyinin, vətəndaşların hüquq və azadlıqlarının qorunması işinə bilavasitə xidmət edir.

Akademiyanın baş müəllimi, hüquq elmləri namizədi, baş leytenant Rövşən Əzizov çıxışında bildirmişdir ki, dövlətçiliyin və iqtisadiyyatın gücləndiyi indiki dövrdə Konstitusiya Günü, sözün həqiqi mənasında, hər birimizə yaxın olan ümumxalq bayramına çevrilmişdir. Azərbaycanın güclü dövlət kimi tərəqqisi, xalqımızın inkişafı üçün hər birimiz, ilk növbədə, Konstitusiyada bəyan edilmiş milli və ümumbəşəri dəyərləri qorumalı və bundan sonra da irəli aparmalıyıq.

Çıxış edən dinləyici və kursantlar Azərbaycanın təhlükəsizlik orqanlarının əbədi və fəxri rəhbəri Heydər Əliyevin adını daşıyan Akademiyada təhsil aldıqlarından qürur duyduqlarını, xalqımızın milli maraqlarının və təhlükəsizliyinin etibarlı təmin olunması, dövlətimizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşunun qorunması, ölkəmizin inkişafı və qüdrətlənməsi naminə fəaliyyətlərində bundan sonra da Prezident, Ali Baş Komandan İlham Əliyevin ən sadiq köməkçiləri olacaqlarını iftixarla vurğulamışlar.

 

 

Azərbaycan.- 2011.-12 noyabr.- S.  7.