Samux müasirləşir

 

 Lüksenburq kəndində təqribən eyni vaxtda iki mühüm obyektin açılışı oldu. Əvvəlcə mobil tipli su təmizləyici qurğusu işə başladı. Sonra üçmərtəbəli məktəb binası istifadəyə verildi. Beləcə, Samuxun yeni-yeni ünvanları aybaay, ilbəil artır.

Samux, ölkəmizin təzə rayonlarından biri, müstəqilliyin yaşıdıdır. Ötən iyirmi il ərzində bu yerlər hər mənada azı iyirmi mərtəbə ucalıb. Xanlar rayonundan ayrılanda (indiki Göygöl) Samux sadə bir kənd idi. Küçələr tozlu-torpaqlı, evlər də ki, yöndəmsiz. Nə düz-əməlli qazı var idi, nə suyu, nə də işığı. Doxsanıncı illərin burulğanında çox şey dağılıb getmişdi.  Rayon təzə, şərait yox, oturmağa yer tapmaq olmurdu. Ən mühüm idarə və təşkilatlar belə yarıqaranlıq, uçuq-sökük binalarda yerləşirdi. Dövr çox mürəkkəb idi. Hər yanda millət  "qəhrəmanları", silahlı quldur dəstələri at oynadırdılar. Qətl, qarət adi hala çevrilmişdi.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Samuxun yeni həyatı başlandı. Silahlı dəstələr ləğv edildi, sabitlik, əmin-amanlıq bərqərar olundu. İslahatlar aparıldı, əmlak özəlləşdirildi, torpaq öz sahibinə verildi, bələdiyyələr yaradıldı. Beləliklə, bütün ölkədə olduğu kimi, bu yerlərdə də həyat öz axarına düşdü.

Samuxlular xalqın xilaskarı Heydər Əliyevə, onun yaratdığı dövlətə, dövlətçiliyə, ulu öndərin layiqli davamçısı İlham Əliyevə sədaqəti, məhəbbəti hər sahədə öz əməli işləri ilə nümayiş etdirirlər. Rayonda iqtisadiyyat sürətlə inkişaf edir. Abadlıq-quruculuq getdikcə daha geniş miqyas alır. Sosial məsələlərə, mənəvi problemlərə xüsusi önəm verilir.

İndi bu yerləri tanımaq olmur. Geniş prospektlər, yaraşıqlı küçələr göz işlədikcə uzanır. Asfalt yollar güzgü kimi parlayır. Bir-birindən yaraşıqlı binalar ucalır. Parklar, bağlar, fəvvarələr göz oxşayır, işıqlandırma sistemi başdan-başa təzələnir. Səkilər sahmana salınır, binaların fasadları milli ornamentlərlə bəzədilir.

Görəndə ki rayon öz köhnə sərhədinə sığmır, tədricən yeni-yeni yaşayış massivləri salındı. Yollar çəkildi, binalar tikildi, hər cür infrastruktur yaradıldı. İndi Samux eninə-uzununa böyüyür, ulu öndər Heydər Əliyevin adını daşıyan prospekt və Heydər bağı əsl seyrangaha çevrilib.

Həmin yaraşıqlı prospekt boyu Samux rayonu Gəncəyə  doğru uzanır. Yolun hər iki tərəfində bir-birindən yaraşıqlı fərdi və ictimai binalar ucalır. Samuxun yeni ünvanlarına fikir verin: maliyyə şöbəsinin, statistika idarəsinin, poçtamtın, baytarlıq mərkəzinin, polis şöbəsinin, ağır atletika idman kompleksininbaşqa idarə və təşkilatların müasir quruluşlu binaları, mərkəzdə isə icra hakimiyyətinin müasir üslublu üçmərtəbəli binası, bir də müqəddəs Bayraq meydanı. Bunların hamısı son illərin yadigarlarıdır.

Samux rayonu, bax beləcə, dövlətin tükənməz qayğısı və diqqəti sayəsində qısa bir vaxtda şəhər səviyyəsinə çatdı. Prezident İlham Əliyevin sərəncamı ilə Gəncənin yaxın qonşusu, Nizami yurdunun kiçik qardaşı Samuxa şəhər statusu verildi. Bu, son illərdə ardıcıl surətdə görülən genişmiqyaslı abadlıq və quruculuq işlərinin bəhrəsidir. Bəli, Samux müasir görkəmli şəhər oldu. Bununla da abadlığın, quruculuğun miqyası getdikcə genişlənir.

Samux əsasən bitkiçiliklə və maldarlıqla tanınırdı. Burada hər il təqribən otuz min ton taxıl, çoxlu üzüm, meyvə və tərəvəz, habelə ət, süd, yun, yumurta istehsal olunur. Aqrar sahənin sürətli inkişafı ilə yanaşı, indi Samux güclü-qüvvətli sənaye mərkəzinə çevrilir.

Məsələn, çox da böyük olmayan bir rayonda 500 kilovoltluq yardımçı yarımstansiya tikilib. Mütəxəssislər deyirlər ki, o, ölkə üzrə bu qəbilli ikinci stansiya sayılır. Bununla da "Samux" yardımçı stansiyası Gəncə şəhərindəki poladəritmə zavodlarını elektrik enerjisi ilə təmin edəcəkdir.

"Universal H.A.A" meyvə emalı və saxlama anbar-kompleksi Qərb bölgəsinin ən iri, ən gərəkli obyektlərindən biridir. Burada iyirmidən artıq soyuducu kamera işləyir. Kartof, soğan, kələm və digər meyvə-tərəvəzlə yanaşı, ət və süd məhsullarının mühafizəsi üçün hər şərait yaradılıb. İndi onun nəzdində mürəbbə zavodunun, kənd təsərrüfatı məhsullarının pərakəndə və topdan satışı məqsədi ilə "Yaşıl Bazar" kompleksinin tikintisinə başlanmışdır. Həmin ərazidə avtovağzalın inşası da nəzərdə tutulmuşdur.

Müasir istehsal-emal müəssisələrindən biri Sərkar kəndində fəaliyyət göstərən Quşçuluq fabrikidir. Yeni yaradılan broyler sexi ilin hər çağında əhalinin quş əti ilə təmin olunmasına kömək göstərir. Rayon mərkəzində inşa olunan ət-süd kombinatında isə işlər başa çatmaq üzrədir.

Dünən adicə kənd təsərrüfatı rayonu kimi tanınan Samuxda güclü-qüvvətli sənaye-emal müəssisələrinin yeni-yeni ünvanları yaranır. Qarayeri qəsəbəsində "Qaraçanaq" şərab zavodu istifadəyə verilib. "Qoşqar" un fabriki hər yanda tanınır. "Bizim ailə" adlı tumdoldurma mərkəzinin məhsulları respublikanın hər guşəsinə, hətta sərhəddən kənara da gedir. "Çinar" müəssisəsində ictimai və fərdi binalar üçün mişar daşından milli ornamentli bəzək hissələri hazırlanır.

Bütün bunlarla yanaşı, sosial obyektlərin inşasına da xüsusi fikir verilir. Respublika əhəmiyyətli Gəncə-Samux magistralı yenidən qurulur. Qısa müddət ərzində Lək, Qarayeri, İnstitut yollarında genişmiqyaslı təmir işləri aparılıb, yolların ətrafına minlərlə ağac və gül kolları əkilib. Sərkar, Ziyadlı, İstixana, Qovlarsarı, Qarayeri, Seyidlər, Sarıqamış və Qədili kəndlərindən Gəncə şəhərinə çıxışı təmin edən Sərkar-Qədili avtomobil yolunun əsaslı təmiri başa çatmaq üzrədir.

Rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev deyir ki, son beş ildə kənd təsərrüfatı sahəsində məhsul istehsalı təqribən dörd dəfə, sənayedə isə 8,5 dəfə çoxalıb. Həmin müddət ərzində əsaslı kapitala yönəldilən investisiyanın həcmi 23,2 dəfə artıb. Bu, heç də son hədd deyil. Qarşıda daha böyük vəzifələr durur. Cari ilin doqquz aylığının yekunları müzakirə edilərkən bu barədə ətraflı söhbət getdi və irəli sürülən iradların, arzu və təkliflərin icrası üçün konkret tədbirlər planı qəbul olundu.

Samux rayonu həmişə dövlət başçısının diqqət mərkəzindədir. Bu yerlərə səfəri zamanı görülən işlərə yüksək qiymət verən Prezident İlham Əliyev görüşlərin birində demişdir: "Samux rayonuna mən birinci dəfə deyil ki gəlmişəm, əvvəllər də gəlmişdim. Hər dəfə gələndə sevinirəm ki, burada hansısa bir yeniliyi görürəm, inkişafı, abadlığı görürəm".

Bəli, müstəqilliyin yaşıdı Samux rayonu yeniləşir, inkişaf edir, abadlaşır. Aylar, illər keçdikcə rayonun mərkəzində, qəsəbə və kəndlərdə bir-birindən dəyərli yeni-yeni ünvanlar yaranır.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2011.- 13 noyabr.- S.  4.