Məhəmməd Hadi İrəvanda

 

Azərbaycanın mütəfəkkir romantik şair və publisistlərindən olan Məhəmməd Hadi dövrün müxtəlif mətbuat orqanlarında çalışıb onlarla əməkdaşlıq edirdi. Belə mətbu nəşrlərdən biri "Açıq söz" qəzeti idi. Onun 1915-ci ilin noyabr-dekabr aylarında həmin qəzetdə dərc edilmiş üç müxbir yazısına rast gəldik. "İrəvan quberniyasında müsəlman qaçqınları" başlıqlı yazı "xüsusi müxbirimizdən" qeydi və "M.Hadi" imzası, "İrəvandan" ümumi başlıqlı digər iki yazı isə "öz müxbirimizdən" qeydi və "M.H." imzası ilə çap edilmişdir. Üçüncü yazı  "Hərbzədə müsəlmanlar" adlanır.

Yazılara verilən qeydlərdən aydın olur ki, M.Hadi İrəvan quberniyasına "Açıq söz" qəzeti tərəfindən redaksiya tapşırığını yerinə yetirmək üçün göndərilmişdir. Məqsəd Birinci dünya müharibəsinin fəlakətləri nəticəsində Türkiyədən baş götürüb Azərbaycana - İrəvan quberniyasına gələn qaçqınların vəziyyətini işıqlandırmaq olmuşdur.

M.Hadi İrəvan quberniyasına Bakı və İrəvan quberniyaları xeyriyyə cəmiyyətləri tərəfindən təyin olunmuş nümayəndə heyətinin tərkibində getmişdir. Bu haqda "Açıq söz"ün 12 noyabr 1915-ci il tarixli 33-cü nömrəsində çap edilən "İrəvan quberniyasında müsəlman qaçqınları" başlıqlı ("M.Hadi" imzalı) yazıda oxuyuruq: "Van, Alışkənd və Miyabəzkərddən gələn müsəlman qaçqınlarına yardım və himayət etməkdən ötrü Bakı cəmiyyəti-xeyriyyəsi nümayəndəsi Teymur bəy Hüseynov cənabları ilə İrəvan cəmiyyəti-xeyriyyəsi tərəfindən təyin olunmuş heyət (Baxşəli ağa Şahtaxtinski, Əkbər bəy Qədimbəyov və Teymur bəy Bəhrambəyov cənablarından ibarətdir) Şahtaxtinskinin sədarətində həmin noyabr ayının birində mahal-məmuriyyətlərinə Sürməli qəzasına azim oldular".

Bu sətirlərdən aydın olur ki, M.Hadi Bakıdan İrəvan quberniyasına  1915-ci il oktyabr ayının son günlərində Bakı cəmiyyəti-xeyriyyəsi nümayəndəsi Teymur bəy Hüseynovla birgə yola düşmüşdür. O, getdiyi yerdə qaçqınların vəziyyətlərinin ağırlığı və bununla əlaqədar nümayəndə heyətinin gördüyü ilkin tədbirlər barədə belə yazıb: "Axırıncı məlumata görə, Sürməli qəzasında müsəlman köylərinə pənahda olan zavallı qaçqınların halı ürəkyandırıcı və pək fənadır. İrəvan cəmiyyəti-xeyriyyəsi Bakı cəmiyyəti-xeyriyyəsinə zavallıların halını təsviredici bir məktub göndərərək, lazımi yerlərdən istemdad istəmələrini rica etmiş. Baqalım Bakı cəmiyyəti-xeyriyyəsi nə kibi təşəbbüsdə bulacaq".

M.Hadi Bakı və İrəvan xeyriyyə cəmiyyətlərindən xahiş edir ki, vaxt itirmədən "...bu bədbəxt müsəlmanları fəlakətdən xilas üçün çarə arasınlar".

Məhəmməd Hadinin "Açıq söz"ə göndərdiyi növbəti yazı qəzetin 26 noyabr 1915-ci il tarixli 45-ci nömrəsində "İrəvandan" başlığı ilə çap edilmişdir. Bu yazı "Məhərrəmlik  ianəsi", "Qaçqınların halı" və "İcazə istəmək" adlı hissələrə ayrılmışdır. Birinci hissədən məlum olur ki, İmam Hüseynin şərəfinə hər il keçirilən məhərrəmlik təziyyəsinin 1915-ci il mövsümündə İrəvan məscidlərindən xeyriyyə cəmiyyətinə xeyli pul yığılıb göndərilmişdir. M.Hadi hər məscid və sinəzən dəstəsinin topladığı məbləği ayrı-ayrılıqda diqqətə çatdırır.

M.Hadi qaçqınların vəziyyətinin ağır olduğunu, görülən işlərin kifayət etmədiyi haqda məqalənin "Qaçqınların halı" bölməsində yazır: "Qaçqınlara yardım edən heyətin son verdiyi məlumata görə, Sürməli uyezdində  beş minə qədər qaçqın var (Üç  miəzdin uyezdində olan müsəlman qaçqınları bu hesaba daxil deyildir). Bunların cümləsi arvad və uşaqlardır. Səkkiz yaşından yuxarı kişiləri yoxdur. Qışın gəlməsi münasibətilə ehtiyac çox böyükdür".

Sonra ehtiyacın böyüklüyünün nədən ibarət olduğu barədə aydın təsəvvür yaratmaq məqsədilə konkret faktlara keçirbütün ümidini Bakı xeyriyyə cəmiyyətinə və sərvətdarlarına bağlayıb onlardan kömək istəyir. Bu haqda məlumat verməklə yanaşı, M.Hadi türkiyəli müsəlman qardaşların keçirdikləri narahatlığı da təlaşla ifadə edir: "...Ona binaən İrəvan cəmiyyəti Bakı cəmiyyətinə yazıb məlum etmiş ki, qaçqınlar üçün unlibas tədarük edib göndərsinlər. Ümidvar olmaq olar ki, Bakı cəmiyyəti-xeyriyyəsi istənilən şeyləri alıb göndərməkdən imtina etməyəcəkdir. Əks halda, zavallılar şiddətli donuşluqdan başqa aclıq bəlasına da mübtəla olub həlak olmalarından başqa bəz əmrazi-məsriyə tövlidinə də imkan verib cümləsi həlak olacaqdır".

"İcazə istəmək" başlıqlı hissədə isə M.Hadi qaçqınların vəziyyətlərini yaxşılaşdırmaq, yaralarına məlhəm qoymaq naminə cəmiyyətin necə canfəşanlıq göstərdiyinə, məsələn, "cəmiyyəti-xeyriyyə idarəsinin İrəvan qubernatoru cənablarından, qaçqınların nəfinə olaraq, çay, süd, qəhvə və qaqayı satmaq üçün cəmiyyət idarəsinin altında olan dükanlardan ikisini təmir edib bir restoran açmaqorada bütün İrəvan uyezdindən isti libas, yorğan, döşək və qeyri zadın cəm etmək üzrə istədiyini" və qubernatorun da müraciətə müsbət cavab verdiyinə həsr edilmişdir. M.Hadi həmin təşəbbüs və icazə cəhdi ilə bağlı sözünü belə yekunlaşdırmışdır: "Məmuətimizə görə cəmiyyət idarəsi bu günlərdə işə şüru edəcəkdir".

Məhəmməd Hadi cəmiyyətin qaçqınlar üçün gördüyü xeyriyyə işləri ilə bağlı  "Hərbzədə müsəlmanlar" başlıqlı yazısı "Açıq söz"ün 30 dekabr 1915-ci il tarixli 73-cü nömrəsində yenə "İrəvandan (öz müxbirimizdən)" qeydi və "M.H." imzası ilə çap edilmişdir. Müəllif yazırdı: "Dekabrın 23-də cəmiyyəti-xeyriyyə sədri Həsən Əliyev cənabları Sürməli uyezdindəki müavinət heyətinin fəaliyyətini və qaçqınların halını yaxından təhqiq və təftiş etməkdən ötrü İqdır qəsəbəsinə azim oldu. Heyəti-müaviniyyənin verdiyi məlumata binaən Sürməli uyezdinə Osmanlıdan hicrət edən müsəlman qaçqınlarının siyahısı qurtarmaq üzrədir. İmdiyədək uşaq, böyük, arvadkişi - hamısı 5083 nəfərə kibi yazılıbdır".

M.Hadi müharibə zərərdidələrinin təkcə kiçik bir qəsəbədə olan miqdarı haqda məlumat verdikdən sonra  diqqəti yenidən cəmiyyətin və yerli əhalinin həmin qaçqınlara göstərdiyi insanpərvərliyə yönəldib, görülən işlərdən söhbət açır və qeyd edir ki, cəmiyyəti-xeyriyyə dekabr ayının 15-də "Paltar günü" təşkil etmişdi.

M.Hadi həmin mərasimi də özünəməxsus tərzdə təfərrüatı ilə qələmə alıb. O, eyni zamanda, "Paltar günü"nün istənilən səviyyədə keçmədiyinə münasibət bildirərək bunun səbəbini aydınlaşdırmağa çalışır: "Paltar günü"nün 18 avqustda təşkil olunan "Qardaş köməyi" günü kibi parlaq olmadığına səbəb "Paltar günü"nün səfər ayının 20 ərbəin gününə təsadüf etməsidir. Füqərayi-kasibədən yığılan paltar təsəvvürü mühüm nafeyndədir. Hərgah sərvətlilərimiz də cəm etdiyi dövlətin üstə ilan kibi yatmayıb kasıblar kibi bəzl-himmət və qeyrət etsə idilər, daha da çox paltar yığılardı".

Bu sətirlərdə Azərbaycan türklərinin qan qardaşlarına göstərdikləri daha bir yardım kompaniyası - "Qardaş köməyi" də xatırlanmaqla yanaşı, M.Hadinin cəm etdikləri sərvətin üstə ilan kimi yatıb insanlıqlarını qeyb edən sərvətlilərə qarşı üsyankar mövqeyi də aydın nəzərə çarpır.

Məhəmməd Hadinin bu yazıları Azərbaycan türklərinin - Osmanlı türklərinə göstərdikləri tarixi yardımların müəyyən bir səhifəsi haqda təfsilatlı məlumat verməkdən əlavə, şairin yaradıcılıq tərcümeyi-halı baxımından da mühüm əhəmiyyət kəsb edir. Belə ki, M.Hadi haqda mövcud  elmi ədəbiyyatda indiyədək onun "Açıq söz" qəzetində xüsusi müxbir kimi fəaliyyət göstərməsi və İrəvanda olması barədə heç bir qeyd yoxdur. Adını çəkdiyimiz yazılar belə bir səhifənin üzərinə işıq salır. Məlum olur ki, M.Hadi 1915-ci il oktyabrın sonlarından dekabrın sonlarınadək, "Açıq söz" qəzetinin xüsusi müxbiri kimi redaksiyanın tapşırığı ilə təxminən iki ay müddətində İrəvanda olmuş, Birinci dünya müharibəsi nəticəsində Türkiyədən İrəvana pənah gətirən müsəlman qaçqınlarının vəziyyətini və onlara göstərilən qayğının gedişini işıqlandıran məqalələr yazıb çap etdirmişdir. Onun "Açıq söz"də çap edilən 12 noyabr 1915-ci il tarixli məqaləsindən də məlum olur ki, həmin il noyabrın birində M.Hadi İrəvanda imiş. Onun "Açıq söz"də çıxan 30 dekabr 1915-ci il tarixli müxbir yazısında isə həmin ayın 23-də həyata keçirilən xeyriyyə tədbirindən söhbət açılır. "Açıq söz"ün 21 yanvar 1916-cı il tarixli 91-ci nömrəsində çap edilən "Əlvahi-intibah" adlı yazıda oxuyuruq: "Hal-hazırda səhiyyə heyəti cüzində müharibə meydanında olan şairi-şəhir Məhəmməd Hadi əfəndi "İnsanların tarixi faciələri" və yaxud "Əlvahi-intibah" ünvanilə 1500 beytlik mənzum bir əsər yazmışdır. Bu əsərdən bir neçə sətirlik parçasını idarəmizə göndərdiyi məktubundan iqtibas ediyoruz". Sonra hazırda poemanın on səkkizinci bəndini təşkil edən hissə "Ey zavalı bəşər!" müraciəti ilə başlayıb qəzetin 3-4-cü səhifələrində yer almışdır.

Buradan aydın olur ki, M.Hadi 1916-cı ilin yanvarında artıq müharibə cəbhəsində imiş. Ancaq o, "Açıq söz"lə əlaqəsini kəsməyərək elə 1915-ci ilin sonlarından İrəvanda yazmağa başladığı poemasından müəyyən bir hissəni çap üçün redaksiyaya göndərmişdir. Bəlkə də həmin məktubda M.Hadi müharibə cəbhəsində olduğu üçün bundan sonra "Açıq söz"ün xüsusi müxbiri kimi fəaliyyət göstərə bilməyəcəyi haqda redaksiyaya məlumat vermişdi. Eyni zamanda, hələ İrəvanda ikən qələmə almağa başladığı və artıq 1500 misrasını yazdığı "Əlvahi-intibah"dan bir hissəni çap üçün həmin məktuba əlavə etməyi lazım bilmişdi...

M.Hadi gənc şair dostu Mürşidə göndərdiyi 9 avqust 1916-cı il tarixli məktubunda artıq tamamladığı dörd kitab arasında birinci olaraq "Əhvali-intibah"ın adını təsadüfən çəkməmişdir. Onu da qeyd edək ki, M.Hadi yaradıcılığının tanınmış tədqiqatçılarından olan AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov şairin seçilmiş əsərlərinin birinci cildinə  yazdığı "İzah və şərhlər"də (Məhəmməd Hadi. Seçilmiş əsərləri. İki cild. Ic., Bakı, Elm, 1978, s.454-456) M.Hadi yaradıcılığında "Əlvahi-intibah" mövzusunun inkişaf xətti haqda ətraflı elmi məlumat vermişdir. Həmin məlumatdan aydın olur ki, "Əlvahi-intibah" (intibah lövhələri) şairin xoşladığı ifadələrdən olmuşo, hələ 1914-cü ildə bu ad altında yazdığı başqa bir əsəri vərəqə şəklində çap etdirmişdir.

Görünür, müharibənin fəsadları ilə yaxından tanış olduqdan, onun insanlığa necə fəlakətlər gətirdiyini İrəvanda müharibə qaçqınlarının timsalında əyani şəkildə gördükdən sonra "Əlvahi-intibah" ifadəsi şairin yaradıcı təxəyyülündə yenidən baş qaldırmışdır.

Ancaq bu dəfə həmin ifadənin əvvəlinə "İnsanların tarixi faciələri" ifadəsi də əlavə olunmuşdur. Ümumiyyətlə, M.Hadi insan həyatında baş verən hər hansı ağrı-acının sonradan müsbət nəticə verəcəyi, yəni, həmin şəxsin (və ya xalqın) bundan öz gələcək fəaliyyətində yetərincə faydalanacağı qənaətindədir. 1918-ci ildə qələmə alıb "Azərbaycan" qəzetində (22 oktyabr 1918) dərc etdirdiyi "Zərbeyi-inqilab" məqaləsində ulu babalarımızın "Bin nəsihətdən bir müsibət daha xeyirlidir", kəlamına dayanaraq yazırdı: "Fi-əl həqiqə şu kiçik cümlədə böyük bir hikməti-ictimaiyyə və fəlsəfeye - həyatiyyə mündəmicdir...

Ta əzəldən bəri bəşəriyyəti-naməsudun sərgüzəşti-xunini guşi-ibrətü intibahımıza tərənnüm edən tarixlər pək açıq bir surətdə göstəriyorlər ki, ağuşi-qəflətdə uyuyan millətləri ayıldan amili-nafiz nəsihətlərdən ziyadə müsibətlər, məhrumiyyətlər və fəlakətlər olmuşdur. Bu, naqabili-inkar bir həqiqəti-tarixiyyədir. Bir həqiqəti-tarixiyyə ki, günəş qədər parlaq".

M.Hadi fikrini əsaslandırmaq üçün körpənin yanan çırağın alovuna valideynin bütün nəsihətlərinə baxmayıb əl uzadaraq, alovun təsiri ilə ağrı çəkəndən sonra hər hansı alovdan qorxub çəkinməsi faktını misal gətirərək sözünə belə davam edir: "İştə pədərvənə nəsihətləri dinləməyən cocuq müsibəti-atəşin ilə bidar olar.  Uslanır. İdrakşüurdan məhrum bulunan ətfalmisal millətlər də bol-bol nəsihətlə deyil, müsibətlər, məhrumiyyətlər və fəlakətlərlə ayılmışlardır. Bimaye-aliyə əqvam və miləli şəhrahe-intibaha sövq edən avamlığın ən məyusəri, ən kəskini müşayib olmuşdur".

Göründüyü  kimi, M.Hadi insanları və xalqları həyatda düçar olduqları hər hansı ağrı və fəlakətdən nəticə çıxarıb öz gələcək fəaliyyəti və inkişafı üçün  ondan yararlanmağa çağırır.  O, bəşər övladının tərəqqi, intibah və sıçrayışla inkişafının miqyasını yaşanmış faciədən çıxarılacaq əqli nəticə ilə düz mütənasib hesab edirdi. Bütün bunlar şairin həyatda gördüyü yaşantı və təcrübələrdən gəldiyi fəlsəfi qənaətlərdir. Ona görə həm 1910-1913-cü illərdə Türkiyədə, həm də 1915-ci ildə İrəvanda şahidi olduğu, bir şair-vətəndaş kimi yaşadığı mənəvi-psixoloji sarsıntılar çoxdan bəri M.Hadinin fikrində dolaşan fəlsəfi fikir və qənaətlərinin elə İrəvanda ikən "İnsanların tarixi faciələri və yaxud Əlvahi-intibah" adı altında poetik misralara düzülməsi ilə nəticələnmişdir.

M.Hadi müharibə ərzində hara gedirsə-getsin, qarşılaşdığı faciələr ona birinci növbədə Türkiyədə və İrəvanda fəlakətlərlə üz-üzə, faciələr içində çarəsizlik məngənəsində çırpınan türkiyəli soydaşlarını xatırladır, nəticədə əsas hissəsi 1915-ci ilin noyabr-dekabr aylarında yazılan "Əlvahi-intibah" poemasına yeni-yeni hissə və epizodlar əlavə olunur. "Açıq söz"ün xüsusi müxbiri kimi İrəvana türk qaçqınlarının vəziyyətini və onlara göstərilən humanitar köməyin gedişini işıqlandırmağa ezam edilən M.Hadinin iki ay ərzində bu haqda qəzetə cəmisi üç məqalə göndərməsi şair-publisistin həmin dövrdə böyük bir əsər - "Əlvahi-intibah" üzərində işlədiyinə dəlalət edir. Elə 1916-cı il yanvarın əvvəlində "Açıq söz"ə artıq 1500 misrası hazır olan həmin möhtəşəm əsərdən bir parçanın göndərilməsi də bunu təsdiqləyir.

Bəzi elmi mənbələrdə "Əlvahi-intibah" poeması M.Hadinin "son mətbu əsəri" kimi  təqdim edilir. Bütün bunlar sovet dövründə şairin Cümhuriyyət dövrü yaradıcılığının tədqiqatdan kənarda qalmasından irəli gəlmişdir. 1918-1920-ci illərdə mətbuatda M.Hadinin bir-birindən məzmunlu və dəyərli çoxsaylı poetikpublisistik əsəri çap edilmişdir.

 

 

Alxan BAYRAMOĞLU

 

Azərbaycan.- 2011.- 13 noyabr.- S.  6.