İnformasiya cəmiyyətinə birgə baxış: Mərkəzi Elmi Kitabxana və Kataloniya Milli Kitabxanasının bibliosferası

 

 İspaniya kitabxanaları ilə təcrübə mübadiləsi aparmaq AMEA Mərkəzi Elmi Kitabxanasının uzun müddətdən bəri maraq dairəsində olan məsələlərdən biri idi. Bu peşə marağının müxtəlif səbəbləri vardı. Birinci səbəb İspaniya kitabxanalarının böyük əksəriyyətinin akademik yönümlü olması, əsasən hazırlıqlı oxucu auditoriyasına xidmət etməsi və bu işin icrasında ən son informasiya və kommunikasiya texnologiyalarını tətbiq etməsi, ikinci isə ölkəmizdə olduğu kimi, İspaniyada da kitabxana işinin vahid inkişaf strategiyası, dövlət proqramı əsasında qurulması idi.

Beləliklə, iş prinsipi, oxucu auditoriyası, yeni texnologiyaları tətbiqetmə metodikası, ədəbiyyatı komplektləşdirmə siyasəti, fondlarının həcmi baxımından kitabxanamıza daha yaxın olan Kataloniya Milli Kitabxanası ilə əvvəlcədən əldə etdiyimiz əməkdaşlıq razılaşmasına müvafiq olaraq bu ilin oktyabr ayının sonlarında bir qrup əməkdaşımızla birlikdə İspaniyanın Barselona şəhərində yerləşən sözügedən kitabxanaya səfərimiz baş tutdu. Səfərin əsas məqsədi kitabxananın fəaliyyətini yaxından öyrənmək, faydalı təcrübə və informasiya mübadiləsi aparmaq, rəqəmsal fondların, elektron kataloq və elektron kitabxanaların yaradılması sahəsində əldə etdiyimiz nəticələri bölüşmək idi.

Kataloniya Milli Kitabxanası XV əsrə aid qotik üslubda tikilmiş tarixi binada yerləşir (1920-ci illərdə bu binada şəhər hospitalı yerləşib). Kitabxana 1907-ci ildə yaradılıb. İndiki binasına köçməzdən əvvəl kitabxana uzun müddət Ədliyyə sarayında qərarlaşıb. Milli kitabxananın əsas vəzifəsi katalonika üzrə ədəbiyyatın ən geniş fondunu yaratmaq yolu ilə Kataloniya mədəni irsinin yayılması və mühafizəsidir. Bu məqsədlə kitabxananın bütün imkanları dünya kitabxanalarında, arxivlərində katalonika üzrə mövcud olan ədəbiyyatı əldə edib qorumağa səfərbər edilib. Kitabxana nümayəndəsinin məlumatına görə, bu məqsədlə dövlət tərəfindən kitabxanaya böyük məbləğdə pul vəsaiti ayrılır ki, bu da nəticədə kitabxanaya yüksək qiymətləri ilə seçilən "Sotbis" kimi nadir əlyazmalar hərracında belə qalib gəlməyə imkan yaradır.

Kataloniya Milli Kitabxanasının fondlarının həcmi AMEA Mərkəzi Elmi Kitabxanasının fondlarının həcminə uyğundur: burada da 3 milyondan artıq ədəbiyyat qorunur (4 yaruslu kitabsaxlayıcıdakı rəflərin uzunluğu 45 km-dir!). Son 5 ildə kitabxananın fondlarına yarım milyon yeni elmi ədəbiyyat daxil olub. Fondun 60 faizini kitabxanaya hədiyyə olunmuş ədəbiyyat təşkil edir. Ədəbiyyatın və sənədlərin restavrasiyası, eləcə də bəzi xüsusi arxivlərin qorunması kitabxananın əsas binasından kənarda - Barselona şəhərinin başqa sahəsində yerləşən şöbələrində həyata keçirilir. Kitabxanada 173 nəfər, o cümlədən 60 kitabxanaçı çalışır. Əməkdaşların yarıdan çoxunu isə kitabşünaslar, informasiya mütəxəssisləri, şəbəkə inzibatçıları, proqramçılar və texniki işçilər təşkil edir. Hər il kitabxanaya dövlət büdcəsindən 12 milyon avro məbləğində pul vəsaiti ayrılır. Gündəlik davamiyyət 120-150 nəfərdir. İl ərzində kitabxanadan 1 milyondan artıq oxucu onlayn şəkildə istifadə edir (Kataloniya əhalisinin sayı 8 milyona yaxındır). 1993-cü ildə "Kataloniya Milli Kitabxanasının fəaliyyət Dekreti" adlı xüsusi qanun qəbul olunub. Hazırda kitabxana dövlət tərəfindən dəstəklənən "2009-2014-cü illərdə kitabxanaların inkişafı üzrə strateji plan" adlı proqramın tələblərinə müvafiq olaraq fəaliyyət göstərir. 1990-cı ildən kitabxanada ənənəvi kartoçka kataloqlarının hazırlanması işindən imtina olunub, kataloq və kartotekalara (müəyyən istisnalar olmaqla) əlyetərlik dayandırılıb.

Son illərdə Kataloniya Milli Kitabxanası tərəfindən "Kataloniyanın elektron kitabxanası" - PADICAT (Patrinomi Digital de Catalunya) adlı layihə həyata keçirilir. Layihənin saytı vasitəsilə oxuculara elm və texnologiyalar, mədəniyyət, informasiya cəmiyyəti, iqtisadiyyat və s. üzrə elektron ədəbiyyat təqdim olunur.

Görüşlər zamanı "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın icrası, Azərbaycanda kitabxana-informasiya sahəsində aparılan islahatlar barədə ispan mütəxəssislərə məlumat verildi. Bildirildi ki, Azərbaycanda elm günbəgün inkişaf edir, ölkəmiz Qafqaz regionunda aparıcı dövlət kimi bir sıra iri layihələrin reallaşmasına təkan verir. Azərbaycan elm və təhsil sahəsində regional liderliyini sürdürməklə daha yeni dəyərlər qazanmaq əzmindədir. İspaniyada olduğu kimi, ölkəmizdə də elmin və təhsilin inkişafına dövlət qayğısı güclüdür, müvafiq sahələrin modernləşdirilməsi və inkişaf etdirilməsi üçün dövlət proqramları qəbul olunub. Azərbaycan kitabxanaları da elm və təhsilin fundamental bazası kimi bu prosesdən kənarda qalmayıb. Əksinə, Azərbaycanda kitabxana işinin inkişafı üçün yeni mərhələ başlanıb. 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə kitabxana işinin inkişafına təkan verəcək olduqca əhəmiyyətli sərəncam qəbul edilib və kitabxanalarımızın yaxın gələcəkdə ən qabaqcıllardan olması planlaşdırılıb.

Görüşlərdə qarşılıqlı əməkdaşlığın perspektivləri müəyyən edildi, təcrübə mübadiləsi həyata keçirildi, habelə müasir dövrdə kitabxanaların avtomatlaşdırılması, kitabxana-informasiya sahəsində know-how texnologiyaları, yeni xidmət növlərindən istifadə və s. mövzularda məruzələr dinlənildi, "dəyirmi masa" təşkil olundu, Dağlıq Qarabağ probleminə, ölkəmizin sosial-iqtisadi inkişafına, tarixinə, mədəniyyətinə dair onlarca kitab ispan həmkarlarımıza təqdim olundu. Daha sonra Kataloniya Milli Kitabxanasında Azərbaycan guşəsinin yaradılması qərara alındı. Guşə üçün Mərkəzi Elmi Kitabxana tərəfindən Azərbaycanın tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizmi, incəsənəti, adət-ənənələri, ədəbiyyatı və s. mövzularda müxtəlif nəşrlər göndəriləcək. "Dəyirmi masa" zamanı ispan həmkarlarımızın diqqətinə çatdırıldı ki, Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası Azərbaycanda fəaliyyət göstərən ən iri kitabxanalardan biridir. 1925-ci ildə yaradılan kitabxanamız milli və dünya əhəmiyyətli elmi nəşrlərin zəngin fondlarına malik olan ən iri, universal təmayüllü, aparıcı elmi kitabxanadır. Mərkəzi Elmi Kitabxana kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitab tarixi və informasiyalaşdırma sahəsində fəaliyyət göstərir. Kitabxanamız akademiya sistemində araşdırılan bütün kompleks və sahəvi problemlər üzrə ixtisaslaşdırılmıs məlumat-informasiya mərkəzi, respublika miqyasında baş elmi-texniki informasiya müəssisəsidir. Kataloniya Milli Kitabxanası kimi, Mərkəzi Elmi Kitabxana da dünyadakı ən nüfuzlu kitabxana təşkilatının - IFLA-nın üzvüdür. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 1000-dən artıq elm və təhsil müəssisəsi, kitabxana ilə informasiya və ədəbiyyat mübadiləsi aparılır.

Kataloniya Milli Kitabxanasının nümayəndəsi bildirdi ki, müasir dövrümüzdə kitabxanaların informasiya məkanına təsir imkanlarını genişləndirmək üçün kitabxanalarda çalışan kadrlara yalnız ənənəvi kataloqla işləmək bacarığı, oxucuya xidmət göstərə bilmək yetənəyi kifayət etmir. Müasir kitabxanaçı həm də yaxşı menecer olmalıdır, çoxdilli şəxs kimi həm bir neçə dünya dilini mənimsəməli, müasir texnologiyalarla peşəkarcasına davranmalıdır. Belə kadrların yetişdirilməsi isə vaxt tələb edir. Kataloniya Milli Kitabxanasında bu proses 80-ci illərin əvvəllərində başlanıb və 1990-cı ildə kitabxana yeni nəsil əməkdaşları ilə ən son yenilikləri tətbiq edib.

"Dəyirmi masa" zamanı bildirdik ki, bu məsələ bizi də düşündürür və artıq fəaliyyətimiz öz bəhrəsini verməkdədir. Belə ki, Mərkəzi Elmi Kitabxana hazır kitabxanaçı kadrların seçilməsindən daha çox onların yetişdirilməsi ilə məşğul olur. Hər il onlarca əməkdaşımız dünyanın dörd bir yanında təşkil olunan beynəlxalq simpoziumlara, seminar və digər tədbirlərə qatılır, bilik və təcrübə mübadiləsi aparır. Kitabxanamızın əməkdaşları ingilis, ispan, alman, fransız və ərəb dillərini mükəmməl bildikləri üçün beynəlxalq əlaqələrimiz günbəgün intensivləşir və dayanıqlı, etibarlı partnyorluğa çevrilir. Təsadüfi deyil ki, Mərkəzi Elmi Kitabxana "Şpringer", "Sviits", EBSCO, "Web of Science" kimi nəhəng elektron nəşr paylayıcıları ilə sıx əməkdaşlıq edir və Azərbaycan Milli Elmlər Akademiyasının 30-dan artıq institutuna mütəmadi olaraq dünyada nəşr olunan ən son dərgi və kitabları həm də elektron şəkildə çatdırır.

Bildirdik ki, hazırda kitabxanamızda 150-dən artıq peşəkar kitabxanaçı çalışır, 10-dan çox şöbə fəaliyyət göstərir. "Avropa ədəbiyyatı", "Şərq ədəbiyyatı", "Ədəbiyyatın elmi komplektləşdirilməsi", "Kitabxanaşünaslıq", "Biblioqrafiyaşünaslıq" və "Xidmət" şöbələri ümumilikdə 50 mindən artıq alimə xidmət göstərir. Son illər ərzində kitabxanamızda "Kitabxana proseslərinin avtomatlaşdırılması şöbəsi"nin fəaliyyəti daha da aktivləşib. Şöbənin yaradılması ilə kitabxanamızda bir çox iş sahələri yeni texnologiyalarla təchiz olunub, ənənəvi kataloq sistemi elektron kataloqla əvəzlənib, fondun elektron daşıyıcılara köçürülməsi işinə, elektron kitabxananın qurulmasına başlanılıb ki, bu da AMEA MEK-in həm milli, həm də qlobal informasiya məkanına daha intensiv inteqrasiya etməsinə müsbət təsir göstərib.

Əlbəttə, Kataloniya Milli Kitabxanasının əməkdaşları ilə görüşümüzün əsas məqsədlərindən biri də hər iki kitabxananın informasiya cəmiyyəti quruculuğu sahəsində göstərdiyi fəaliyyəti araşdırmaq, oxşar və fərqli cəhətləri müəyyənləşdirmək, problemlərdən birgə çıxış yolları axtarmaq idi. Hər iki kitabxana 100 ilə yaxındır ki, alimlərə, elmi ictimaiyyətə layiqincə xidmət göstərir, kitabxana işi sahəsinə öz töfhələrini verir, gələcəyə doğru addımlayır. Həm Mərkəzi Elmi Kitabxana, həm də Kataloniya Milli Kitabxanası informasiyanın, ən əsası isə onun ali forması olan biliyin əldə edilməsi, saxlanması, emalı və ötürülməsi işini müasir informasiya texnologiyalarından istifadə etməklə həyata keçirir. Bu isə sivilizasiyanın inkişafının yeni tarixi fazası hesab olunan informasiya cəmiyyətinin əsas tələbidir. Oxucuların keyfiyyətli informasiya axtarışını, lokal və qlobal informasiya resurslarına müraciətlərini təmin edən və onların informasiya məhsullarına və xidmətlərinə olan tələbatlarını ödəyən informasiya fəzasının yaradılması müasir kitabxanalar qarşısında duran başlıca vəzifələrdəndir. Cəmiyyətin həyatında informasiya və biliyin rolunun artması bilavasitə bu vəzifələrin yerinə yetirilməsi ilə əlaqədardır. Məlumdur ki, informasiya cəmiyyətinin çox mühüm xarakterik cəhəti elektron informasiya resurslarının sayının sürətlə artması, informasiyanın sərbəst yayılması və informasiyaya sərbəst müraciət edilməsidir. Məhz yeni texnologiyalar qlobal informasiya şəbəkələrinin, ən öncə beynəlxalq informasiya mübadiləsi üçün yeni imkanlar açan internetin sürətlə yayılmasına gətirib çıxarıb.

Ənənəvi fondların elektronlaşdırılması, elmi irsin elektron daşıyıcılara köçürülməsi, onlara operativ əlyetərliyi təmin etməsi, biblioqrafik yazıların, informasiya və digər məlumat massivlərinin beynəlxalq səviyyədə mübadiləsi hər iki kitabxananın oxucularına təqdim etdiyi müasir xidmətlərin bir hissəsidir. Çünki məhz elektron kataloq və elektron kitabxana oxucuların müasir elmi tədqiqatların informasiya təminatına təkan verən, kitabxananın avtomatlaşdırılması prosesinin tərkib hissəsi kimi daim yenilənən başlıca amillərdir. Müasir informasiya mühiti elektron kitabxanalarda rəqəmsal kataloqların yaradılması ilə yanaşı, bibliometriya, bibliomininq və s. kimi elmi problemlərin həlli, e-kitabxana resurslarının menecmentinin təşkili, e-kitabxanaların xidmətlərindən istifadə üçün e-kreditlərin (tələbə və aspirantlara və s.) verilməsi, qarşılıqlı e-kitab mübadiləsinin aparılması məsələlərinin təşkilini də zəruri edir. Əgər əvvəllər kitabxanaçı kadrlar sənəd kütləsini yalnız statistik göstəricilər üzrə öyrənirdilərsə, müasir informasiya mühitində artıq bu, kifayət deyil, sənəd-məlumat kütləsi, kitab və elmi jurnallar həm də bibliometrik təhlilə cəlb olunmalıdır, başqa sözlə, öyrənilən massivlərin dinamikası araşdırılmalı, bu və ya digər elm sahələri arasındakı təsnifat əlaqələri öyrənilməlidir. Bu proseslərin öhdəsindən gələn, maddi-texniki bazası güclü olan, savadlı kadrlara malik, menecment sistemini düzgün qurmuş kitabxanalar nəticədə bibliomininq prosesinin, yəni kitabxananın və onun resurslarının kompleks şəkildə və yüksək formada idarə edilməsinə nail ola biləcəklər.

Göründüyü kimi, kitabxanalarımızın müasir informasiya mühitinə təsiretmə imkanları yalnız informasiyanı mühafizə və realizə etməklə ölçülmür, bunun üçün kitabxanalar öz fəaliyyətlərini həm də müasir elmi-nəzəri biliklər üzərində qurmalı, rəqabətədavamlı və tələb-təklif prinsiplərinə tam uyğun olmalıdır. İnformasiya cəmiyyətinə birgə baxış kontekstində Mərkəzi Elmi Kitabxana ilə Kataloniya Milli Kitabxanasının üst-üstə düşən bu tip yanaşmaları, heç şübhəsiz ki, əməkdaşlığımızın fayda verəcəyinə əminlik yaradır.

Artıq Mərkəzi Elmi Kitabxana üçün yeni tipli, dünya standartlarına cavab verən müasir binanın inşasına başlanılıb. Möhtərəm Prezident İlham Əliyevin sərəncamı ilə həyata keçirilən bu proses bütövlükdə ölkəmizdə elmə, təhsilə, kitabxana işinin inkişafına böyük töhfədir.

 

 

Aybəniz ƏLİYEVA-KƏNGƏRLİ,

filologiya elmləri doktoru, AMEA

MEK-nın direktoru

 

Azərbaycan.- 2011.- 13 noyabr.- S. 7.