Qisas qiyamətə qalan deyil

 

 Bir sıra detektiv roman və povestlər müəllifi olan yazıçı-hüquqşünas Tahir Kazımov bu dəfə oxucuları ilə görüşə "Qisas" adlı yeni kitabı ilə gəlib. Kitab müəllifin üç əsərindən - "Qisas", "Mənəvi xilaskar" və "Qəfil ezamiyyət"dən ibarətdir. "Mənəvi xilaskar" "Qisas"ın davamıdır. Ona görə də oxucu təbii olaraq "Qisas"ı iki hissədən ibarət roman kimi qəbul edir.

Romanda insan qətli ilə bağlı bir cinayət açılarkən üzə çıxan həqiqətlər göstərilir. Xocasən şosesi boyu uzanan yol kənarında tapılmış cəsədin kimə məxsus olduğu araşdırılarkən, bu ağır cinayətin kim tərəfindən törədildiyi öyrənilərkən nələr ortaya çıxır? Əməliyyat-istintaq tədbirləri zamanı aşkar edilir ki, bir qrup insan qeyri-sağlam həyat tərzi keçirir, bu da əxlaq normalarından, insanlıqdan kənar hərəkətlərlə sonuclanır. Başqa bir neçəsi qisasçılıqla məşğul olub cinayət törədir.

Əsərdə mənəvi qisasdan da - bəd əməllərlə yaşayanların axırda Tanrı və insanlar qarşısında əzab çəkməsi, "aşına tökdüyünün qaşığına çıxması"ndan da  söhbət gedir.

Kitabın baş qəhrəmanı Telman Kərimov hüquq- mühafizə orqanlarında çalışan bacarıqlı zabitdir, bütün cinayətlərdə kələfin ucunu məharətlə tapır və işi ədalətlə sona çatdırır. Nəticədə haqqnahaq - hərəsi öz yerini tutur.

Əsərdə Kərimovun ədalətə xidmət edən bir işçi olduğu - onun bütün varlığına vicdanın hökm etdiyi aydın dərk olunur.  Beləliklə, cəsarətlə bu qərara gəlmək olur ki, Tahir Kazımov Kərimovun şəxsində ümumiyyətlə bütün vicdanlı və bacarıqlı hüquq-mühafizə orqanları işçilərinin parlaq obrazını yaradıb. Tabeliyində işləyən baş əməliyyat müvəkkili Teymura tapşırıq verib qətl yerinə göndərdikdən sonra Kərimovun öz-özünə dediyi bu sözləri fikrimizə söykək tuturuq: "Biz orqan işçiləri nələr görmürük, nələr eşitmirik. Gördüklərimizi, eşitdiklərimizi dərindən duya-duya daxilən qocalır, qara saçımız günü-gündən ağarır, lakin dözürük. Amma bəzilərinin ürəyi tab gətirmədikdə o dünyaya köçürlər".

Əsəri oxuyarkən bir daha bu qənaətə gəlirsən ki, cinayətkar üçün məkan və zaman anlayışı yoxdur. Dünyanın istənilən yerində, istənilən vaxt və istənilən ictimai-siyasi quruluşda cinayətlər baş verə bilir. Təsadüfi deyil ki, Tahir Kazımovun bəhs etdiyi hadisələr uzun bir dövrü əhatə edir: "Qisas" romanı 1987-ci ildə - sovet dönəmində, əsərin davamı olan "Mənəvi xilaskar" isə 2011-ci ildə - müstəqillik zamanı qələmə alınıb.

Əsərdə Kərimov eyni zamanda humanist  bir insan, ətrafdakılara, onun köməyinə ehtiyacı olanlara mənən əl tutan bir şəxsiyyət kimi göstərilir. Fotorobotlar yaradan rəssam Vəli həmsöhbətinə onu belə təsvir edir: "Kimliyindən asılı olmayaraq, Kərimov hamıya qayğılı, diqqətli olmağı aşılayır, hərdən də deyir ki, insan hansı əqidənin, yolun yolçusu olursa-olsun, elə insan olduğuna görə diqqətə, qayğıya layiqdir, başa düşməsə də, sən qayğılı ol. Allah hamını bir taledə, bir xasiyyətdə yaratmayıb, bilin ki, ən qəddar və bədbəxt insanın da qayğıya və xoşbəxt olmağa ehtiyacı var".

Kərimovun bu xüsusiyyətləri romanda qisasçılığın qurbanı olmuş Zülfiyyəyə münasibətdə özünü göstərir. Kərimov bu gənc qadını dolayı yollarla intihardan çəkindirir, onun və balasının mənəvi xilaskarı olur.

Zülfiyyə günahsız bir məxluq olduğu üçün Tanrı ona Kərimovun şəxsində xilaskar göndərir. Xanlar və Rəhman kimi qatı cinayətkarlar isə bir-birindən qisas ala-ala uçuruma yuvarlanır, Feyruz atasının və özünün bəd əməllərinin qurbanı olur, Viktor tamah ucbatından satqınlıq etdiyinicaniliyini gizlədə bilmir. Əgər Xanlar Rəhmanı və Feyruzu qanına qəltan edib öldürürsə, Rayaya qadın olduğu üçün əl qaldırmır. Neçə-neçə qız-gəlinin bədbəxtliyinə baiskar olmuş Rayanı Tanrı özü cəzalandırır - o, ağlını itirib dəlixanaya düşür...

Camaat arasında çoxdandır zərb-məsələ çevrilmiş "cinayətkarın milliyyəti olmur" anlayışına qayıdaq. Əsərdə hadisələr ümumən Azərbaycanda cərəyan etsə də, cinayətləri törədənlər arasında qeyri millətlərin nümayəndələri də var. Şuşa həbsxanasının rəisi isə cinayətkar deyil. Amma başında bir çanaq qan gəzdirir. Özünündediyi kimi, "türkün bulaq kimi qaynayan qanını" içməyə hər an hərisdir. Bu erməni dığasının danışdıqları başdan-başa şər-şəbədədir. Nəhayət, o da dəli olur, qışda yolunu azır, yazda cəsədini tapırlar...

Sovet dövründə milli məsələyə "toxunan" belə bir səhnə yaratmaq hər hansı müəllifin böyük cəsarəti demək idi. Hüquq-mühafizə orqanlarında çalışan bir yazar üçün isə bu, karyerasını itirməklə nəticələnə bilərdi... Bununla belə, müəllif elə o dövrün özündə də kitabın nəşrinə cəhd etmişdi. Lakin onun "Yazıçı" nəşriyyatında çapdan çıxması yalnız 1990-cı ildə mümkünləşdi. Yeri gəlmişkən qeyd edək ki, keçən il roman İstanbulda türk dilində də nəşr olunub.

Tahir Kazımov yeni kitabına "Qəfil ezamiyyət" povestinidaxil edib.  Burada da söhbət elə həmin Telmandan gedir. Onun hələ gənc müstəntiq ikən açdığı ağır cinayətdən bəhs edilir.

İstər roman, istərsə povestdəki bütün hadisələr inandırıcı şəkildə çatdırılır. Bədii təxəyyülü güclü olan müəllifin dili cilalı, üslubu rəvandır. Oxucunu əsəri az qala birnəfəsə oxumağa sövq edən əsas səbəblərdən biri də məhz budur.

 

 

Flora SADIQLI

 

Azərbaycan.- 2011.-13 noyabr.- S.  7.