Vladimir Andreyçenko: Belarus ilə Azərbaycan arasında əlaqələrin hərtərəfli inkişafı üçün geniş imkanlar vardır

 

Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko başda olmaqla, parlament nümayəndə heyəti noyabrın 14-də Azərbaycana səfərə gəlmişdir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Belarus nümayəndə heyətini Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılamışlar.

V.Andreyçenko jurnalistlərə demişdir ki, Belarus ilə Azərbaycan dost və qardaş ölkələrdir. Dövlətlərimizin başçıları arasındakı dostluq münasibətləri, eləcə də onların qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar, imzalanmış çoxsaylı sənədlər əlaqələrimizin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradır. Bakıya səfərimin əsas məqsədi bu imkandan bəhrələnərək parlamentlərarası münasibətləri daha da genişləndirmək üçün məsləhətləşmələr aparmaqdır. Ümid edirəm ki, səfərim uğurlu olacaq və parlamentlərimiz arasında, eləcə də digər sahələrdə əməkdaşlığımızın inkişafına təkan verəcəkdir.

Belarus nümayəndə heyətinin Azərbaycan Respublikasının Nazirlər Kabinetində, parlamentində görüşləri nəzərdə tutulmuşdur.

Belarus parlament nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəklər.

Səfər noyabrın 17-də başa çatacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 15 noyabr.- S.  4.