Azərbaycan ilə İspaniya arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün geniş potensial vardır

 

 Noyabrın 14-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İspaniyanın Cənubi Qafqaz üzrə xüsusi səfiri Mariya Viktoriya Skola Pliyeqonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, İspaniyanın Cənubi Qafqaz üzrə xüsusi səfiri Azərbaycanı 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə təbrik etmiş və uğurlar arzulamışdır. İspaniyanın Azərbaycan ilə mövcud əlaqələrini inkişaf etdirmək niyyətində olduğunu qeyd edən M.Pliyeqo E.Məmmədyarovun İspaniyaya səfərinin çox səmərəli olduğunu vurğulamışdır. İspaniyalı diplomat Azərbaycanda gedən sürətli inkişafdan məmnun qaldığını bildirmişdir.

Görüşdə E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti barədə məlumat vermişdir.

Münaqişə ilə bağlı status-kvonun qəbuledilməz olduğunu vurğulayan ispaniyalı diplomat ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini xüsusi qeyd etmişdir.

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün potensialın olduğu vurğulanmış, tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.- 15 noyabr.- S.  4.