ABŞ-ın Kaliforniya ştatında Azərbaycan bayrağı dalğalandırılmışdır

 

 Azərbaycan Respublikasının Los-Anceles şəhərindəki baş konsulluğundan AzərTAc-a verilən məlumata görə, ABŞ-ın Kaliforniya ştatının Çapman Universitetində SSRİ-nin süqutundan sonra yaranan dövlətlərin müstəqilliyinin 20 illiyinə həsr edilmiş geniş konfrans keçirilmişdir.

Konfransı açılış nitqi ilə açan Çapman Universitetinin professoru Ceyms Koyl ilk bölmə iclasını Azərbaycana həsr etmişdir. Professor C.Koyl Macarıstanın Los-Ancelesdəki baş konsulunun və Latviyanın fəxri konsulunun iştirak etdiyi bölmə iclasında Azərbaycanın dövlət müstəqilliyinin bərpasından ötən 20 il ərzində əldə etdiyi nailiyyətlər haqda söhbət açmışdır. Vurğulanmışdır ki, 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublikanın əsasını qoyan Azərbaycanda hələ o zaman qadınlara səsvermə hüququ verilmiş, ölkə müstəqilliyini bərpa etdikdən sonra iqtisadi-siyasi cəhətdən sürətlə inkişaf edərək bölgənin aparıcı dövlətinə çevrilmiş, Avropanın enerji daşıyıcıları ilə təmin edilməsi, qlobal təhlükəsizliyin qorunması, eləcə də terrorizmlə mübarizə üzrə Qərblə əməkdaşlıq qurulmuşdur. Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun təşviq edilməsində mühüm rol oynamaqdadır.

Gün ərzində davam edən konfransda bölgəmiz üzrə tanınmış siyasi icmalçılar Vladimir Sokor, Aleksandros Petersen, Stiv Levin və digər mütəxəssislər çıxış edərək SSRİ-nin süqutundan sonra yaranmış yeni dövlətlərin 20 illik müstəqillik tarixinə nəzər salaraq bu ölkələrin Avratlantik strukturlara inteqrasiya siyasətini, iqtisadi təhlükəsizlik sahəsində fəaliyyətini və inkişafını qiymətləndirmişlər. Təhlillər zamanı Azərbaycanın beynəlxalq səhnədə özünü müstəqil ölkə kimi sübut etdiyi diqqətə çatdırılmışdır.

Natiqlər müstəqilliyini möhkəmlətməyə çalışan dövlətlərdən fərqli olaraq, Ermənistanın timsalında bir sıra dövlətlərin müstəqil siyasi qərarlar verə bilmədiyi, belə ölkələrin apardığı siyasətin bölgənin Avratlantik strukturlara inteqrasiyasına, həmçinin ümumi bölgənin inkişafına mənfi təsir göstərdiyini bildirmişlər.

Konfrans başa çatdıqdan sonra Çapman Universitetinin qarşısındakı "Qlobal Citizens Plaza" meydanında tələbələrin ifasında  dövlət himninin sədaları altında Azərbaycanın dövlət bayrağı ucaldılmışdır. 63 ölkənin bayrağının yerləşdirildiyi Çapman Universitetinin "Qlobal Vətəndaşlar Plazası"nda Azərbaycanın dövlət bayrağı ölkəmizin Los-Anceles şəhərində baş konsul vəzifəsini icra edən Ramil Qurbanov tərəfindən qaldırılmışdır. Mərasimdə konfrans iştirakçıları, universitetin tələbə və müəllimləri iştirak etmişlər.

Daha sonra Azərbaycan Respublikasının ABŞ-da yeni təyin olunmuş səfiri Elin Süleymanov Los-Anceles şəhərində baş konsul kimi fəaliyyəti dövründə universitetlə və Kaliforniyanın ali təhsil və tədris dairələri ilə əməkdaşlığına görə Çapman Universitetinin rəhbərliyinin qərarı ilə "Beynəlxalq əməkdaşlıq üzrə Bencamin Franklin Medalı" ilə təltif olunmuşdur. Səfir E.Süleymanova çatdırılması üçün medal baş konsul vəzifəsini icra edən Ramil Qurbanova təqdim edilmişdir.

 

 

Şəfəq AKİFQIZI,

AzərTAc-ın xüsusi müxbiri

 

Vaşinqton

 

Azərbaycan.- 2011.- 15 noyabr.- S.  4.