Belarus Parlamentinin nümayəndə heyəti Heydər Əliyev Fondunu ziyarət etmişdir

 

 Belarus parlamenti Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenkonun başçılıq etdiyi  nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində noyabrın 15-də Heydər Əliyev Fondunda olmuşdur.

Qonağa Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.

Bildirilmişdir ki, Fond ümummilli lider Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.

Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotolara, habelə müxtəlif eksponatlara nəzər yetirən qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ümummilli liderə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu haqqında fikirləri ilə tanış olmuş, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxmışlar. Ulu öndərin zəkasının bəhrəsi olan və indi onun adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin maketi qonaqlarda xüsusi maraq doğurmuşdur.

Vladimir Andreyçenko Fonda kitab hədiyyə etmişdir.

Qonaqlar xatirə şəkli çəkdirmiş və Fonddan zəngin təəssüratla ayrılmışlar.

 

 

Azərbaycan.- 2011.- 16 noyabr.- S.  4.