ABŞ hökuməti Transxəzər boru kəməri layihəsini dəstəkləyir

 

ABŞ hökuməti Transxəzər boru kəməri layihəsini dəstəkləyir. İndi əsas məsələ Avropa İttifaqı, Azərbaycan və Türkmənistanın razılığa gəlməsidir.

AzərTAc xəbər verir ki, bu sözləri ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar Azərbaycana səfərinin yekunları ilə bağlı noyabrın 15-də keçirdiyi mətbuat konfransında demişdir.

Azərbaycanda olduğu müddətdə hökumət dairələrində və enerji şirkətlərinin təmsilçiləri ilə keçirdiyi görüşlərdən məmnunluq ifadə edən R.Morninqstar bu yaxınlarda Azərbaycan ilə Türkiyə arasında qaz alğı-satqısına dair imzalanmış Anlaşma Sazişinin əhəmiyyətini xüsusi vurğulamışdır. Xüsusi nümayəndə bu sənədin "Cənub" qaz dəhlizi layihəsinin mühüm bir element olacağını diqqətə çatdırmışdır.

R.Morninqstar demişdir ki, ABŞ hökuməti "Cənub" qaz dəhlizi  layihəsinə tam sadiqdir və hazırda əsas məsələ bu layihənin gəlirliliyini təmin etməkdir.

"Nabukko" layihəsinə toxunan xüsusi nümayəndə bu boru kəmərinin siyasi və strateji baxımdan ciddi önəm daşıdığını vurğulamışdır.

 

 

Azərbaycan.- 2011.- 16 noyabr.- S.  4.