Dinamik inkişafdan doğan böyük intibah

 

Abşeron rayonu sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni və daha sürətli mərhələsinə qədəm qoyur 

 

Beynəlxalq hüququn müstəqil subyekti olaraq modern tərəqqi yolunda inamla irəliləyən müasir Azərbaycanın inkişafı yeni nailiyyətlər hesabına daha dinamik hala gəlmiş, ölkəmiz dünya miqyasında möhtəşəm uğurların müəllifi qismində çıxış etməyə başlamışdır. Xalqımızın öz hüquqlarını yenidən suveren şəkildə reallaşdırmağa başlamasından sonra keçilən inkişaf yolu, qazanılan müvəffəqiyyətlər Azərbaycanı tarix üçün kifayət qədər qısa sayıla biləcək zaman kəsiyində nəinki mövcud olduğu regionda, həm də dünya coğrafiyasında lider mövqeyə yüksəltmişdir. Hazırda regionda sosial-iqtisadi tərəqqinin yüksək tempi baxımından aparıcı dövlətə çevrilmiş Azərbaycan buna paralel şəkildə siyasi cəhətdən də öncül ölkə olaraq mövqelərini davamlı surətdə gücləndirməkdə, dünya səviyyəsində hadisələrin inkişaf axarını müəyyən edən subyektlər sırasında layiqlə təmsil olunmaqdadır.

Bunun ən real təsdiqi Azərbaycanın yeni tarixinin ən parlaq səhifələrindən birini təşkil edən və məqsədyönlü şəkildə həyata keçirilən diplomatiyamızın böyük uğurunun məntiqi nəticəsi kimi ölkəmizin dünyanın ən böyük təşkilatı olan BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsidir. Sözügedən amil həm də onun təsdiqidir ki, sosial-iqtisadi tərəqqi sahəsində özünəməxsus cəhətləri ilə seçilən, dayanıqlı və davamlı yüksəliş xarakterinə malik inkişaf modelini yaratmış Azərbaycan siyasi müstəvidə də əldə etdiyi uğurlara görə dünyada kifayət qədər yaxşı tanınır, beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə dəstəklənir. Təhlükəsizlik Şurasına seçkilər zamanı 155 ölkənin Azərbaycan lehinə səs verməsi, artıq respublikamızı bu mötəbər qurumda Şərqi Avropa dövlətlərinin əsas təmsilçisinə çevirmişdir. Hər bir azərbaycanlının qürur duyduğu, böyük iftixar hissi keçirdiyi bu hadisənin Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpasının 20-ci ildönümünə təsadüf etməsi eyni zamanda qeyd edilən müddət ərzində həyata keçirilən xarici siyasət strategiyasının möhtəşəm təntənəsindən xəbər verir. Bu strategiya ona gətirib çıxarmışdır ki, gələn il səlahiyyətlərinin icrasına başlayacaq ölkəmiz artıq BMT Təhlükəsizlik Şurasının üzvü kimi beynəlxalq sülh və sabitliyin qorunması, ölkələrin davamlı inkişafı, mədəniyyətlərarası anlaşmanın artırılması, ətraf mühitin qorunması və digər bu kimi vacib məsələlərin həyata keçirilməsində dünyanın əsas söz sahibi olan dövlətlərindən biri kimi tanınacaq. Xatırlatmaq yerinə düşərdi ki, BMT Nizamnaməsinin 23-cü maddəsinə görə, Təhlükəsizlik Şurasının üzvləri üçün prioritet məqamlar ilk növbədə, beynəlxalq sülhün, təhlükəsizliyin saxlanması və təşkilatın bu qəbildən olan digər məqsədlərinə nail olunmasıdır.

BMT-nin ən ali orqanı sayılan Təhlükəsizlik Şurasına üzvlük eyni zamanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün ulu öndərin böyük irsinin ən görkəmli nümayəndəsi olan Prezident İlham Əliyev tərəfindən zamanın çağırışlarına cavab verən yeni əlavələrlə daha da zənginləşdirilən ümumi inkişaf strategiyasının əsas tərkib elementlərindən olan Azərbaycan diplomatiyasının parlaq zəfəridir. Bu diplomatiya son 18 il ərzində Azərbaycanın özünü tam müstəqil dövlət kimi dünyada təsdiq edə bildiyini, etibarlı tərəfdaş, dost ölkə olaraq qəbul edildiyini, həmçinin beynəlxalq hüquq müstəvisində tərəfdaşlarının sayının sürətlə artdığını real faktlar əsasında meydana qoyur. Digər tərəfdən, bu fakt bir daha dövlətin inkişafında, dünya birliyində öz layiqli yerini tuta bilməsində lider amilinin əsas rollardan birini oynadığını sübuta yetirir.

Danılmaz həqiqətdir ki, dövlətin böyük və ya kiçikliyindən, malik olduğu iqtisadi potensialdan asılı olmayaraq, son nəticədə onun hərtərəfli tərəqqisini müəyyən edən əsas məqamlardan biri məhz lider faktorudur. Hadisələrin inkişaf axarını ən azı bir neçə on il qabaqlaya bilən, mürəkkəb xarakterli tarixi prosesləri düzgün qiymətləndirən, geosiyasi dəyişikliklərin gedişini xalqının maraqları çərçivəsinə yönəltməyə qadir olan, bu məqsədlə praqmatik, rasional gedişlər etməyi bacaran lider həm də ölkəsinin inkişafı, təhlükəsizliyinə nail olmaqla yanaşı, dünya birliyində onun mövqelərini daim gücləndirir. Fəaliyyətləri ilə tarix yaradan belə liderlər hər zaman beynəlxalq siyasətdə təmsil etdikləri ölkələri böyük nüfuz və siyasi, iqtisadi güc mərkəzlərinə çevirməyi bacarmış, onu yeni intibah mərhələsinə qovuşdurmuşdur.

Bu mənada Azərbaycan xalqı da özünü xoşbəxt saya bilər ki, kifayət qədər mürəkkəb və ziddiyyətlərlə dolu dövr kimi xarakterizə edilən XX əsrdə 30 ilə yaxın bir müddətdə Heydər Əliyev kimi xarizmatik lider ölkəmizə rəhbərlik etmiş, məhz bu dahi insanın yorulmaz fəaliyyəti, gərgin zəhməti sayəsində dövlətimiz sürətli, dönməz inkişaf yoluna qədəm qoymuşdur. Bu gün isə dövrünün alternativsiz lideri olan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan sürətli yüksəlişinin keyfiyyət etibarilə yeni dövrünü yaşamaqda, beynəlxalq hüququn kifayət qədər güclü, nüfuzlu subyekti qismində çıxış etməkdədir.

O da önəmli faktordur ki, Azərbaycanın həm çoxşaxəli xarakter daşıyan sürətli inkişafının, həmçinin dünya miqyasında tanınmasının, nüfuz sahibinə çevrilməsinin əsas özülü ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi ilk dönəmdə qoyulmuşdur. Hələ ötən əsrin 70-ci illərindən etibarən Azərbaycanın siyasi həyatı və bütünlükdə cəmiyyət Heydər Əliyevin göstərdiyi səylər nəticəsində yeni impuls və inkişaf parametrləri qazanaraq özünün inkişaf mərhələsinə qədəm qoymuş, həmin dövrdən başlayan böyük tarixi mərhələdə ümummilli liderin ideyaları Azərbaycanın həyatının başlıca gerçəkliyinə, inkişafının təməl daşına çevrilmişdir. Azərbaycanın hələ SSRİ tərkibində olarkən xarici iqtisadi əlaqələrinin sistemli olaraq artırılması və dünya iqtisadiyyatına daha dərin bir şəkildə inteqrasiya prosesinin müəllifi də məhz ulu öndər Heydər Əliyevdir. Azərbaycançılıq məfkurəsinin genişləndirilməsini qarşıya əsas məqsədlərdən biri kimi qoyan ulu öndərin məqsədyönlü siyasəti və fəaliyyəti nəticəsində Azərbaycan artıq "dəmir pərdələri" aralayaraq beynəlxalq miqyasa çıxmağa nail ola bilmişdi.

1982-ci ildə Sov. İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini seçildikdən sonra da Heydər Əliyev öz qayğı və diqqətini Azərbaycandan əskik etməmiş, Sovet İttifaqının rəhbərlərindən biri olaraq daim doğma Azərbaycanda başladığı quruculuq işlərinə, milli oyanışa hərtərəfli dəstək vermiş, onun xarici əlaqələrinin mütəmadi olaraq genişlənməsinə çalışmışdır. Lakin çox təəssüf ki, ulu öndərin SSRİ rəhbərliyindən getməsindən sonra Azərbaycanda mövcud inkişaf tənəzzüllə əvəzlənmiş, eyni zamanda ermənilər Azərbaycan ərazilərinə iddialarını açıq şəkildə meydana qoymuşlar ki, bu da nəticə etibarilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranmasına səbəb olmuşdur. Bütün bunlar tarixi zərurətdən irəli gələrək SSRİ-nin dağılması və aparılan milli mübarizə nəticəsində qazanılan dövlət müstəqilliyinin ilk illərindəcə Azərbaycanın böyük problemlərlə üzləşməsinə rəvac vermişdir.

Ermənistanın ölkəmizə təcavüzü nəticəsində ərazilərimizin beşdə bir hissəsinin işğal altına düşməsi, 1 milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrilməsi, ictimai-siyasi proseslərin hər keçən gün daha gərgin məcrada inkişaf etməsi, ölkə iqtisadiyyatında idarəetmə və istehsal nizamının pozulması, bu qəbildən olan digər hallar vəziyyəti davamlı olaraq ağırlaşdırırdı. Bütün bunlar isə dövlətçiliyin və müstəqilliyin məhvini qaçılmaz edirdi. Yaşanan problemlər kontekstində artıq öz suverenliyini itirmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycan xalqı yenə də müdriklik göstərərək böyük oğlu, nüfuzlu dövlət xadimi, ümummilli lideri olan Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasını təkidlə tələb etdi. 1993-cü ildə xalqının istəyinə uyğun olaraq ikinci dəfə hakimiyyətə gələn ulu öndər milli dövlətçilik konsepsiyasının əsasını qoymaqla onun inkişafına təkan verdi, ölkədə getdikcə gərginləşən iqtisadi və siyasi böhranların qarşısı alındı, daxili sabitlik təmin olundu.

Azərbaycanı dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən hifz edən, onu yaranmış ağır vəziyyətdən çıxarıb beynəlxalq birliyə inteqrasiyasını və dünyanın hüquqi arenasında öz layiqli yerini tutmasını təmin edən, əsl liderlik keyfiyyətlərinə, böyük dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölkənin yeni inkişaf strategiyasını, o cümlədən də xarici siyasət prioritetlərini müəyyən etdi. Həyatını təmənnasız olaraq mənsub olduğu xalqa xidmətə həsr edən ulu öndər böyük uzaqgörənliklə ilk növbədə Azərbaycanı geosiyasi oyunlar məngənəsindən çıxarıb onu öz milli maraqlarını hər zaman qorumaq iqtidarına malik olan həqiqi müstəqil dövlətə çevirdi.

Xalqın firavanlığı və ölkənin davamlı inkişafı üçün ilkin şərt olan Azərbaycanın müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi istiqamətində uğurlu strategiyanın həyata keçirilməsinə başlayan ulu öndər bu istiqamətdə titanik fəaliyyət göstərmişdir. Ümummilli liderin həyata keçirdiyi uğurlu siyasət sayəsində ölkədə planlı təsərrüfatdan bazar iqtisadiyyatına müvəffəqiyyətlə keçid prosesi başlanmış, iqtisadiyyatın tarazlı tərəqqisinin təmin olunması sahəsində kompleks tədbirlərin həyata keçirilməsinə start verilmiş, əhalinin maddi rifah halı yüksələn xətt üzrə inkişaf etmişdir. Eyni zamanda ölkəmizdə sosial bərabərliyə nail olunmuş, hamı üçün mümkün ola bilən təhsil, səhiyyə, mədəniyyət sistemləri inkişaf etdirilmiş, vətəndaşlara göstərilən dövlət yardımları artırılmış, əməyin qorunması prosesi güclənmişdir.

Ulu öndərin həyata keçirdiyi təxirəsalınmız tədbirlərin nəticəsi kimi Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmışdır. Fəaliyyətinin başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən Heydər Əliyevin apardığı siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur.

Bunların fonunda isə Ermənistanla gedən müharibədə atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, nəticədə 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəs razılaşması əldə edilmişdir. Ermənistanla atəşkəsə nail olunması, qanunsuz hərbi birləşmələrin buraxılması və ölkə daxilində sabitlik yaratmaq yolunda atılan addımlar sayəsində yeni daxili və xarici siyasət xəttinin ardıcıllıqla həyata keçirilməsi üçün lazımi əlverişli şərait yaradılmışdır. Atəşkəsin qüvvəyə minməsi ilə Azərbaycan yeni inkişaf strategiyasının əsas məqsədlərini həyata keçirməyə, neft istehsalını artırmağa, ölkənin qüdrətinin əsas elementlərindən biri olan iqtisadiyyatın tərəqqisinə nail olmuşdur. 1994-cü ildə dünyanın aparıcı transmilli neft şirkətləri ilə yeni tariximizə "Əsrin müqaviləsi" adı ilə daxil olan möhtəşəm kontrakt imzalanmış və bununla da ölkənin çoxvektorlu inkişafının, eyni zamanda enerji təhlükəsizliyinin möhkəm təməli yaradılmışdır. Əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsi, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi ümumi inkişaf prosesinin yeni vüsət almasına səbəb olmuşdur.

Azərbaycanın bütün regionları, o cümlədən ölkə iqtisadiyyatına həmişə öz xüsusi çəkisi ilə seçilən Abşeron rayonu da ulu öndərin xüsusi diqqət və qayğısı nəticəsində dinamik tərəqqi dövrünə qədəm qoydu. Rayonda məcmu istehsalın həcmi artmağa, rəqabətədavamlı yeni və yüksək keyfiyyətli məhsullar buraxılmağa başlanmışdır. Bu da öz növbəsində rayonda iqtisadi fəallıq dərəcəsinin artmasına, əhalinin sosial rifah halının yüksəlməsinə ciddi təsir göstərmişdir.

Ulu öndərin rəhbərliyi altında neft sektoru ilə yanaşı, eyni zamanda planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid üçün digər sahələrdə də genişmiqyaslı islahatlara başlanıldı. Bunlara paralel şəkildə Azərbaycanın siyasi, hüquqi, demokratik inkişafı daha dinamik hala gəldi, Heydər Əliyevin qətiyyəti sayəsində həyata keçirilən siyasi və hüquqi islahatlar Avropa standartlarına uyğun normativ qanunverici bazanın formalaşdırılması, demokratik dəyərlərin bərqərar olaraq tərəqqisi üçün münbit zəmin yaradılması ilə nəticələndi. Məhz bu səylərin nəticəsində 2001-ci il yanvarın 25-də Azərbaycan Avropa Şurasına üzv olmaqla rəsmi şəkildə Avropa ailəsinə inteqrasiya etdi. Eyni zamanda dünya ictimaiyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə əsl həqiqətlərdən xəbərdar oldu, beynəlxalq təşkilatlar tərəfindən ölkəmizin işğala məruz qalması, ərazi bütövlüyünün pozulması ilə bağlı yeni qətnamə və digər sənədlər qəbul olundu.

Bu xüsusda Azərbaycan Avropa Şurasının tribunasından fəal şəkildə istifadə etməyə başladı. Ölkəmizin quruma üzvlüyündən sonra AŞ PA-da Azərbaycanı təmsil edən nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin təşəbbüskarlığı və diplomatik fəallığı nəticəsində elə ilk sessiyadan etibarən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri özündə əks etdirən sənədlər yayılmağa başladı. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsilə bağlı qurumda növbəti uğuru isə 2002-ci ilin payız sessiyasına təsadüf etdi. Sessiyada ermənilərin ciddi müqavimətinə baxmayaraq, Azərbaycanın təkidi ilə Ermənistan barədə qətnaməyə Azərbaycan torpaqlarının işğal olunması, qaçqınlar və məcburi köçkünlərin bu işğal nəticəsində öz torpaqlarından didərgin düşməsi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri barədə düzəlişlər edildi. Bu məsələlər Azərbaycana aid qətnamədə də öz əksini tapdı.

2003-cü ilin yanvarında Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin AŞ PA-nın sədr müavini və büro üzvü vəzifələrinə seçilməsilə ölkəmizin bu qurumla əlaqələri bir qədər də yüksək səviyyəyə çatdı. Bundan sonra Azərbaycanın qurumda yeni bir uğuru 2003-cü ilin yay sessiyasında qeydə alındı. Həmin sessiyada "Avropada muxtar vilayətlərin müsbət təcrübəsi" məsələsi ətrafında müzakirələr aparılırdı. Burada məhz cənab İlham Əliyevin təklifi ilə muxtar vilayətlərin ərazi bütövlüyünü pozmaq səlahiyyətlərinə malik olmadığı barədə müddəa sənədə əlavə edildi. Yenə də ermənilərin ciddi müqavimətinə baxmayaraq, cənab İlham Əliyevin qətiyyətli mövqeyi onların geri çəkilməsinə səbəb oldu. Beləliklə, sözügedən sənədə "muxtariyyət verilməsi dövlətin özünün suverenliyinə və ərazi bütövlüyünə əsaslanmalıdır" cümləsi əlavə edildi. Bu, faktiki olaraq, Dağlıq Qarabağdakı separatçı rejimin müstəqillik tələblərinin qarşısına sədd çəkən çox mühüm bir addım idi. Ümumiyyətlə, cənab İlham Əliyevin qurumda ölkəmizi təmsil edən nümayəndə heyətinə rəhbərlik etdiyi dövrdə AŞ PA-da Azərbaycan həqiqətlərini özündə əks etdirən 30-a yaxın sənəd hazırlanmış və təşkilatın rəsmi sənədləri kimi yayılmışdır.

Beləliklə, Azərbaycanın yeni tarixinə həlledici zaman kəsiyi kimi daxil olmuş 1993-2003-cü illərdə ölkəmiz ulu öndər Heydər Əliyevin rəhbərliyi altında sabit sosial-iqtisadi inkişaf yoluna qədəm qoymaqla yanaşı, daxili əmin-amanlığına da qovuşmuş, dünya birliyinə özünü beynəlxalq hüququn müstəqil subyekti kimi təqdim edə bilmişdir. Ümummilli liderin müəyyən etdiyi bu inkişaf strategiyası hazırda onun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdə, Azərbaycanı liderlər cərgəsinə yüksəltməkdədir. Cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən və ilk növbədə sosialyönümlü problemlərin kompleks həllinə geniş imkanlar açan səmərəli islahatlar, imzalanan mühüm fərman və sərəncamlar ölkəmizdə müşahidə olunan iqtisadi inkişafın sürətləndirilməsinə xidmət etməklə yanaşı, dünya miqyasında Azərbaycanın mövqelərini daha da möhkəmləndirməkdədir.

Birmənalı şəkildə qəbul olunmuş həqiqətdir ki, son səkkiz ildə dövlət başçısı İlham Əliyevin titanik fəaliyyəti nəticəsində ulu öndər Heydər Əliyevin ideyaları böyük uğurla həyata keçirilir, Azərbaycanın beynəlxalq nüfuzu durmadan artır, ölkənin iqtisadi qüdrəti ildən-ilə yüksəlir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, son 8 il ərzində Azərbaycan əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun orta artım tempinə görə dünya dövlətlərinin reytinq cədvəlində ilk yerdə durur. Məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində ölkədə yoxsulluğun səviyyəsi 2001-ci ildəki 49 faizdən 2010-cu ildə 9,1 faizə qədər azalmışdır.

Regionların inkişafı, yoxsulluğun və işsizliyin azaldılmasını nəzərdə tutan dövlət proqramlarının həyata keçirilməsi, ölkə iqtisadiyyatının diversifikasiyasının təmin edilməsi, qeyri-neft sektorunun dayanıqlı inkişafı, prioritet sahələrə iri həcmli investisiyaların yönəldilməsi regionlarda müasir infrastruktur layihələrinin reallaşdırılması, yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması üçün zəmin yaratmış və bütün bunların nəticəsi olaraq 2004-2011-ci illər ərzində ölkədə 1 milyona yaxın yeni iş yeri açılmışdır.

BMT-nin İnkişaf Proqramının əhalinin rifah səviyyəsini əks etdirən İnsan İnkişafı Hesabatında Azərbaycanın sosial sahədə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirilmişdir. İnsan inkişafı üzrə 2005-ci ildə 101-ci yerdə qərarlaşan Azərbaycan öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq, 2010-cu ildə 67-ci yerə yüksəlmişdir. 2000-2010-cu illər üzrə ölkəmiz MDB ölkələri arasında insan inkişafı indeksinə görə ən yüksək göstəriciyə nail olmuş və "orta insan inkişafı" qrupundan "yüksək insan inkişafı" qrupuna keçmişdir. Azərbaycan iqtisadiyyatının keçdiyi inkişaf yolunun nümunəviliyini və effektivliyini dünya miqyasında isbata yetirən ən mühüm hadisələrdən biri şübhəsiz ki, ötən il özünün zirvə nöqtəsinə çatan və əksər ölkələrin hələ də fəsadlarını tam aradan qaldırmaqda çətinlik çəkdiyi qlobal maliyyə böhranı olmuşdur. Qlobal böhran dövründə Azərbaycan nəinki ümumi daxili məhsulun 9,3 faiz həcmində artımına nail olaraq yenə də bu göstərici üzrə dünya lideri olmuş, eyni zamanda iqtisadi sahədə keçid dövrünü başa vurmaq kimi möhtəşəm bir uğurun müəllifi kimi çıxış etmiş, eləcə də həm iqtisadi, həm də siyasi anlamda regional güc mərkəzi kimi formalaşdığını bir daha sübuta yetirmişdir.

Azərbaycanın əldə etdiyi sosial-iqtisadi nailiyyətlər nüfuzlu beynəlxalq reytinq agentlikləri tərəfindən də qeyd edilir. Dünya İqtisadi Forumu tərəfindən dərc edilən dünya ölkələrinin rəqabət qabiliyyətliliyi səviyyəsini xarakterizə edən "Qlobal Rəqabət Qabiliyyəti İndeksi" hesabatlarında Azərbaycan 142 ölkə arasında 55-ci yerə layiq görülmüş və beləliklə də son 7 hesabat ərzində ölkəmizin mövqeyi 14 pillə yaxşılaşmışdır. Bu göstəriciyə görə artıq son 3 illik hesabatdır ki, ölkəmiz MDB ölkələri arasında birinci yerdədir. "Dünya Rəqabət Qabiliyyəti İndeksi 2011-2012" hesabatında Azərbaycan bir sıra alt göstəricilər üzrə də yüksək nəticələr əldə etmişdir.

Hazırda iqtisadi sahədə dinamik inkişafını davam etdirən Azərbaycan üçün ən önəmli cəhətlərdən biri yaşanan tərəqqinin paytaxt və regionlar arasında bərabər qaydada paylanmasıdır. Məhz bunun nəticəsidir ki, ölkə iqtisadiyyatının inkişaf tempinin daha sürətli hala gəlməsi üçün qəbul olunan müvafiq dövlət proqramları və onlara əlavələr paytaxt və regionların tarazlı, davamlı tərəqqisini, onların potensialının bir-birinə kömək mexanizmi üzərində qurulmasını, qeyri-neft sektorunun daha da möhkəmlənməsini, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılmasını, infrastrukturun yeniləşdirilməsini müvəffəqiyyətlə təmin edib. Azad bazar münasibətləri şəraitində sabit, sürətli inkişaf məntiqinə əsaslanan bu siyasət əhalinin sosial rifahının davamlı olaraq yaxşılaşması istiqamətində də mühüm nailiyyətlərin əldə olunması ilə müşayiət edilir.

Yaşanan inkişaf ölkə iqtisadiyyatında özünəməxsus çəkiyə malik olan Abşeron rayonunun simasında da aydın müşahidə edilir. Müasir, yaraşıqlı bir görkəmə malik olan Abşeron Azərbaycanın günü-gündən yeniləşən simasını özündə əks etdirməklə  sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin miqyasını davamlı olaraq genişləndirir. Regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş birinci və ikinci dövlət proqramları, həmçinin Bakı və onun ətraf qəsəbələrinin inkişafı ilə bağlı dövlət başçısının təsdiqlədiyi yeni proqram ölkəmizin bütün şəhər, qəsəbə və kəndlərinin simasının tanınmaz dərəcədə dəyişməsinə, mərkəzdə və regionlarda nəhəng infrastruktur layihələrinin həyata keçirilməsinə, dünya standartlarına uyğun magistral yollar çəkilməsinə, yol ötürücüləri və körpülər salınmasına, ən müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə gətirib çıxarmışdır.

Prezident İlham Əliyevin respublikanın regionlarına ardıcıl ənənəyə çevrilmiş çoxsaylı səfərləri, sıravi vətəndaşlarla səmimi görüşləri zamanı isə qaldırılan məsələlər həll olunmuş, mövcud problemlərin operativ aradan qaldırılması təmin edilmişdir. Dövlət başçısının dəfələrlə vurğuladığı kimi, onun fəaliyyətinin başlıca məqsədi doğma xalqının müstəqil, azad və firavan yaşamasını təmin etməkdir. Bunu cənab Prezidentin Abşeron rayonuna göstərdiyi daimi diqqət və böyük qayğısında da aydın görmək mümkündür. Son beş ildə dövlətimizin başçısı Abşeron rayonunun mərkəzi sayılan Xırdalanda, eləcə də rayon ərazisində aparılan tikinti-quruculuq obyektlərində 9 dəfə olmuşdur. Bu görüşlər zamanı Azərbaycan Prezidentinin verdiyi müvafiq göstəriş və tövsiyələr, tikintisi başa çatdırılmış nəhəng müəssisələrin açılışında və təməlqoyma mərasimlərində şəxsən iştirak etməsi, regionumuzun sosial-iqtisadi inkişafında mühüm əhəmiyyətə malik infrastruktur layihələrinin reallaşmasına göstərdiyi qayğı nəticəsində qısa müddətdə yaşayış məntəqələrimizin siması tanınmaz dərəcədə dəyişmişdir.

Abşeron sakinləri 2006-2011-ci illər ərzində rayonda bərqərar olmuş geniş quruculuq tendensiyasını, sürətli sosial-iqtisadi inkişafı məhz Prezident İlham Əliyevin uğurlu fəaliyyəti ilə birmənalı əlaqələndirir və dövlət başçısının qərarı ilə Xırdalan qəsəbəsinə şəhər statusu verməklə şəhərin 40 ildən artıq bir vaxtda rayondan təcrid olunmuş 416 hektar ərazisinin qaytarılmasını böyük məmnunluq hissi ilə qarşılayırlar.

Sürətlə şəhərləşən Xırdalanda qısa müddətdə ulu öndər Heydər Əliyevin əziz xatirəsinə layiq unikal mədəniyyət və istirahət parkı salınmış, burada ümummilli liderin şərəfinə ucaldılmış abidə kompleksi, Heydər Əliyev Mərkəzi yaradılmışdır. Heydər Əliyev prospekti əsaslı qaydada yenidən qurulub genişləndirilmiş, yaşıllaşdırılmış, prospekt boyu göz oxşayan dayaqlar üzərində quraşdırılmış yaraşıqlı gecə işıqları, hər iki tərəfdən ictimai binaların, fərdi evlərin, xidmət obyektlərinin, həyət divarlarının fasadlarının milli ornamentlər və müasir üzlük materialları ilə işlənməsi Xırdalan şəhərinin ümumi mənzərəsinə xüsusi gözəllik verir. Burada inşa olunmuş yüksək mərtəbəli yaşayış evləri, inzibati binalar, nəfis layihələr əsasında tikilib istifadəyə verilmiş sosial obyektlər, ticarət, iaşə və məişət xidməti müəssisələri şəhərin möhtəşəmliyini, müasirliyini əks etdirir.

Ötən əsrin 80-ci illərindən sonra ümumiyyətlə məktəb tikintisi aparılmayan rayonda son beş il ərzində 14 ədəd yeni (o cümlədən təkcə Xırdalan şəhərində beş ədəd) tam orta məktəb, 70-ə yaxın sinif otağı olan üç əlavə tədris korpusları, 6 ədəd uşaq bağçası tikilib istifadəyə verilmişdir. Tədris-tərbiyə müəssisələrinin şəbəkəsinin genişləndirilməsinə Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əməli yardımı bu gün razılıq hissi ilə bir daha qeyd edilir. Fondun maliyyə dəstəyi ilə rayonumuzda üç tam orta məktəb kompleksi tikilmiş, inşa olunduğu 40 ilə yaxın müddətdə təmir edilmədiyindən bərbad vəziyyətə düşmüş, bütün kommunikasiya şəbəkəsi sıradan çıxmış, bərk və yumşaq inventarları köhnəlmiş Saray qəsəbəsindəki 7 saylı internat evində yüksək keyfiyyətdə əsaslı təmir və bərpa işləri aparılmış, bütün avadanlıqlar təzələnmiş, geniş həyəti zövqlə abadlaşdırılaraq yaşıllaşdırılmışdır.

Dövlətin, onun başçısı İlham Əliyevin böyüməkdə olan nəslə sonsuz qayğısının nəticəsidir ki, rayonumuzda tədris müəssisələrinin sayı durmadan artır. Yeni dərs ilində ən gənc yaşayış məntəqəsi olan Qobustan kəndində 200 şagird yeri olan daha bir məktəb kompleksinin tikilib istifadəyə verilməsi bu qayğının bariz təzahürüdür. 2013-cü ilin sonunadək rayonumuzda daha səkkiz ümumtəhsil məktəbinin və bir o qədər də uşaq bağçasının tikilməsi nəzərdə tutulur. Əhaliyə yerində səhiyyə xidmətini yaxşılaşdırmaq məqsədilə Novxanı, Masazır, Mehdiabad və Hökməli yaşayış məntəqələrində poliklinika tipli, ikimərtəbəli geniş həkim məntəqələri, Güzdək, Aşağı Güzdək, Məmmədli, Ceyranbatan və Görədildə ambulatoriyalar, Qobustan kəndində feldşer-mama məntəqəsi tikilib istifadəyə verilmişdir. Bütün səhiyyə ocaqları fərdi istilik sistemləri, lazımi tibbi avadanlıqla təmin olunmuşdur.

Mədəniyyət ocaqlarının şəbəkəsi də xeyli genişləndirilmiş, Fatmayı kəndində müasir klub və kitabxana binaları, Ceyranbatan qəsəbəsində uşaq incəsənət məktəbi, kütləvi kitabxana, geniş konsert zalı olan mədəniyyət mərkəzinin möhtəşəm binası tikilib istifadəyə verilmişdir. Hazırda Qobu qəsəbəsində daha əzəmətli mədəniyyət sarayının tikintisi davam etdirilir. Şəhər, qəsəbə və kəndlərimizdə abadlıq işlərinin miqyası ildən-ilə genişləndirilmiş, vətəndaşların rahatlığına xidmət edən 4 ədəd müasir park, 5 ədəd xiyaban salınmış, küçə və yollara üç milyon kvadratmetr asfalt örtük çəkilmiş, yeni yaşayış massivlərinin küçələrinə 2,9 milyon kubmetr çınqıl döşənib yayılmışdır. Yaşayış məntəqələrinin mərkəzlərindən keçən küçələrdə və avtomagistralların ətraflarında yerləşən tikililərin və hasarların fasadları 72.800 min kvadratmetr göz oxşayan ornamentlərlə bəzədilmiş örtük materialları ilə üzlənmişdir. Abadlıq işlərinin miqyası ildən-ilə artır.

Bu gün rayon iqtisadiyyatının elə bir sahəsi yoxdur ki, orada yüksəliş əldə edilməsin. Kənd təsərrüfatının rayon üçün ənənəvi sahələri olan heyvandarlığın, bağçılıq və tərəvəzçiliyin intensiv yollarla inkişafı istiqamətində uğurlu addımlar atılmışdır. Dövlət tərəfindən edilən güzəştlərdən bəhrələnən rayon istehsalçıları region üçün qiymətli ərzaq olan zeytun sahələrinin genişləndirilməsi, yeni üzümlüklər salınması, örtülü yerlərdə tərəvəz yetişdirilməsi və digər yöndə öz fəaliyyətlərini genişləndirmişlər.

Fərəhli haldır ki, artıq rayonumuzun inkişaf perspektivi də nəzərə alınmaqla elektrik enerjisi ilə tam təmin edəcək 50 meqavatamperlik Masazır yarımstansiyasının tikinti-quraşdırma işləri başa çatdırılmışdır. Təbii qaz şəbəkəsi bütünlüklə yenidən qurulur. Bu günədək 650 min metr uzunluqda daşıyıcı kəmər quraşdırılmışdır. Yeni yaşayış massivləri qazlaşdırılmaqla Güzdək, Qobu, Digah, Məmmədli, Çaylı-Qobustan, Fatmayı yaşayış məntəqələrində yenidənqurma başa çatdırılmış, Hökməlinin "At yalı" və "Nübar" yeni yaşayış massivlərində, Xırdalan şəhərində, Saray və Masazırda tamamlama işləri sürətlə davam etdirilir. İçməli su təminatındakı problemlər də tədricən aradan qaldırılır.

Abşeron sakinlərinin rifahına xidmət edən quruculuq işlərinin genişləndirilməsi rayonun sosial-iqtisadi inkişafına geniş imkanlar açmışdır. Ümumi məhsul buraxılışının həcmi 2003-cü illə müqayisədə 5,1 dəfə artaraq 2010-cu ildə 250,3 milyon manata, kənd təsərrüfatı məhsullarının həcmi isə 2,4 dəfə artaraq 42,1 milyon manata çatmışdır.

Rayonda istehsal olunan sənaye məhsulunun orta illik həcmi 1991-ci ildəki 2 milyon 342 min manatlıqdan 2005-ci ildə 23 milyon 441 min manatlığa, 2011-ci ildə isə 105 milyon 134 min manatlığa çatdırılmışdır. Bu illər ərzində istifadəyə verilmiş əsas fondlar 740 min manatdan 20 milyon 750 min manata yüksəlmişdir. Rayonun büdcəsi 2005-ci ildə 4 milyon 754 min manat olduğu halda, 2011-ci ildə 5,1 dəfə artaraq 24 milyon 27 min manata çatmışdır. İri istehsal və xidmət müəssisələrinin tikilib istifadəyə verilməsi, iqtisadiyyatın inkişafı rayon büdcəsinin yerli gəlirlər hesabına formalaşmasına zəmin yaratmışdır. Rayon üzrə orta aylıq əməkhaqqı 2005-ci ildəki 70,6 manatdan 2011-ci ildə 260,5 manata çatmış, başqa sözlə 3,7 dəfə artmışdır. Son yeddi ildə rayonda 12114 yeni iş yeri açılmışdır. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı rayonumuzda da uğurla həyata keçirilir. "Azərbaycan Respublikası 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Abşeron rayonunun da yaşayış ərazilərindəki sosial və ictimai obyektlərin təbii qazla, içməli su ilə təminatında xeyli iş görülmüşdür.

Təqdirəlayiq haldır ki, bu gün tərəqqisi hərtərəfli xarakter daşıyan Azərbaycanın əldə etdiyi nailiyyətlərdə Abşeronun da özünəməxsus payı var və ümumi inkişafa rayonun verdiyi töhfələr ildən-ilə artır. Hazırda dinamik inkişafını inamla davam etdirən, ulu öndər Heydər Əliyevin memarı və qurucusu olduğu müstəqil Azərbaycan möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında sürətli tərəqqi yolu ilə gedərək daha böyük nailiyyətlərə imza atmaqda, beynəlxalq aləmdə nüfuzunu artırmaqda, region dövlətləri arasında lider statusunu daha da möhkəmləndirməkdədir. Həmişə olduğu kimi, bundan sonra da Abşeron sakinləri Prezident İlham Əliyevin müstəqil Azərbaycanın daha da qüdrətlənməsi naminə yeritdiyi daxili və xarici siyasəti tam dəstəkləyəcək, Vətənin çiçəklənməsi üçün əllərindən gələni əsirgəməyəcək, bunun üçün hər zaman səfərbər olacaqlar.

 

 

Zakir FƏRƏCOV,

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı

 

Azərbaycan.- 2011.- 16 noyabr.- S. 6.