Uşaqların İkinci Ümumrespublika Forumunun iştirakçılarına

 

 Hörmətli Forum iştirakçıları!  

Əziz uşaqlar!

Sizi - Uşaqların İkinci Ümumrespublika Forumunun iştirakçılarını və bütün uşaqları səmimi qəlbdən salamlayır, hamınıza cansağlığı, xoşbəxtlik və həyatınızda nailiyyətlər arzulayıram.

Bu il Azərbaycanın öz dövlət müstəqilliyinin bərpasının iyirmi illik yubileyini qeyd etməsi ilə əlamətdardır. Forumunuzun iştirakçısı olan uşaqlar da məhz müstəqillik illərində dünyaya göz açmışlar. İnanıram ki, azərbaycançılıq ruhunda tərbiyə almaqla siz mənən zəngin bir nəsil kimi yetişəcək, respublikamızın gələcək illərdə də inkişafı və uğurlar qazanması naminə töhfələrinizi əsirgəməyəcəksiniz.

Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir. Uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının başlıca müddəalarını özündə ehtiva edən Azərbaycan Respublikasının Uşaq Hüquqları haqqında Qanunu 1998-ci ildə qəbul olunmuşdur. Həmin vaxtdan etibarən ötən müddət ərzində bununla əlaqədar milli qanunvericiliknormativ-hüquqi aktlar mütəmadi təkmilləşdirilmiş, uşaqların hüquqlarının müdafiəsinə, onların geniş dünyagörüşlüsağlam ruhda böyüməsinə yönəlmiş bir çox dövlət proqramları həyata keçirilmişdir. Ümidvaram ki, sizin forum respublikamızda uşaqlarla bağlı ardıcıl aparılan dövlət siyasətinin həqiqi davamına və tərkib hissəsinə çevriləcəkdir.

Forumunuzun işinə uğurlar diləyir, hər birinizə müvəffəqiyyətlər arzu edirəm.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 noyabr 2011-ci il

 

Azərbaycan.- 2011.- 17 noyabr.- S. 1.