Dünya geosiyasəti: Azərbaycandan baxış

 

 Geosiyasəti dövlətin "coğrafi zəkası" adlandırırlar. Müxtəlif dövlətlərin və dövlətlərarası birliklərin nüfuz dairələrinin bölünməsi və yenidən bölünməsi qanunauyğunluqlarını öyrənən bu fənlərarası bilik sahəsi XXI əsrdə xüsusi diqqət obyektinə çevrilmişdir. Bu da təsadüfi deyildir: axı, bizim gözlərimiz önündə baş verən qızğın proseslər dünya nizamında ciddi dəyişikliklərlə müşayiət olunur, bəzi dövlətlər öz əvvəlki qüdrətini itirir, yeni güc mərkəzləri yaranır, onların təsiri çox böyük məkanlara yayılır, "rəngli inqilablar", "ərəb baharı", çoxsaylı lokal münaqişələr dünyanın geosiyasi xəritəsinin dəyişməsinə gətirib çıxarır.

Bu mənada "Azərbaycan" nəşriyyatında "Geosiyasətə giriş" adlı ikicildliyin çapdan çıxması mühüm hadisədir. Əsərin müəllifi Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri, professor Novruz Məmmədovdur. Bu kitab Azərbaycan dilində geosiyasətin bir bilik sahəsi kimi, habelə onun tədqiqat obyektinin - dünyanın geosiyasi strukturunun hərtərəfli öyrənilməsinə həsr edilmiş ilk nəşrlərdən biridir.

Müəllif öz əsərini xalqımızın dahi oğlu, müasir Azərbaycan dövlətinin banisi, böyük siyasidahi dövlət xadimi Heydər Əliyevin nurlu xatirəsinə həsr etmişdir. Bizim regionda yeni geosiyasi vəziyyətin yaranmasında, Azərbaycanın bütün Qafqazda güc mərkəzinə çevrilməsində xalqımızın ümummilli liderinin oynadığı böyük rolu, keçən əsrin axırları - bu əsrin əvvəlində dünyada baş verən proseslərə onun təsirini nəzərə alsaq, bu, tamamilə təbiidir.

Professor N.Məmmədov ikicildliyə müəllif müqəddiməsində yazır: "Cəmiyyətdə inqilabi dəyişikliklər və dünyanın geosiyasi strukturunun radikal transformasiyası geosiyasətin "yenidən kəşf olunması"nı tələb edir". Onun sözlərinə görə, geosiyasət müasir beynəlxalq münasibətlərdə mühüm yer tutur. Müəllif yazır: "Geosiyasi proqnozlar olmasa, ölkənin gələcəyini təsəvvür etmək mümkün deyil. Açıq və qapalı cəmiyyətlər və iqtisadiyyatlarla səciyyəvi olan çoxqütblü dünyada dövlət xadimi geosiyasi təfəkkürə malik olmalıdır. Lakin geosiyasətin təkcə siyasətçilər üçün vacib olmasını vurğulamaq kifayət deyil, çünki o, həmçinin ümumtəhsil mədəniyyətinin tərkib hissəsinə çevrilməkdədir. Geosiyasət haqqında təsəvvürlər cəmiyyətdə fəal mövqe tutmağa çalışan hər bir insan üçün faydalıdır". Nəşrin məqsədi də buradan irəli gəlir. N.Məmmədovun sözlərinə görə, məqsəd geosiyasi informasiya, ziddiyyətli qloballaşmaregionallaşma prosesləri şəraitində səmərəli siyasət yeritməyə kömək edən analitik təfəkkür formalaşdırmaqdır. İkicildliyin əsas vəzifəsi isə "dövlətin beynəlxalq səhnədə davranışını müəyyən edən bazis amillərinin toplusunun genişləndirilməsi hesabına geosiyasətin coğrafiiqtisadi detertinizmin ənənəvi məhdudluğunu aradan qaldırmaqdan" ibarətdir.

Oxucu bu kitabda geosiyasət elminin dramatik taleyi ilə tanış olacaq, biləcəkdir ki, XX əsrdə bir sıra ölkələrdə ona mənfi münasibət göstərilməsinə baxmayaraq, bizim zəmanədə dirçələ bilmişdir. "Geosiyasətin nəzəri əsasları" adlanan birinci cilddə geosiyasətin bir elm sahəsi kimi yaranmasının, onun əsas anlayışlarının formalaşmasının və inkişafının tarixi izlənilir. Burada geosiyasətin nəzəri qaynaqları, qanunauyğunluqları, kateqoriyaları, metodoloji paradiqmaları, tədqiqat metodları, funksiyaları və aktorları nəzərdən keçirilir. Bu cildin ayrıca bir fəsli geosiyasət elminin banilərinə, o cümlədən "geosiyasət" terminini elmi dövriyyəyə daxil etmiş isveçli politoloq və dövlətşünas Rudolf Çellen, hələ 1987-ci ildə "siyasi coğrafiya" adlı kitab nəşr etdirmiş alman coğrafiyaşünası Fridrix Ratsel, britaniyalı coğrafiyaşünas Helford Makinder, habelə Karl Hausxofer, Karl Şmitt, Nikolas Spaykmen  və başqalarına həsr edilmişdir.

Birinci cilddə müasir geosiyasi nəzəriyyə və məktəblər, o cümlədən müasir atlantizm, mondializm, yeni avrasiyaçılıq ətraflı təhlil edilir, postmodernizm dövrünün geosiyasi təlimlərindən bəhs olunur.

İkinci cild müasir geosiyasi proseslərə həsr edilmişdir. Burada ABŞ, Avropa, Rusiya, Çin, Hindistan, Yaponiya müsəlman dövlətlərinin geosiyasətinə xüsusi diqqət yetirilir. Kitabda müasir dünya nizamı, beynəlxalq aləmdə baş verən əsas geosiyasi hadisələr təhlil edilir, planetin geosiyasi xarakteristikası verilir, geosiyasi güc mərkəzləri onların arasında münasibətlər, qloballaşmaqda olan dünyada geosiyasi məsələlərə yeni baxışlar, dövlətlərin öz milli mənafeləri uğrunda mübarizəsi, inkişafın indiki mərhələsində beynəlxalq təşkilatların maliyyə təsisatlarının artan rolu, mövcud təhlükələr bəşəriyyətə təhdidlər, iqtisadi, siyasi enerji təhlükəsizliyi məsələləri ətraflı nəzərdən keçirilir.

Müasir regional geosiyasi kontekstdə təqdim edilmiş Azərbaycana həsr olunmuş fəsil xüsusi maraq doğurur. Burada ölkəmizin müstəqillik illərində keçdiyi yol sistemli şəkildə təhlil edilir, XX əsrin sonu - XXI əsrin əvvəlində dünyada baş verən geosiyasi dəyişikliklər şəraitində Azərbaycan dövlətçiliyinin təşəkkülü inkişafının əsas meyilləri göstərilir, müəllifin yazdığı kimi, "ilk növbədə ölkənin milli maraqlarının formalaşması təmin edilməsi ilə əlaqədar olan" əsas inkişaf prioritetlərindən bəhs edilir.

Şübhə yoxdur ki, kitabın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin geosiyasi aspektlərinə həsr edilmiş bölməsi oxucular üçün maraqlı olacaqdır. Bu bölmədə Azərbaycanın təhlükəsizliyinə ən böyük təhdid mənbəyi olan bu münaqişənin tarixi, onun tənzimlənməsi prosesi barədə ətraflı söhbət açılır, Azərbaycanın iqtisadi hərbi qüdrətinin artması, bütün sahələrdə güclənməsi Ermənistan rəhbərliyinin həyata keçirdiyi siyasətin girovuna çevrilən bu ölkənin getdikcə zəifləməsi ilə səciyyəvi olan yeni geosiyasi şərait təhlil edilir.

Kitabda mövzular üzrə xəritələr yerləşdirilmişdir. "Geosiyasətə giriş" ikicildliyinə terminlər lüğəti, adlar göstəricisi, Azərbaycan, türk, ingilis, fransız, alman rus dillərində istifadə edilmiş tövsiyə olunan ədəbiyyat siyahısı da daxildir.

Tarix elmləri doktoru, professor, ikicildliyin elmi redaktoru Pərvin Darabadinin kitaba yazdığı ön sözdə deyilir: "Novruz Məmmədovun fundamental tədqiqatı, bütövlükdə Azərbaycan siyasətşünaslıq elminə böyük töhfədir sözsüz ki, beynəlxalq siyasət mütəxəssislərinin, həmçinin oxucu kütləsinin marağına səbəb olacaqdır".

Məşhur amerikalı siyasətçi politoloq Zbiqnev Bjezinski yazırdı ki, geosiyasət "dünya şahmat taxtası üzərində mövqe oyunu" nəzəriyyəsidir. Fikrimizcə, Novruz Məmmədovun əsəri bu "mövqe oyunu"nun sirlərinə yiyələnmək istəyənlər üçün yaxşı mənbə olacaqdır. 

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 18 noyabr.- S.  7.