Uşaqların hüquqlarının təmin olunmasında dövlət qurumları ilə vətəndaş cəmiyyətinin əməkdaşlığı genişləndirilir

 

Noyabrın 18-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, BMT-nin Uşaq Fondu (UNİCEF) və Əhali Fondu (UNFPA) nümayəndəliklərinin birgə təşkilatçılığı ilə "Uşaqların hüquqlarının təmin olunmasında dövlət qurumları və vətəndaş cəmiyyətinin əməkdaşlığı" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

Giriş sözü ilə çıxış edən insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova Azərbaycan  Konstitusiyasında insan hüquqlarının təsbit olunduğunu, ölkə Prezidentinin həyata keçirdiyi dövlət siyasətində uşaqlara xüsusi diqqət yetirildiyini, onların sağlam, gümrah, vətənpərvər böyüməsi, təhsili, fiziki və intellektual inkişafı, hüquqlarının müdafiəsi və təmini istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini vurğulamışdır. Ombudsman ölkədə digər hüquqlarla yanaşı, uşaq hüquqlarının müdafiəsi, təmini və təbliği sahəsində fəaliyyəti diqqətə çatdırmış, Avropa Şurasının Uşaqların cinsi istismar sui-istifadədən müdafiəsinə dair Konvensiyasının ölkəmiz tərəfindən imzalandığını diqqətə çatdırmışdır.

UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard BMT-nin Uşaq Hüquqları Konvensiyasının uşaqların insan hüquqlarını təsbit edən ilk icbari hüquqa malik beynəlxalq konvensiya olduğunu bildirmişdir. M.Herevard Ombudsman Aparatı ilə UNİCEF-in uşaq hüquqları üzrə birgə fəaliyyətini diqqətə çatdırmış, müstəqil uşaq müdafiə mexanizminin milli dəyərlərlə gücləndirilməsi məsələsinə toxunmuşdur.

Hökumət qurumlarının və QHT  nümayəndələrinin iştirak etdiyi tədbirdə "Uşaqların hüquqlarının müdafiəsi sahəsində dövlət siyasəti", "Gənclərin hüquqlarının təmin olunması sahəsində dövlət siyasəti" "Uşaqların təhsil hüquqlarının təmin olunması", "Uşaqların və gənclərin sosial müdafiəsi və mövcud çətinliklər", "Uşaqların hüquqlarının təmin olunmasında dövlət qurumları ilə vətəndaş cəmiyyətinin əməkdaşlığı" mövzularında məruzələr dinlənilmişdir.

Sonda "Ahıllıq uşaqların gözü ilə" mövzusunda keçirilən müsabiqənin qalibləri mükafatlandırılmışlar.

 

 

Azərbaycan.- 2011.- 19 noyabr.- S.7.