Dövlətə və xalqa layiqli xidmət nümunəsi

 

 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmiş, Heydər Əliyev partiyanın sədri seçilmişdir

 

 Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 19-cu ildönümü tamam olur. Bu tarix 550 mindən artıq insanı öz sıralarında birləşdirən, milyonlarla təəssübkeşi olan bir təşkilatın fəaliyyətində əhəmiyyətli məqam olmaqla yanaşı, həmçinin ölkəmizin müstəqillik tarixində əlahiddə siyasi hadisədir. Çünki ulu öndər Heydər Əliyevin yaratdığı YAP müstəqillik illərində Azərbaycan dövlətinin qazandığı bütün uğurların müəllifi olan hazırkı iqtidarın komandasını təşkil edən hakim partiya, siyasi mərkəzdir.

Müstəqillik tariximizdən bəlli olduğu kimi, ötən əsrin 90-cı illərinin əvvəllərində hakimiyyəti ələ alan bir sıra partiyaların yarıtmaz fəaliyyəti ölkədə ağır siyasi, iqtisadi və sosial böhran yaratmışdı. Bu partiyaların təmsil etdikləri iqtidarların anormal idarəetmə metodları daxili situasiyanı gərginləşdirməklə yanaşı, respublikamızın müstəqil dövlət kimi gələcək perspektivlərini ciddi təhlükə altına salmışdı.

Ölkədəki xaosun və qeyri-müəyyənliyin acı nəticələrini yaşamağa məhkum olan Azərbaycan xalqı belə bir şəraitdə vəziyyətdən çıxış yolunu axtarmağa başladı. Beləliklə, 1992-ci ilin  ağır günlərində YAP-ın cəmiyyətin sosial sifarişi olaraq yaranması və siyasi meydana çıxması mövcud ictimai-siyasi şəraitdən irəli gəlirdi. Partiyanın təsis konfransı Azərbaycanın bütün regionlarından gələn nümayəndələrin iştirakı ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirildi. Konfransda ulu öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. YAP-ın Proqram və Nizamnaməsi qəbul edildi.

O zaman YAP-ın yaranması Azərbaycanın siyasi həyatında böyük hadisəyə çevrildi. Bütün ölkə Heydər Əliyevin rəhbərlik etdiyi yeni partiyadan danışırdı. Vətəndaşlar kütləvi şəkildə YAP-ın sıralarına qoşulur, rayonlarda könüllü şəkildə təşkilatlanırdılar. Təsis konfransından bir neçə ay sonra YAP-ın sıralarında artıq minlərlə üzv var idi. Təbii ki, bu, o zamankı hakimiyyət dairələrini narahat etməyə bilməzdi. Amma yaradılan əngəllər, təzyiqlər YAP-ın ölkənin ən aparıcı siyasi partiyasına çevrilməsinin qarşısını ala bilmədi. Xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi reallıqdan irəli gələrək, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan YAP Azərbaycanın siyasi həyatına yeni nəfəs verdi, qurtuluş və tərəqqinin simvoluna çevrildi.

Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda Naxçıvandan Bakıya gələn YAP sədri Heydər Əliyevin həmin il oktyabrın 3-də ölkə Prezidenti seçilməsi ilə partiyanın həyatında yeni mərhələ başladı. Ümummilli lider Heydər Əliyevin Prezident seçilməsi Azərbaycan xalqının arzusunun reallaşması idi. Çünki xalq gözəl bilirdi ki, məhz təcrübəli dövlət xadimi Heydər Əliyev ölkəni bürümüş böhrandan, anarxiyadan, özbaşınalıqdan, dövlətçiliyi itirmək təhlükəsindən, vətəndaş qarşıdurmasından xilas edə, o cümlədən cəbhədəki uğursuzluqların qarşısını ala bilər. Xalq öz müdrik oğlu Heydər Əliyevə inanır və onu dəstəkləyirdi. Tarixi gedişat Azərbaycan xalqının öz istək və tələbində yanılmadığını, Heydər Əliyevi hakimiyyətə dəvət etməklə ən düzgün addım atdığını sübuta yetirdi.

Heydər Əliyevin Prezident seçilməsindən sonra ölkədə hakim partiyaya çevrilən YAP bu statusu qazandığı ilk gündən proqramında qarşıya qoyduğu vəzifələrin icrasına, ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirməyə, Azərbaycanı düçar olduğu təhlükə və böhranlardan qurtarmaq üçün özünün məqsədyönlü fəaliyyətinə başladı. Güclü lideri, mükəmməl proqramı, təkmil siyasi platforması, xalqın marağı naminə qətiyyət və prinsipiallığı sayəsində, digər tərəfdən azərbaycançılıq və dövlətçilik mövqeyində durduğu üçün öz sıralarında yüz minlərlə üzvü birləşdirən YAP əsl ümumxalq partiyasına çevrildi. Öz məramında və praktik fəaliyyətində demokratik prinsiplərə, ümumbəşəri dəyərlərlə milli xüsusiyyətlərin vəhdətinə, hüquqi dövlət, vətəndaş cəmiyyətinə, sərbəst iqtisadiyyat yaradılmasına üstünlük verdi, güclü sosial müdafiə proqramı ilə fəaliyyət göstərməyə başladı. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Əli Həsənovun yap.orq.az-a müsahibəsində YAP-ın Azərbaycan siyasi həyatına gətirdiyi yeniliklər barədə fikirləri partiyanın fəaliyyətinə olduqca dəqiq və dolğun yanaşmadır. "Yeni Azərbaycan Partiyasının hakimiyyətə gəlməsi ilə Azərbaycanda nümunəvi siyasi fəaliyyət ortaya qoyuldu. Yəni görünən odur ki, YAP Azərbaycanın siyasi sisteminin inkişafına yeni dinamizm gətirdi, siyasi mübarizənin sivil normalarını ortaya qoydu, demokratik dəyərlərin bərqərar olmasını, vətəndaş cəmiyyətinin formalaşmasını təmin edən elementləri cəmiyyət həyatına daxil etdi. YAP xalq üçün fəaliyyət göstərməyin nümunəsini ortaya qoydu" - deyə Əli Həsənov bildirib.

Yeni Azərbaycan Partiyasında Heydər Əliyev missiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hələ 1995-ci ildə partiyanın namizədi kimi parlament seçkilərində qələbə qazanan cənab İlham Əliyev təşkilatın gəncləşməsində, fəaliyyətinin daha effektiv qurulmasında müstəsna xidmətlər göstərmişdir. Bu baxımdan təsadüfi deyil ki, YAP-ın birinci qurultayında təşkilatın çoxminli üzvlərinin istəyinə uyğun olaraq cənab İlham Əliyev partiya sədrinin müavini, ikinci qurultayda isə sədrin birinci müavini seçilmişdir.

Ümummilli lider Heydər Əliyev 2003-cü ilin oktyabr ayının 1-də Azərbaycan xalqına müraciətində cənab İlham Əliyevlə bərabər, həm də YAP-a yüksək önəm verdiyini qeyd etmiş, xalqa ən düzgün seçim ünvanı kimi məhz İlham Əliyevi və YAP-ı göstərmişdir: "Üzümü sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir".

2003-cü və 2008-ci ilin oktyabr aylarında Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi prezident seçkilərinə qatılan cənab İlham Əliyevin qələbəsi həm də YAP-ın zəfəri, nailiyyəti idi.

2005-ci ilin mart ayında YAP-ın III qurultayının nümayəndələri çox məsuliyyətli bir seçimə imza ataraq cənab İlham Əliyevi partiyanın sədri seçdilər. Heydər Əliyevin siyasi əmanəti olan partiyaya sədr seçkisinə ulu öndərimizin ən layiqli davamçısı, şərəfli irsin daşıyıcısı cənab İlham Əliyev alternativsiz getdi.  Bu onu deməyə tam əsas verirdi ki, YAP-ın yüz minlərlə üzvü və sayı milyonu keçən təəssübkeşləri yeni sədrini yekdilliklə dəstəkləyir və onun ətrafında sıx birləşərək Yeni Azərbaycan quruculuğunda fəal iştirak etsinlər. Ötən müddət ərzində özünü tam doğruldan bu inam həm də YAP-ın daha böyük nailiyyətlər əldə etməsinə əsas zəmin oldu. Bu gün YAP-da Heydər Əliyev missiyası şərəflə, məsuliyyətlə, fədakarlıqla davam etdirilir, nəticəsi misilsiz nailiyyətlər olan alternativsiz siyasi kursla müşayiət olunur. Bu missiya əsasını ulu öndərin qoyduğu milli inkişaf strategiyasının daha genişmiqyaslı davamıdır.

Azərbaycan tarixində indiyə qədər 550 min üzvü olan siyasi təşkilat olmayıb. Bu  rəqəmə sadəcə statistika nöqteyi-nəzərindən baxılmamalıdır. Bu, insanların YAP-a, partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinə, YAP-ın sədri, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətə münasibəti, Azərbaycandakı ictimai-siyasi duruma verdikləri yüksək qiymətin göstəricisidir. YAP üzvlərinin fəal surətdə ölkəmizdə həyata keçirilən ictimai-siyasi proseslərdə iştirak etdiklərini nəzərə alsaq, bu, həm də partiya sədrinin, ölkə Prezidentinin həyata keçirdiyi siyasətin dəstəklənməsi və həmin siyasətin həyata keçirilməsində fəal iştirak etmək istəklərinin ortaya qoyulması deməkdir. Fərəhli haldır ki, Prezident İlham Əliyev YAP üzvlərinin cəmiyyətdə gedən siyasi və iqtisadi proseslərdə nümayiş etdirdikləri fəallığı yüksək qiymətləndirməklə bərabər, bu yönümdəki fəaliyyəti daha da genişləndirməyi məqsədəuyğun sayır.  Dövlət başçısı ölkəmizin əldə etdiyi bütün uğurların müəllifinin mövcud iqtidar, eyni zamanda hakimiyyətin siyasi istinadgahı olan YAP olduğunu bildirib. Hakim partiyanın cəmiyyətdə böyük nüfuz sahibi olduğunu və onun üzərində şərəfli missiya dayandığını söyləyən Azərbaycan Prezidentinin bu fikirləri YAP-ın fəaliyyətinə verilən real qiymət və təşkilatın malik olduğu potensialın dəqiqliklə qiymətləndirilməsidir: "Partiyamız bu illər ərzində güclənibdir. Yeni Azərbaycan Partiyası güclü təşkilatdır, Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında deyil. Hətta digər bütün siyasi qüvvələr birləşsələr, yenə də bizim işimizə, siyasətimizə bunun heç bir təsiri olmayacaqdır".

Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşib. Cənab İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın sıraları getdikcə daha da artmaqdadır. Bu, dövlətimizin başçısına, YAP-a Azərbaycan cəmiyyətində olan dərin inamdan və ehtiramdan irəli gəlir. Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən YAP ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir. YAP bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə ümummilli lider Heydər Əliyevin ideyalarını, məqsəd və məramlarını rəhbər tutaraq Azərbaycanın çiçəklənməsinə və dövlətçiliyimizin qüdrətlənməsinə böyük töhfələr verəcək.

 

 

 Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2011.- 20 noyabr.- S. 1.