Azərbaycan öz dəyərləri ilə dünyaya yaxından tanıdılmalıdır

 

 Son zamanlar Azərbaycanın bir sıra nüfuzlu beynəlxalq təşkilatların fəal üzvünə çevrilməsi müstəqilliyimizin bərpasından ötən 20 il ərzində aparılan uğurlu daxilixarici siyasətin məntiqi nəticəsi kimi qiymətləndirilir. Vaxtilə xalqımızın qədim tarixə, zəngin mədəniyyət və incəsənətə məxsus olması barədə yetərincə məlumatı olmayan Avropa Azərbaycanı ildən-ilə daha yaxından tanıyır və onun artan nüfuzunun şahidinə çevrilir. Əlbəttə, bu, ilk növbədə, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyialternativi olmayan siyasətin nəticəsidir. Bir sıra beynəlxalq tədbirlərin keçirildiyi Bakı hazırda sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu bir məkan kimi dünya ictimaiyyətinin diqqət mərkəzindədir.

Dünyada elm, mədəniyyət və incəsənətin inkişafı və təbliği ilə əlaqədar paytaxt Bakının əlverişli mərkəzə çevrilməsi təkcə iqtisadi, sosial  deyil, həmçinin mədəni inkişafın da göstəricisidir. Bu qəbildən olan tədbirlərin sayı çox olduğundan, onları sadalamağa o qədər də ehtiyac yoxdur. Sonuncu Beynəlxalq Humanitar Forumun Bakıda keçirilməsini xatırlatmaq kifayət edər. Əlbəttə, bütün bunlar mədəni inkişafın bəhrəsidir.

Ölkəmizin inkişafında dövlətlə yanaşı, qeyri-hökumət təşkilatlarının da rolu yüksək olub. Bu istiqamətdə fəaliyyətini gündən-günə genişləndirən, beynəlxalq aləmdə xeyirxah işləri ilə nüfuz qazanan Heydər Əliyev Fondununonun Rusiya Federasiyasındakı nümayəndəliyinin müstəsna xidmətləri var.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya noyabr ayının ilk günlərində Nyu-Yorkda "Həyata Açar" fəxri mükafatının təqdim edilməsi də məhz qeyd etdiyimiz kimi, fondun beynəlxalq miqyasda həyata keçirdiyi humanist siyasətin bəhrəsidir. Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq təşəbbüsünün təsisçisi Leyla xanım Əliyeva həmin mükafata, uşaqlarla bağlı humanitar layihələrdə fəal iştirakına görə layiq görülmüşdür. Mükafatın təqdimedilmə mərasimində CCBF-nin sədri Lez Liberman bildirmişdir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva ətraf mühitin mühafizəsi, gənclər, sosial və digər bu kimi vacib məsələlərdə fəal olmaqla, səylərini yalnız Azərbaycan məkanında deyil, bütün dünyadakı kimsəsiz, yaxud atılmış, himayəyə ehtiyacı olan uşaqların sağlamlığının qorunması işinə  də həsr edib. Bu kateqoriyaya daxil olan uşaq və gənclərin həyat şəraitinin yaxşılaşdırılması, həmyaşıdlarından fərqlənməmələri onun fəaliyyətinin prioritetlərindəndir. Azərbaycan gəncliyini beynəlxalq miqyasda layiqincə təmsil edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva, eyni zamanda, öz ölkəsində də bir sıra mühüm layihələrin həyata keçirilməsində təşkilatçı kimi fərqlənir. Təhsil və xeyriyyə sahələrində son zamanlar reallaşan bir sıra irihəcmli layihələrin müəllifi məhz Heydər Əliyev Fondudur.

Layiq görüldüyü ali mükafatı özündən daha çox ölkə gənclərinin adından qəbul etdiyini bildirən Leyla xanım Əliyeva xüsusi olaraq vurğulamışdır ki, ən böyük məsuliyyət bir-birinin qeydinə və qayğısına qalmaqdır. Doğrudan da, həyata qapı açmaq məhz insanların humanizm siyasətinin mahiyyətini anlamaq, bəşəriyyətin ən ali varlığını müxtəlif xəstəliklərdən və digər bəlalardan xilas etməkdir: "Həyata qapı elə buradadır - sizin uzaqgörənliyinizdə, təcrübənizdə və ürəyiaçıqlığınızdadır. CCBF-nin apardığı hamımızı ruhlandırır. Siz təcrübənizi bölüşməyin əsl mənasını nümayiş etdirirsiniz. Təkcə maliyyə yox, həm də məhəbbət, qayğı və ümidinizlə bölüşürsünüz".

Təmsil etdiyi fondun təkcə ölkəmizdə deyil, dünyada bu kimi xəstəliklərin qarşısının alınmasına çalışdığını diqqətə çatdıran Leyla xanım Əliyeva onu da vurğulamışdır ki, "Talassemiyasız həyat" səhiyyə təşəbbüsü ilə 2007-ci ildə Azərbaycanda bölgənin ən iri Talassemiya Mərkəzi açılıb. Bu xəstəlikdən əziyyət çəkənlər ən son texnologiyalarla təchiz olunmuş mərkəzdə pulsuz müalicə olunurlar: "Mərkəz, həmçinin mütəmadi olaraq, qanköçürmələri və ölkənin müxtəlif bölgələrində qanvermə kampaniyaları həyata keçirir, diabet xəstəliyindən əziyyət çəkən (14 yaşından az olan) uşaqları pulsuz insulin və iynələrlə  təmin edir. Siz həyatı sapdan asılı olan uşağı görəndə, həyatda nəyin vacib olduğunu anlayırsınız. Biz bu həyatı xilas edə biliriksə, bundan vacibola bilər? Sizin işiniz məhz belə həyatları xilas edir".

Heydər Əliyev Fondunun ABŞ-ın "Uşaqların xərçəng və Qan Fondu" ilə birgə layihəsi, göründüyü kimi, təkcə sosial məsələ deyil, burada tərəflərin qarşılıqlı şəkildə fəaliyyəti ümumilikdə insan amilinə xidmət edir. Ulu öndərin adını şərəflə daşıyan fondun fəaliyyətinin prioritetləri bütün hallarda insan amilini əsas götürməklə çoxsahəlidir. 1952-ci ildə fəaliyyətə başlayan ABŞ-ın "Uşaqların Xərçəng və Qan Fondu" pediatrik hematologiyaonkologiya sahəsində davamlı yardım göstərməklə azyaşlılarda həyat üçün təhlükəli olan xroniki qan xəstəliklərinin müalicəsi işini dəstəkləyir. Adıçəkilən təşkilat ABŞ-ın bu sahədə ən böyük xeyriyyə təşkilatlarından biridir. Ona görə də Heydər Əliyev Fondunun "Uşaqların Xərçəng və Qan Fondu" ilə birgə layihələr həyata keçirməsi beynəlxalq əhəmiyyət daşıyan məsələdir. Hər iki nüfuzlu təşkilatın  birgə layihəsi, təbii ki, ölkələrarası əlaqələrin daha da genişləndirilməsinə öz  təsirini bundan sonra da göstərəcəkdir. Xatırlatmaq yerinə düşər ki, hər il keçirilən xeyriyyə tədbirləri vasitəsilə CCBF 1,5 milyon ABŞ dolları toplayaraq pediatrik xərçəng və qan xəstəliklərinin müalicəsində aparıcı səhiyyə müəssisəsi olan Nyu-York Presbiterian Xəstəxanasının Üil Kornell Tibb Mərkəzində xəstələrin müalicəsini, uşaq xərçəngi və qan xəstəlikləri sahəsində elmikliniki tədqiqatların aparılmasını dəstəkləyir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Nyu-Yorka səfəri ərzində, noyabrın 1-də həmçinin ABŞ-ın Smitsonian İnstitutunda Folklor və Mədəni İrs Mərkəzinin kuratoru Ceyms Doytçla tərəflər arasında əməkdaşlığın perspektivlərini müzakirə etmişlər. Azərbaycanın mədəni irsi ilə yaxından tanışlığa maraq göstərildiyinə görə, Smitsonian İnstitutunun mütəxəssislərinin ölkəmizə səfərlərinin təşkili barədə fikir mübadiləsi aparılmışdır.  Dünyanın ən böyük muzey və tədqiqat kompleksi kimi tanınan adıçəkilən institutun tərkibinə 19 muzey, 9 mədəni tədqiqat mərkəzi, 2 dövri nəşr və zoopark daxildir. Kolleksiyasına 136 milyon eksponat daxil olan muzeylə Heydər Əliyev Fondunun əməkdaşlığı qədim tariximizin və zəngin mədəni irsimizin təbliğatı baxımından olduqca əhəmiyyətlidir.

Azərbaycana marağın daha da artması, onun müxtəlif sahələrinin beynəlxalq səviyyədə təbliğindən və ayrı-ayrı təşkilatlarla əməkdaşlıqdan çox asılıdır. Bu  nöqteyi-nəzərdən Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi Leyla xanım Əliyevanın bu günlərdə ABŞ-a səfəri çərçivəsində Amerikanın nüfuzlu "Interview" jurnalı redaksiyasında olması da təsadüfi deyildir. 1969-cu ildən fəaliyyət göstərən bu nəşr dünya şöhrətli mədəniyyət və incəsənət xadimlərinə, modelyerlərə yer ayırır, cəmiyyətdə qeyri-adiyeni düşüncə tərzinin  yaranmasını istiqamətləndirir. Amerikanın incəsənət aləminin daha üç nüfuzlu  jurnalını nəşr edən Piter Brant və "Interview" jurnalının redaktoru Kristofer Bollenlə görüşdə Leyla xanım Əliyeva amerikalı naşirlərə Azərbaycan mədəniyyəti və incəsənətinin özünəməxsusluğu barədə ətraflı məlumat verərək əmin olduğunu bildirmişdir ki, populyar jurnalın oxucuları ölkəmizin incəsənət, musiqimoda aləmindən kifayət qədər maraqdoğuran xəbərlər tapa biləcəklər.

ABŞ-ın daha bir nüfuzlu mədəniyyət mərkəzi Nyu-Yorkdakı "Metropolitian" incəsənət muzeyidir. Burada olarkən Leyla xanım Əliyeva islam mədəniyyəti üzrə baş tədqiqatçı Məryəm İxtiyarla görüşmüşdür. Tədqiqatçı xanım uzunmüddətli bərpadan sonra, noyabrın 1-də yenidən açılan "İslam dünyasının incəsənəti" adlı sərginin əhəmiyyətindən danışmışdır. Məlumat verilmişdir ki, muzeydə "Ərəb əraziləri, Türkiyə, İran, Mərkəzi və Cənubi Asiya mədəniyyəti"nin min ildən artıq yaşı olan tarixini təmsil edən 1200 eksponat nümayiş etdirilir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ABŞ-a səfəri  müddətində yaddaqalan  tarixi və mədəni hadisələrdən biri də noyabrın 2-də Nyu-Yorkda yaşayan həmvətənimiz, "Novıy Rubej" qəzetinin redaktoru, Azərbaycan Rəssamlar Birliyinin üzvü Nobert Yevdayevlə görüşü olmuşdur. O, Leyla xanıma bütün bu görüşlərin ölkəmizin mədəni və sosial əlaqələrinin daha da genişləndirilməsində mühüm əhəmiyyət daşıdığını və buna görə təşəkkürünü bildirmişdir. Nobert Yevdayev həmçinin Azərbaycan incəsənət muzeylərinə öz şəxsi kolleksiyasından iki rəsm əsərini hədiyyə etməkdən məmnunluğunu ifadə etmişdir. Maraqdoğuran haldır ki, 1945-1946-cı illərdə işlənmiş hər iki əsərin ("Analıq" və "Abstrakt kompozisiya") müəllifi Bakıda doğulan amerikalı Nahum Çakbazovdur.

Ümumiyyətlə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ABŞ-a səfəri ölkəmizə Amerika ictimaiyyətinin marağının artırılması baxımından mühüm əhəmiyyət daşıdı. Fəaliyyət şəbəkəsi qitədən-qitəyə keçən Heydər Əliyev Fondunun missiyası humanizmin təbliği olduğu üçün şərəfli, mühüm və həm də vacibdir.

 

 

M.NƏRİMANOĞLU

 

Azərbaycan.- 2011.- 20 noyabr.- S. 4.