Dünya şöhrətli alimin yubileyi doğma yurdu Ağdamda qeyd edilmişdir

 

 Noyabrın 19-da dünya şöhrətli alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü  Rusiya Tibb Elmləri Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Ədilə Namazovanın 85 illik yubileyi Ağdam rayonunda böyük təntənə ilə qeyd edilmişdir. Təkcə yubilyarın deyil, tədbirin keçirildiyi  Quzanlı qəsəbə mədəniyyət evinə toplaşanların hamısının üzündən əvvəldən axıradək təbəssüm əskik olmadı. Bu da səbəbsiz deyil.

Ədilə xanım ömrü boyu insanlara xoş əhval-ruhiyyə, sevinc bəxş etmiş, eyni zamanda gərgin əməyi, fədakar axtarışları sayəsində Azərbaycan elminə misilsiz töhfələr vermişdir. O, tibb elminə gətirdiyi yeniliklərlə təkcə Azərbaycanda deyil,  dünyanın  çox ölkələrində tanınan görkəmli alimdir.     

Ədilə Namazova 1926-cı ilin sentyabrın 9-da gözəl Qarabağın dilbər guşəsi olan Ağdam rayonunun Seyidli kəndində dünyaya göz açıb. 1944-cü ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Tibb İnstitutuna daxil olub. Ali təhsilini başa vurduqdan sonra bir müddət Ağdam rayonunda həkim işləyib. 1954-cü ildə aspiranturaya daxil olub. Moskvada dünya pediatriya elminin patriarxı məşhur akademik G.N.Speranskinin klinikasında alim kimi formalaşıb, namizədlik dissertasiyasını müdafiə edib.

1965-ci ildə I Moskva Tibb İnstitutunda "Uşaqlarda ürək arakəsməsinin anadangəlmə qüsurlarının klinik xüsusiyyətləri, diaqnostikası, çərrahi əməliyyata göstəriş proqnozu" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. O, pediatriya üzrə tibb elmləri doktoru olan ilk azərbaycanlı qadındır. Bu illər ərzində ona Dövlət İxtira Komitəsindən 5 ixtiranın şəhadətnaməsi verilib.

Ə.Namazova ilk dəfə olaraq Azərbaycanda pediatriya elmi məktəbini yaradıb. Onun rəhbərliyi ilə 70-ə qədər namizədlik və doktorluq dissertasiyaları müdafiə olunub. Elmi yenilikləri və nailiyyətləri görkəmli alimi tez bir zamanda dünya miqyasında tanıdıb. O, bir çox xarici ölkələrdə (Yaponiya, ABŞ, Fransa, İngiltərə, İtaliya, Hindistan, Argentina, Avstriya, Finlandiya, Belçikas.) keçirilən ümumdünya konqreslərində ölkəmizi ləyaqətlə təmsil edib, maraqlı məruzələrlə yaratdığı elmi məktəbin fəaliyyət istiqamətlərini dünya pediatrlarının müzakirəsinə çıxarıb.

1971-ci ildə təbabətdə aktual elmi problemlərin araşdırılmasına, mühüm elmi nailiyyətlərə, yüksək ixtisaslı alimlərin hazırlanmasına görə Ədilə Namazova keçmiş SSRİ, 1992-ci ildə isə Rusiya Tibb Elmləri Akademiyasına üzv seçilib. Bu, ilk və yeganə azərbaycanlı qadın idi ki, belə yüksək elmi ada layiq görülmüşdür.

Akademik Ə.Namazova dünyada ilk dəfə olaraq hipertoniyahopotoniya xəstəliyinin uşaq yaşlarından başlanmasını sübut edib.

Ömrünün 85-ci ilini yaşayan Ədilə xanım Namazova nəinki dünyaya göz açdığı Ağdamın, cənnət misallı Qarabağın, bütöv Azərbaycanın, eləcə də bütün Türk dünyasının qürur yerinə, şöhrət timsalına çevrilib. Türk dünyasının böyük oğlu Ümumdünya Pediatrlar Cəmiyyətinin sədri Ehsan Doğramacı Bakıda olarkən demişdir. "Türk dünyası pediatrları içərisində Ədilə xanım və mən bacı - qardaşıq. O mənim pediatr bacım, mən isə onun pediatr qardaşıyam".

Dünya şöhrətli alim, nüfuzlu ictimai-siyasi xadim, qayğıkeş həkim, mehribanson dərəcə səmimi insan olan Ədilə xanım halal zəhməti, yuxusuz gecələri, səmərəli elmi axtarışları hesabına elmin zirvəsinə yüksələ bilmiş, Türk dünyasının sayılıb-seçilən qadınları sırasında şərəfli yer tutmuşdur.

1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu əla qiymətlərlə bitirən Ədilə Namazova onun üçün müqəddəs olan bu təhsil ocağından ayrılmamışdır. O, hazırda burada I Uşaq xəstəlikləri kafedrasının müdiridir. Görkəmli alimin əsas tədqiqat sahəsi uşaqlarda revmatizm və ürək-damar xəstəliklərinin öyrənilməsi və müalicəsidir. Ədilə xanım Namazova 300 elmi əsərin,  8 monoqrafiya və dərsliyin, 5 ixtiranın müəllifidir. İstedadlı həkimin ictimai-siyasi fəaliyyət dairəsi də kifayət qədər genişdir. Qırx dörd ildir ki, Azərbaycan Pediatrlar Cəmiyyətinə sədrlik edir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü, Türkdilli  Ölkələrin Pediatrlar Cəmiyyətinin vitse-prezidentidir.

On birinci çağırış SSRİ Ali Sovetinin deputatı olarkən Ədilə xanım Namazova keçmiş sovet dövlətinin  azərbaycanlı deputatlarından  biri kimi  erməni millətçilərinin Qarabağla bağlı əsassız ərazi iddialarının ifşa edilməsində qətiyyətlilik göstərmişdir. Başqacür ola bilərdi? Onun doğulduğu Seyidli kəndi, Ağdam rayonu ərazisinin dördə üç hissəsi ermənilər tərəfindən işğal edilmişdir. Qarabağda kəndlərin, şəhərlərin, xarabazara çevrildiyi bir məqamda o, susa bilərdimi? O, sonradan da mötəbər beynəlxalq tribunalardan ermənilərin işğalçılıq siyasəti törətdiyi faciələr barədə çox danışıb.

Macal tapıb doğma Qarabağa gələndə, dost-tanışların, qohum-əqrəbanın əhatəsinə düşəndə Ədilə xanımın ruhu təzələnir, yaşamaq eşqi güclənir. Yaşamaq istəyir ki, işğal altında olan doğma yurd yerlərini, əzizlərinin qəbirlərini ziyarət etsin. Vaxt olanda qohum-əqrəbanın, dost-tanışın xeyir-şərində iştirak edir.

Bu dəfə həmyerliləri, özləri onu Ağdama dəvət etmişdilər. Dəvət etmişdilər ki, dünyalar qədər sevdikləri, ömrü minlərlə insanlara həyat verən bu müdrik insana, qayğıkeş həkimə hörmət və ehtiramlarını bildirsinlər. Ürəyi millətinə, müstəqil dövlətimizin gələcəyi olan uşaqlara doğma ana nəvazişi ilə xidmət etmək eşqi ilə döyünən mehriban bir ananın 85 yaşını birlikdə, üz-üzə, göz-gözə qeyd etsinlər.

Bu dəvəti yüksək qiymətləndirən Ədilə Namazova doğma yurduna böyük həvəslə gəlmişdi. Onunla görüşə gələnlər çox idi. Ziyalılardan tutmuş yaxın-uzaq kəndlərin sadə sakinlərinə kimi hamının qəlbində Ədilə xanıma ünvanlanmış səmimi arzular vardı.

Doğma yurda qədəm qoyan Ədilə xanım əvvəlcə qonaqlarla birlikdə ulu öndər Heydər Əliyevin Quzanlı qəsəbəsinin mərkəzində ucalan əzəmətli abidəsini ziyarət etdi, heykəlinin önünə tər qızıl güllər qoydu. Bayraq meydanında yüksək zövqlə görülmüş abadlaq-quruculuq işlərini qürurla seyr edən Ədilə xanım Namazova Qarabağ savaşında şəhid olmuş qəhrəman oğulların şərəfinə inşa edilmiş xatirə kompleksinin önünə də qızıl güllər qoydu.

...Yenicə əsaslı təmir edilmiş Quzanlı mədəniyyət evinin yaraşıqlı salonunda bir yer belə  boş deyildi. Nəinki salon, mədəniyyət evinin həyəti də adamlarla dolu idi. Bu insanlar Ədilə xanımla görüşə ürəklərində ona sonsuz istək və məhəbbətlə gəlmişdilər. Ədilə xanım isə kövrəldiyini, həyəcanlandığını istəsə də, gizlədə bilmirdi.

Yubilyar səhnəyə "Qarabağ şikəstəsi"nin sədaları altında daxil oldu. Sürəkli, hərarətli alqışlar salonu titrədirdi. Yubiley gecəsinin aparıcısı Fəxrəddin Hacıbəyli Ədilə xanım Namazovanın keçdiyi şərəfli ömür yolundan söz açdı. Sonra səmimi təbriklər, şirin, ecazkar Qarabağ musiqisinin xoş təranələri bir-birini əvəz etdi.

Bütün şüurlu həyatını tibb elminin inkişafına, insanların sağlamlığı uğrunda  mübarizəyə sərf edən Ədilə xanımın əməyi layiqincə qiymətləndirilib. Görkəmli alimin sinəsini "Şöhrət" və "Şərəf" ordenləri bəzəyir. Yubiley gecəsində çıxış edən millət vəkilləri Bəxtiyar Sadıqov, Aqil Abbas, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Ağdam Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Gülnar Abbasova, akademik Natiq Cavadov, əməkdar artist Tofiq Qarayev və başqaları çıxış edərək Ə. Namazovanın mənalı ömür yolundan, tibb elminə verdiyi töhfələrdən danışdılar.

Ədilə xanımın çıxışı dəfələrlə alqışlandı. Dedi ki, Ağdam torpağına qədəm qoyanda dayandım, mənim üçün hər şeydən əziz olan bu müqəddəs torpağa baş əydim. Biz xoşbəxtik ki, belə gözəl bir ölkədə yaşayırıq. Azərbaycan Prezidenti İlham Əliyevin qayğı və diqqətindən  hər bir ölkə vətəndaşına pay çatır. Əməyimə verilən yüksək qiymət üçün dövlət başçısına minnətdaram. Bu, tək mənə yox, bütün ölkə ziyalılarına verilən qiymətdir. Həyatda çox şeyə nail olmuşam. İndi bir arzum var. Qüdrətli Prezidentin uğurlu siyasəti ilə tezliklə Ağdamı, Qarabağı azad görmək istəyirəm. Bu arzunun ən yaxın zamanda gerçəkləşəcəyinə çox inanıram.

Yubileyə ev sahibliyi edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov Ədilə xanıma xoş arzularını çatdırdı. Əmin olduğunu bildirdi ki, həmişə dövlətinə, Prezidentinə sədaqətli olan ağdamlılar belə möhtəşəm tədbirləri doğma yurdda, bu gün həsrətini çəkdiyimiz Ağdamda keçirmək arzusundadırlar.

Yubiley tədbirində Ə.Namazovanın həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi.

Tədbirdə Ağdam Musiqi Kolleci tələbələrindən ibarət xor kollektivinin və məktəblilərin ifasında videoçarxlar göstərildi. Əməkdar artistlər Təyyar BayramovCabir Abdullayevin, rayonun "Şur" ansamblının ifasında səslənən mahnılar tədbir iştirakçılarında xoş ovqat yaratdı.

Sonda Ə.Namazova yubiley mərasiminin təşkilatçılarına minnətdarlığını bildirdi.

Qarabağ şikəstəsi ilə başlanan yubiley tədbiri "Şur" ansamblının ifasında "Qarabağ şikəstəsi" ilə də başa çatdı.

Bu tədbir el məhəbbətinin, xalq sevgisinin nümayişi, dövlətin ziyalıya qayğısı, verdiyi yüksək dəyəri ilə yaddaşlara yazıldı. 

 

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2011.- 20 noyabr.- S.  6.