Rusiyanın «Moskauer Deutsche Zeitung» («Moskva Alman Qəzeti») qəzetində Dağlıq Qarabağ münaqişəsinin nəticələrinə dair «Sərhəd təcrübəsi» başlıqlı məqalə dərc olunmuşdur

 

 Rusiyanın almandilli mətbuat orqanı "Moskauer Deutsche Zeitung" ("Moskva Alman Qəzeti") qəzetində Dağlıq Qarabağ münaqişəsinin nəticələrinə dair "Sərhəd təcrübəsi" başlıqlı məqalə dərc olunmuşdur. Məqalənin müəllifi isveçrəli jurnalist Andre Vidmerdir.

Məqaləyə Dağlıq Qarabağ münaqişəsi barədə məlumatla giriş verilirbildirilir ki, Sovet İttifaqı dağılarkən əhalisinin əksəriyyətini ermənilərin təşkil etdiyi, ancaq Azərbaycan tərkibində muxtar vilayət olan Dağlıq Qarabağ müstəqilliyini elan etdi ki, bu da qanlı münaqişə ilə nəticələndi. Münaqişə nəticəsində Dağlıq Qarabağın bütün azərbaycanlı əhalisi qaçqın düşmüş və separatçılar Azərbaycan dövlətinin Dağlıq Qarabağın ərazisindən də böyük bir ərazisini zəbt etmişlər. ATƏT və Rusiyanın vasitəçilik səyləri hələ ki bir nəticə vermir. 1994-cü ildən atəşkəsin mövcudluğuna baxmayaraq cəbhə bölgəsində daim əsgər və mülki şəxslər həlak olurlar.

Daha sonra Tərtərin cəbhə bölgəsində yerləşən Tapqaraqoyunlu kəndində, 17 ildən bəri atəşkəsin olmasına baxmayaraq, əhalinin daim qorxu içində yaşaması ətraflı təsvir olunur. Təhlükəli vəziyyət kənd sakini Kamil Allahverdiyevin gündəlik həyatının timsalında açıqlanaraq, ermənilər tərəfindən mülki əhaliyə açılan atəşlərin insanların həyatını necə çətinləşdirməsi qeyd olunur. K.Allahverdiyevdən sitat gətirilir ki, 2009-cu ildə erməni tərəfinin açdığı atəş nəticəsində həlak olan kənd sakininin dəfni də çətinliklə baş tutmuşdur. Müəllif qeyd edir ki, kənddə sonuncu belə ölüm hadisəsi 2011-ci ilin aprelində qeydə alınmışdır.

Daha sonra məlumat verilir ki, ATƏT-in müşahidəçiləri monitorinq keçirmək üçün arabir təmas xəttinə gəlirlər. Ancaq onların gəlişindən erməni işğalçıları da məlumatlı olurlarmonitorinq müddətində atəşkəsi pozmurlar. Kənd camaatının dediyinə görə, müşahidəçilər gedəndən sonra atəşlər xüsusilə intensiv olur.

Məqalədə daha sonra Tərtərin Qapanlı kəndi haqqında məlumat verilir. Bildirilir ki, mülki əhalini erməni güllələrindən müdafiə etmək üçün kəndə 5 kilometr (km) uzunluğu və 3 metr hündürlüyü olan divar çəkilmişdir. Buna baxmayaraq, bu kənddə də mülki əhali arasında erməni güllələrindən ölənlər vardır. Məqalədə cəbhə bölgəsi üzrə ekskursiya Tərtərin Köçərli stansiyasına qədər davam etdirilir. Buradan iki kilometr sonra şlaqbaumla yol kəsilir. Şlaqbaumdan sonrakı ərazi beynəlxalq hüquqla Azərbaycana mənsub olsa da, erməni separatçılarının işğalı altındadır. Cəbhə bölgəsi kəndlərindən sonra isə Bərdə-Ağdam yolu başlayır ki, bu yol da Ağdamın 1993-cü ildə işğalı və xarabazara çevrilməsindən sonra fəaliyyət göstərmir.

 

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Berlin

 

Azərbaycan.- 2011.- 20 noyabr.- S.  7.