Serbiyanın paytaxtı Belqradda Nazirlər Konfransı keçirilmişdir

 

 Azərbaycanın Serbiyadakı səfirliyindən AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, noyabrın 18-də Serbiyanın paytaxtı Belqradda "Təbii və texnogen fəlakətlərin qarşısının alınması ilə bağlı regional fəaliyyətin əlaqələndirilməsi" mövzusuna həsr edilmiş Nazirlər Konfransı keçirilmişdir.

Tədbir Serbiyanın hazırda "Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesi" təşkilatına sədrliyi çərçivəsində təşkil edilmişdir. Tədbirdə Azərbaycanı fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev təmsil etmişdir.

Serbiyanın Baş naziri Mirko Tsvetkoviç konfransı giriş sözü ilə açmışdır. Tədbirdə Avropa İttifaqının Beynəlxalq əməkdaşlıq, humanitar yardım və böhranın qarşısının alınması üzrə komissarı xanım Kristalina Georgiyeva, Serbiya Baş nazirinin birinci müavini, daxili işlər naziri İvitsa Daçıç və digər iştirakçı ölkələrin nümayəndələri təbii və texnogen fəlakətlərin qarşısının alınmasında birgə fəaliyyətin əlaqələndirilməsinin və fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində təcrübə mübadiləsinin vacibliyini vurğulamışlar.

Konfransda Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini O.Hacıyev ölkəmizin təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması sahəsində bir çox ölkələrlə sıx əməkdaşlıq etməsi, Azərbaycanda fövqəladə halların qarşısının alınması sahəsində əldə olunmuş təcrübə, nazirliyin maddi-texniki bazası barədə məlumat vermişdir.

Tədbir çərçivəsində O.Hacıyevin Serbiya Baş nazirinin birinci müavini, daxili işlər naziri İ.Daçıçla görüşü olmuş, hər iki tərəfi maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.- 20 noyabr.- S.  7.