Azərbaycan ilə İraq arasında hüquq-müqavilə bazasının inkişafı gələcəkdə iki ölkənin adamlarının fəaliyyətinə böyük töhfə verəcəkdir

 

Noyabrın 23-də xarici işlər naziri Elmar Məmmədyarov İraqın bələdiyyələr və ictimai işlər naziri, Azərbaycan hökuməti və İraq hökuməti arasında ticarət, iqtisaditexniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın sədri Adil Muheydər Razi Əl-Maliki ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qonaq 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsi münasibətilə Azərbaycanı təbrik etmişdir.

Azərbaycan ilə İraq arasında müştərək dəyərlərin olduğunu vurğulayan A.Əl-Maliki bir sıra sahələrdə əlaqələrin inkişafına hökumətlərarası komissiyanın da töhfə verəcəyini demişdir. O bu əməkdaşlığa təkan verilməsi üçün Azərbaycanın İraqda səfirliyinin açılmasının vacibliyini qeyd etmişdir.

E.Məmmədyarov Azərbaycan ilə İraq arasında hüquq-müqavilə bazasının genişləndirilməsinin vacib olduğunuonun inkişafının gələcəkdə iki ölkənin adamlarının fəaliyyətinə böyük töhfə verəcəyini bildirmişdir. Nazir Azərbaycanın İraqda səfirliyinin açılması ilə bağlı Milli Məclis tərəfindən qərarın qəbul edildiyini və yaxın zamanlarda diplomatik nümayəndəliyimizin fəaliyyətə başlayacağına ümidvar olduğunu vurğulamışdır.

 

 

Azərbaycan.- 2011.- 24 noyabr.- S.  3.