Astanada «Müstəqilliyin 20 ili: kütləvi informasiya vasitələri və cəmiyyət» devizi altında Avropa və Asiyanın media nümayəndələrinin VI forumu başa çatmışdır

 

Rusiyanın "RİA Novosti" İnformasiya Agentliyinin dəstəyi ilə "Müstəqilliyin 20 ili: kütləvi informasiya vasitələri və cəmiyyət" devizi altında Astanada keçirilən Avropa və Asiyanın media nümayəndələrinin VI forumu başa çatmışdır.

Media forumda MDB, Gürcüstan, Baltik respublikaları kütləvi informasiya vasitələrinin 250-dən artıq rəhbəri, meneceri, eksperti iştirak etmişdir.

Forumda Azərbaycanı Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev, "Exo" qəzetinin baş redaktoru Rauf Talışinski, "Trend" İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov və "Zerkalo" qəzeti baş redaktorunun müavini Tofiq Abbasov təmsil etmişlər.

Media forumda qlobal maliyyə böhranı dövründə mətbuatın vəziyyəti, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi şəraitdə KİV-in fəaliyyətinin xüsusiyyətləri, müasir dünyada informasiyanın qarşısına qoyulan tələblər və digər məsələlər müzakirə olunmuşdur.

Forumda çıxış edən "7-ci kanal" teleşirkətinin baş direktoru Bibiqul Jaksenbay bildirmişdir ki, maliyyə böhranı bir yandan mətbuata zərbə vurmuşdursa, digər tərəfdən onu keyfiyyətsiz və rəqabətə davamlı olmayan KİV-dən təmizləmişdir.

Azərbaycan nümayəndələri ölkəmizdə mətbuatın vəziyyəti, KİV-lərə dövlətin qayğısı və mətbuat ilə əlaqədar digər məsələlər haqqında məlumat vermişlər.

Forumda MDB, Baltik respublikaları və Gürcüstan KİV-in rəhbərlərini birləşdirən "Moderator" adlı baş redaktorlar klubu da yaradılmışdır.

 

 

Azərbaycan.- 2011.- 24 noyabr.- S.  5.