Astanada Xəzərin hüquqi statusunun müəyyən edilməsinə dair Konvensiyanınhazırlanması üzrə xüsusi işçi qrupunun 30-cu iclası keçirilmişdir

 

Astanada Xəzərin hüquqi statusunun müəyyən edilməsinə dair Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun 30-cu iclası keçirilmişdir.

İclasda Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İran xarici işlər nazirləri müavinlərinin rəhbərliyi ilə nümayəndə heyətləri iştirak etmişdir.

Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov rəhbərlik etmişdir.

"Bakıda keçirilən üçüncü Xəzər Sammiti bir daha göstərdi ki, bu məsələdə Xəzəryanı ölkələr arasında böyük mənada fikir ayrılığı yoxdur, qalan məsələləri isə danışıqlar yolu ilə yaxın vaxtlarda həll etmək mümkündür". Bu sözləri iclasda çıxış edən Qazaxıstanın xarici işlər naziri Erjan Kazıxanov demişdir.

Nümayəndə heyətlərinin rəhbərləri də çıxış edərək Xəzərin hüquqi statusunun müəyyən olunması ilə bağlı təmsil etdikləri dövlətlərinin mövqelərini açıqlamışlar.

Sonra iclasda Xəzərdə əməkdaşlığın genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.

İclasın yekunları ilə əlaqədar Xələf Xələfov jurnalistlərə bildirmişdir ki, bu görüşdə də Konvensiyanın mətni üzərində böyük iş aparılmış, bir sıra məsələlər üzrə razılıq əldə olunmuşdur. Böyük irəliləyişlər var, mövqelər yaxınlaşır, əsas isə odur ki, tərəflərin buna marağı vardır. Ehtimal olunur ki, yaxın vaxtlarda Konvensiyanın tam razılaşdırılmış mətni üzərində iş başa çatacaqdır.

Xatırladaq ki, 2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Azərbaycan ilə Qazaxıstan arasında Xəzər dənizinin dibinin bölünməsi ilə əlaqədar Saziş və Protokol, 2003-cü il mayın 14-də isə Azərbaycan, Qazaxıstan və Rusiya arasında Xəzər dənizinin həmsərhəd hissələrinin bölünməsinə dair Saziş imzalanmışdır.

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Astana

 

Azərbaycan.- 2011.- 24 noyabr.- S.  5.