Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə Argentina Beynəlxalq Əlaqələr Şurası arasında saziş imzalanmışdır

 

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) ilə Argentina Beynəlxalq Əlaqələr Şurası (CARİ) arasında əməkdaşlıq və elmi mübadilə haqqında saziş imzalanmışdır.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, saziş Buenos-Ayresdə respublikamızın dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünün qeyd edilməsi ilə əlaqədar keçirilən akademik, ictimai və mədəni tədbirlər həftəsi çərçivəsində CARİ-də keçirilmiş "Azərbaycan: müstəqilliyin bərpasından keçən 20 il ərzində" adlı konfrans çərçivəsində imzalanmışdır.

Sənədi SAM-ın direktor müavini Gülşən Paşayeva və CARİ-nin prezidenti Alberto Rodriguez Giavarini imzalamışlar.

Latın Amerikasının aparıcı "beyin mərkəzləri"ndən olan CARİ bu bölgədə xarici siyasət üzrə ən nüfuzlu tədqiqat və araşdırma institutu hesab olunur. İmzalanmış sazişə əsasən müxtəlif beynəlxalq mövzular üzrə birgə tədqiqatların aparılması, akademik mübadilələrin həyata keçirilməsi, konfrans və seminarların təşkili  nəzərdə tutulmuşdur.

 

 

Azərbaycan.- 2011.- 24 noyabr.- S. 5.