Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndə heyəti Avropa Olimpiya Komitəsinin 40-cı Baş Assambleyasında iştirak edir

 

Noyabrın 23-də Soçidə Avropa Olimpiya Komitəsinin 40-cı Baş Assambleyası öz işinə başlamışdır.

AzərTAc xəbər verir ki, assambleyada Azərbaycanı Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti, İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə və MOK-un Beynəlxalq əlaqələr idarəsinin rəhbəri Könül Nurullayeva təmsil edirlər.

Noyabrın 23-də Baş Assambleyanın açılış mərasimi olmuşdur. Açılış mərasiminədək Avropa Olimpiya Komitəsinin (AOK) İcraiyyə Komitəsinin toplantısı keçirilmişdir.

Baş Assambleyanın birinci iclası Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqun təbriki ilə başlamışdır. AOK-un prezidenti Patrik Hikkey illik hesabat məruzəsi ilə çıxış etmişdir. Sonra AOK-un baş katibi Rafael Paqnozzi hesabat vermişdir.

Növbəti iclasda Milli Olimpiya Komitələri Assambleyasının baş katibi Qunilla Linderboq, Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi və Milli Olimpiya Komitələri ilə əlaqələr departamentinin direktoru Pere Miro hesabat məruzələri ilə çıxış etmişlər.

Soçidə MOK-un vitse-prezidenti Ç.Hüseynzadə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkey ilə görüşmüşdür. Görüşdə MOK ilə AOK arasındakı əməkdaşlıq barədə geniş fikir mübadiləsi aparılmışdır. AOK prezidenti Azərbaycanın beynəlxalq Olimpiya Hərəkatında çox fəal iştirakını qeyd etmişdir. O, Azərbaycanda idman sahəsində gedən quruculuq işlərinin çox geniş vüsət almasını, Bakıda böyük idman tədbirlərinin keçirilməsi üçün infrastrukturun yaradılmasını yüksək dəyərləndirmişdir.

 

 

Azərbaycan.- 2011.- 24 noyabr.- S. 6.