Ramiz Mehdiyev: Rusiya-Azərbaycan münasibətləri inkişafın yüksək mərhələsindədir

 

Noyabrın 24-də Kremldə Rusiya Federasiyasının Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin ilə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin görüşü olmuşdur. Görüşdə iki ölkə arasında münasibətlərin inkişafı məsələlərinin geniş spektri müzakirə edilmişdir.

Sergey Narışkin ikitərəfli qarşılıqlı əlaqələrin səviyyəsini yüksək qiymətləndirərək yaxın vaxtlarda Bakıda olmasını, burada Beynəlxalq Humanitar Forumun işində iştirak etməsini xatırlatmışdır. Rusiya Prezidenti Administrasiyasının rəhbəri demişdir ki, həqiqətən beynəlxalq və dünya əhəmiyyətli hadisə olmuş bu forum bütün dünyada geniş əks-səda doğurmuşdur. "Biz ümid edirik ki, birgə səylərimiz sayəsində bu layihəni davam etdirəcəyik", - deyən S.Narışkin vurğulamışdır ki, noyabrın 25-də Moskvada Ümumrusiya Azərbaycan Konqresinin üçüncü qurultayı keçiriləcəkdir, bu da böyük hadisədir. Sergey Narışkin Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə təbriklərini çatdıraraq demişdir: "Bununla əlaqədar, bizim beynəlxalq aləmdə addımlarımızı əlaqələndirmək baxımından birlikdə görməli olduğumuz işlər daha da artır. Buna görə də biz hələ çox işləməliyik".

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev qeyd etmişdir ki, Moskvada olmaqöz həmkarı ilə görüşmək ona çox xoşdur. R.Mehdiyev demişdir: "Biz sizinlə tez-tez görüşürük və düşünürəm ki, bu, Rusiya ilə Azərbaycan arasında, bizim prezidentlər - cənab Dmitri Medvedev və cənab İlham Əliyev arasında mövcud qarşılıqlı münasibətlərin təzahürüdür. Onlar bu görüşləri davam etdirmək, münasibətlərimizi inkişaf etdirmək, müştərək layihələr həyata keçirmək üçün çox yaxşı nümunə göstərmişlər. Bu, ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi və möhkəmlənməsi üçün yaxşı təməldir". R.Mehdiyev xüsusi vurğulamışdır ki, Azərbaycan ilə Rusiya arasında münasibətlər inkişafın yüksək mərhələsindədir və Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd etmişdir ki, bu iki ölkə arasında həll edilə bilməyəcək problem yoxdur. Ramiz Mehdiyev demişdir: "Bütün problemlər vaxtında, dostluq və qarşılıqlı anlaşma əsasında həll edilir, biz addım-addım irəliləyirik".

Görüşdə Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, regional idarəetmə və yerli özünüidarə orqanları ilə şöbəsinin müdiri Zeynal Nağdəliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak etmişlər.

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

 

Moskva

 

Azərbaycan.- 2011.- 25  noyabr.- S. 3.