Vergilər Nazirliyində «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə» mövzusunda konfrans keçirilmişdir

 

 Noyabrın 24-də Vergilər Nazirliyində "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə" mövzusunda konfrans keçirilmişdir. Konfransda nazirliyin struktur rəhbərləri, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin, Ombudsman Aparatının, "Şəffaflıq Azərbaycan" təşkilatının, Konstitusiya Araşdırmaları Fondunun, Korrupsiyaya Qarşı Mübarizə Fondunun, audit şirkətlərinin və digər qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Tədbirdə çıxış edənlər "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə 2007-2011-ci illər üçün Tədbirlər Planı"nın icrası, vətəndaş müraciətlərinə baxılması, Vergi Apelyasiya Şurasının fəaliyyəti, orqanlarda şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində son illərdə görülən işlərdən danışmışlar. Bildirilmişdir ki, Vergilər Nazirliyi xidmətin müasir beynəlxalq standartlara uyğunlaşdırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, elektron xidmətlərin genişləndirilməsi üçün islahatlar aparmışdır.

Tədbirdə korrupsiyaya qarşı mübarizənin ən səmərəli yolu kimi bütün sahələrdə şəffaflıq mexanizmlərinin tətbiqinin vacibliyi, e-hökumət quruculuğu istiqamətində atılan addımların davam etdirilməsi zərurəti vurğulanmışdır. Aparılan islahatlar nəticəsində vergi ödəyicilərinin qurumlar ilə ünsiyyəti minimuma endirilmişdir.

Konfransda çıxış edən Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov və digərləri son illər Vergilər Nazirliyi tərəfindən müzakirə olunan məsələ ilə bağlı ciddi islahatlar aparıldığını və diqqətəlayiq nəticələr əldə olunduğunu vurğulamışlar. Daha sonra ictimai qurumlarla vergi orqanları arasında əməkdaşlıq məsələləri, bu münasibətlərin daimi dialoqinstitusional əməkdaşlıq formatında daha da genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılmışdır.

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 25 noyabr.- S. 3.