Ədalət mühakiməsinin səviyyəsi yüksəlir

 

"Ədalət mühakiməsi" anlayışı istənilən ictimai quruluşda hər zaman diqqət mərkəzində olmuş və hər bir dövrdə bu məhfum ətrafında da müxtəlif konseptual fikirlər irəli sürülmüşdür. "Ədalət mühakiməsi" anlayışı subyektiv təfəkkürün məhsulu sayıldığından, yəni yalnız insan cəmiyyətinin mövcud olduğu yerdə təşəkkül tapdığından bu ideyanın inkişafı cəmiyyətin təkamül tempi ilə uzlaşmaq məcburiyyətindədir. Bu mənada ədalət mühakiməsinin daha təfərrüatlı dərk olunmasının yeganə yolu kimi retrospektiv baxış üsulundan istifadə olunması hər zaman məqsədəmüvafiqdir. İstənilən anlayışın xronoloji analizi son nəticədə müqayisəli təhlillə müşayiət olunacağından ən səmərəli seçimin daha uğurlu variant üzərində durulacağı ehtimalını labüd edir.

Nəzəriyyəyə görə ədalət mühakiməsi özlüyündə müxtəlif səviyyələrdən ibarətdir ki, bura fərdi, qrupinkluziv (ümumi, milli) səviyyələr daxildir. Fərdi və qrup səviyyəsində ədalət mühakiməsi müəyyən fərdlər və ya qrupların mənafelerinə toxunduğu halda, inkluziv səviyyədə böyük insan toplumunun maraqlarını  ehtiva etməkdədir. Məhz ötən illər ərzində ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarının qayəsini də ədalət mühakiməsinin inkluziv səviyyədə təmin edilməsi təşkil edir.

Belə ki, 1995-ci ildən sürət yığmağa başlayan islahatlar dalğası hüquq sahəsindən də yan keçmədi. Tarixi varislik prinsipinə hörmət nümayiş etdirilərək və bu prinsipə sadiq qalınaraq 1918-ci il 22 noyabr tarixində Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində fəaliyyət göstərən Ədliyyə Nazirliyinin Əsasnaməsinin qəbulunun 2000-ci ildə ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə "Ədliyyə günü" kimi qeyd olunması həm ədliyyə, həm də məhkəmə hakimiyyətinə göstərilən diqqətin təzahürü idi.

1918-ci ildə aparılan məhkəmə və ədliyyə islahatları ilə 1995-ci ildən vüsət alan islahatlar arasında xronoloji uyğunluğun şahidiola bilərik. O dövrdə yeni ədliyyə strukturlarının yaradılması, məhkəmə və istintaq sahələrinin bərpası, məhkəmə aparatlarının formalaşdırılması, aidiyyəti binaların bərpası, hüquqşünaslar üçün hüquq kurslarının təşkili son dövrlər aparılan islahatlarla uğurlu analogiya təşkil edə bilər.

Ədalət mühakiməsinin təməllərinin sağlam qoyulması mütərəqqi Konstitusiyanın qəbulu ilə şərtlənirdi ki, qəbulu 1995-ci ilə təsadüf edən Konstitusiyamız növbəti illərdə aparılacaq hüquq islahatları üçün möhkəm təməl rolunu oynamağa başladı. 1996-cı ildə dövlət başçısının rəhbərliyi ilə fəaliyyətə başlayan Hüquq İslahatları Komissiyası isə yeni qanunvericilik sisteminin formalaşdırılmasında əvəzsiz rol oynadı. Təsadüfi deyil ki, həmin ilin yayında ölkəmiz Avropa Şurasına tam hüquqlu üzv seçilmək və "İnsan hüquqları və azadlıqları haqda Avropa Konvensiyası"na qoşulmaq arzusunda olduğunu ifadə etmişdir. Həmçinin o dövrdə məhkəmə, vəkillik, polis, notariat və digər hüquq sahələrini tənzimləyən yeni məzmunlu və müasir dövrün tələblərinə cavab verən qanunların qəbulu beynəlxalq səviyyəli mütəxəssislər tərəfindən müsbət qiymətləndirilmişdir. İnsan hüquqlarının yüksək səviyyədə təmin olunması, onların operativ müdafiəsinin təmin edilməsi məqsədi ilə Ombudsman institutunun yaradılması da aparılan hüquq islahatlarının tərkib hissəsi kimi gələcəkdə ədalət mühakiməsinin təmin olunmasına vacib töhfələrdən biri idi.

Bununla belə, həmin dövrdə ədalət mühakiməsinin "faydalı əmsalı"nın birbaşa məhkəmələrdən asılı olduğu hər kəsə məlum idi. Sovet hakimiyyətinin mövcudluğu illərində inzibati-amirlik sistemi əsasında fəaliyyət göstərən quruluş məhkəmə sisteminin müstəqilliyinə də təsirsiz ötüşməmişdir. Bu baxımdan məhkəmə sisteminin rekonstruktizasiyasına total yanaşılmaqla həm prosessual, həm maddi qanunvericiliyin yenilənməsi, həm də məhkəmə hakimiyyətinin formalaşdırlmasında bir sıra texniki yeniliklərin tətbiqi gərəkli idi. Məhz 2000-ci ildən etibarən ölkəmizdə üçpilləli müstəqil məhkəmə sistemi öz fəaliyyətinə başladı və məhkəmə hakimiyyətinin müstəqillyinin tam təmin edilməsi üçün məhkəmələr üzərində prokuror nəzarəti ləğv olunaraq onların prosessual səlahiyyətləri xeyli genişləndirildi.

Yeni yaradılmış Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq Şurası tərəfindən 2000-ci ildə ilk dəfə hakimlərin test imtahanı vasitəsi ilə vəzifəyə qəbulu başlanıldı və indiyədək keçirilmiş 5 imtahan nəticəsində hakim korpusun 60 faizi təzələnib. Nəticədə əksəriyyəti əsasən gənc hakimlərdən komplektləşdirilmiş məhkəmələrin fəaliyyəti daha da təkmilləşdi və beləliklə, insan hüquqlarının məhkəmələr tərəfindən müdafiəsinə cəmiyyətin inamı daha da artmış oldu. Əlbəttə, adı çəkilən bütün işlərin hədəfini müstəqil məhkəmə hakimiyyətinin yaradılması və bilavasitə ədalət mühakiməsinin səviyyəsinin artırılması təşkil edirdi. Təsadüfi deyil ki, artıq insanlar məhkəmələrə öz problemlərinin həlli vasitəsi kimi baxmaqdadır və bazar iqtisadiyyatı şəraitində məhkəmələrin insanlar, şirkətlər, müxtəlif sosial qruplar tərəfindən anlaşılmazlıqların yeganə həlli vasitəsi olaraq qəbul edilməsi bu hakimiyyətin hansı gücə malik olduğunu nümayiş etdirir. Bu səbəbdəndir ki, 2000-ci ildən bu günə kimi məhkəmələrdə baxılan işlərin sayı düz 6 dəfə artmışdır.

Hal-hazırda dünya dövlətləri arasında onların məhkəmə və hüquq sistemlərinin beynəlxalq standartnormalara uyğun olaraq harmoniyalaşdırılması prosesi getməkdədir. Avropa ölkələrinin əksəriyyətində kontinental hüquq sisteminə meylin güclü olmasına baxmayaraq, anqlo-sakson hüquq sistemli ölkələrdə də unifikasiya olunmuş hüquq sisteminin formalaşdırılması meyli sezilməkdədir. Bunun bariz nümunəsi kimi Avropa İnsan Hüquqları Məhkəməsini göstərə bilərik. Həmin məhkəmədə işlərə presedent qaydada baxılması haqqında imperativ göstərişin olmamasına baxmayaraq, əksər hallarda məhkəmənin yekun qərarlarında presedentlərdən yararlandığının şahidi ola bilərik. Qeyd olunan üsul məhkəmələr tərəfindən işlərə operativ baxılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhz Azərbaycan Respublikası Prezidentinin 2006-cı ildə imzaladığı fərman ilə bu məsələ, demək olar ki, öz qəti həllini tapmışdır. Həmin sənəddə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işinin təşkili və onun məhkəmə təcrübəsində nəzərə alınması vacibliyi qeyd olunmuşdur.

Məhkəmə fəaliyyətini tənzimləyən qanunvericilik bazasının ümumqəbul olunmuş beynəlxalq təcrübə ilə uzlaşdırılması məqsədi ilə Azərbaycan-Avropa Şurası birgə işçi qrupunun səyləri nəticəsində məhkəmə sahəsini tənzimləyən qanunvericilik yeniləşdirilmişdir. Dəyişikliklər zamanı Avropa Şurası Nazirlər Komitəsinin Hakimlərin müstəqilliyi, səmərəliliyi və roluna dair 12 saylı (1994) Tövsiyəsi, Hakimlərin statusu haqqında Avropa Xartiyası (1998), Avropa Hakimlərinin Məşvərətçi Şurasının Məhkəmələrin müstəqilliyi və dəyişməzliyinə dair standartlarla əlaqədar 1 saylı (2001) rəyinin tələbləri nəzərə alınmışdır.

Beləliklə, 2004-cü ildə Məhkəmə-Hüquq Şurası haqqında yeni qanunun qəbulu ədalət mühakiməsinin və aparılan hüquq islahatlarının uğurlarından idi. Əvvəllər icra hakimiyyəti yanında alt qurum səviyyəsində fəaliyyət göstərən Şura artıq məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən müstəqil orqan olaraq  fəaliyyətini icra etməyə başlamış oldu. Dövlətin bu addımı "hakimiyyətlərin bölünməsi" prinsipinə verilən töhfənin və əhəmiyyətin təzahürü, həm də beynəlxalq öhdəliklərinin layiqincə yerinə yetirilməsinin məntiqi nəticəsi idi.

Düşünülmüş ardıcıl tədbirlər öz səmərəli nəticələrini çox gözlətmədi. Artıq Məhkəmə-Hüquq Şurası tərəfindən məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və seçimi, onların tədrisinin müasir tələblər səviyyəsində qurulması, icra və əmək intizamının möhkəmləndirilməsi və digər işlərdə müsbət dəyişikliklər dövrü başlamış oldu. Bu dövrdə hakimlərin seçimi qaydaları, onların etik davranış normaları müəyyənləşdirildi ki, bunun da uğurlu nəticələri Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) hesabatlarında dəfələrlə əks olunmuşdur.

Əhalinin artımının, urbanizasiyanın və iqtisadi münasibətlərin hərtərəfli inkişafının məhkəmələr tərəfindən baxılan işlərin sayına təsiri, insanların məhkəmələrə müraciət imkanının  asanlaşdırılması ədalət mühakiməsinin səviyyəsinə təsir edən amillərdəndir. Belə problemlərin həlli yeni profilli məhkəmələrin yaradılması və hakim korpusunun genişləndirilməsi hesabına mümkündür. Bu məqsədlə 2006-cı ildən başlayaraq respublika Apelyasiyaİqtisad məhkəmələri ləğv edilərək ölkənin bütün bölgələrini əhatə edən 5 yeni regional apelyasiya məhkəməsi, inzibati-iqtisadi məhkəmələr, ağır cinayət məhkəmələri, həmçinin hərbi məhkəmələr yaradılmış, hakim ştatlarının ümumi sayı 600-dək artırılmışdır.

Hakimlərin yeni seçim qaydaları əsasında artıq son illər 2200 namizəd sırasından 235 nəfər yüksək hazırlıqlı hüquqşünas bütün seçim mərhələlərini keçərək hakim vəzifələrinə təyin edilmişseçim prosesin davamlılığının, həmçinin hakim korpusunun gənc kadrlarla təmin edilməsi məqsədi ilə axırıncı qəbul zamanı namizədliyini irəli sürmüş 414 nəfər hüquqşünasla bərabər şəraitdə, vahid zalda test imtahanı keçirilmişdir. İmtahanın obyektivliyini təmin etmək üçün yüksək texnoloji vasitələrdən istifadə olunması isə çoxsaylı yerli və beynəlxalq müşahidəçilər tərəfindən yüksək dəyərləndirilmişdir.

Qeyd olunan inkişaf prosesi məhkəmə sisteminin maddi-texniki təminatı məsələlərinə də müsbət təsir göstərmişdir.

Ötən dövr ərzində Azərbaycan Respublikasının Ali Məhkəməsi dünya standarlarına cavab verən, öz möhtəşəmliyi ilə Avropa məkanında seçilən yeni inzibati bina ilə təchiz edilmiş, habelə Dünya Bankı ilə birgə həyata keçirilən "Ədliyyə sisteminin müasirləşdirilməsi Layihəsi" çərçivəsində 20-dən çox yeni məhkəmə binaları və "Ədalət Sarayı" komplekslərinin layihələri hazırlanmış, Bakı və digər rayonların məhkəmələri üçün yeni binaların inşasının yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulmuşdur.

Bu günlərdə vətəndaşların istifadəsinə təqdim olunmuş məhkəmə sisteminə dair vahid internet portalının ədalət mühakiməsinin səviyyəsinə müsbət mənada təsir edəcəyi isə şübhə doğurmur. Bununla vətəndaşlara ali, apelyasiyabirinci instansiya məhkəmələri, onların yurisdiksiyası, baxılan işlər və çıxarılan qərarlar, bu məhkəmələrə müraciətlə bağlı əlavə edilməsi zəruri olan sənədlər, qəbul günləri və s. barədə ətraflı məlumat almaq, iddia ərizələri, digər məhkəmə sənədlərinin nümunələrini əldə etmək, həmçinin məhkəmələrə onlayn rejimdə müraciət etmək və cavab almaq imkanı yaradılmışdır. Portalda, həmçinin bütün məhkəmələr və həmin məhkəmələrdə fəaliyyət göstərən hakimlər haqqında məlumatlar öz əksini tapmışdır.

Qeyd olunan tədbirlərin əsasında ədalət mühakiməsinin səmərəliliyinin artırılması, insan hüquqlarının məhkəmələr tərəfindən müdafiəsinin təmin olunması, əhalinin süründürməçilik və korrupsiyaya şərait yaradan hallardan qorunması, həmçinin məhkəmələr tərəfindən işlərə daha keyfiyyətlə baxılmasına şərait yaradılması durur. Bu amillər isə öz növbəsində ədalət mühakiməsinin səviyyəsinin birbaşa göstəriciləridir.

Beynəlxalq təcrübəyə əsasən Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) tərəfindən hər hansı dövlətin məhkəmə sistemi ilə bağlı hesabat hazırlanarkən həmin ölkənin demoqrafikiqtisadi vəziyyəti, insanların məhkəmələrə çatımlılığı, məhkəmə sisteminin təşkili, ədalətli məhkəmə baxışı, hakimlərin və dövlət ittihamçılarının vəzifədə irəliləyişləri, vəkilliyin, məhkəmə qərarlarının icrası vəziyyətləri barədə məlumatlar ədalət mühakiməsinin səviyyəsini müəyyən edən meyarlar olaraq qiymətləndirilirlər. Bu mənada Azərbaycanda məhkəmə islahatlarının və ədalət mühakiməsinin səviyyəsinin zamanın tələblərinə cavab verdiyiqeyd olunan meyarlar baxımından mütərəqqi olduğu qənaətindəyik. Gələcəkdə bu sahədə davamlı islahatların aparılması isə bir daha özünü ədalət mühakiməsinin səviyyəsində müsbət mənada göstərəcəkdir.

 

 Anar BAĞIROV,

hüquq üzrə fəlsəfə doktoru,

"Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB-nin sədri,

Vəkillər Kollegiyasının və Hakimlərin Seçki Komitəsinin üzvü

 

Azərbaycan.- 2011.- 27 noyabr.- S. 6.