Mahaçqalada Rusiya-Azərbaycan biznes forumu keçirilmişdir

 

 Mahaçqala şəhərində Azərbaycan və Şimali Qafqaz regionu sahibkarlarının iştirakı ilə Rusiya-Azərbaycan biznes forumu keçirilmişdir.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə hər iki tərəfdən kənd təsərrüfatı, tikinti, sənaye, maliyyə, sığorta, logistika və digər sahələrdə fəaliyyət göstərən aparıcı şirkətlərin nümayəndələri iştirak etmişlər.

İqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan Respublikasının xarici siyasətində Rusiya Federasiyası ilə əməkdaşlığın xüsusi əhəmiyyətini qeyd etmiş, Prezident İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin iki ölkə arasında siyasi-iqtisadi əməkdaşlığın inkişafına böyük önəm verdiklərini vurğulamış, dövlət başçılarının, həmçinin işgüzar dairələrin nümayəndələrinin qarşılıqlı səfərlərinin bunun əyani göstəricisi olduğunu bildirmişdir. Bunun nəticəsidir ki, hazırda Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Azərbaycan nümayəndə heyətinin bu səfəri də Prezident İlham Əliyevin xüsusi tapşırığı əsasında həyata keçirilir. Bununla belə, əməkdaşlığın daha da genişləndirilməsi prosesinə Rusiya regionlarının fəal qoşulması əlaqələrin inkişaf potensialını daha da artırır. Şimali Qafqaz regionu ilə əlaqələrin inkişafı Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələrinin tərkib hissəsi olmaqla, əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir. Rusiya Federasiyası Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponinin rəhbərliyi ilə Şimali Qafqaz regionu nümayəndələrinin Azərbaycana səfəri çərçivəsində aparılan müzakirələr və imzalanmış sənədlər tərəflər arasında əlaqələrin inkişafı istiqamətində atılmış növbəti əhəmiyyətli addımdır.

Ölkə iqtisadiyyatının dinamik inkişafı nəticəsində Azərbaycan şirkətlərinin maliyyə imkanları artmış və onlar qonşu ölkələrə, o cümlədən Rusiyanın Şimali Qafqaz regionuna fəal investisiya qoyuluşuna başlamışlar. Hazırda bir sıra Azərbaycan şirkətləri tikinti və layihələndirmə, qida sənayesi və s. sahələrdə Şimali Qafqaz regionunda uğurla fəaliyyət göstərirlər. İqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün Dağıstan Respublikası ilə İqtisadiHumanitar sahədə Əməkdaşlıq üzrə Komissiya yaradılmışdır.

Biznes forumda Azərbaycan iqtisadiyyatı barədə məlumat verən nazir Şahin Mustafayev son illər iqtisadiyyatın şaxələndirilməsi nəticəsində qeyri-neft sektorunun inkişafının daha da sürətləndiyini vurğulamış, Azərbaycanda irimiqyaslı infrastruktur layihələrinin həyata keçirildiyini qeyd etmişdir. Son 7 ildə Azərbaycanda ÜDM 3 dəfə, qeyri-neft sektoru 2 dəfə, orta aylıq əməkhaqqı 4,3 dəfə, ticarət dövriyyəsi 5,4 dəfə, strateji valyuta ehtiyatları 18,4 dəfə artmış, yoxsulluq səviyyəsi 5 dəfə azalmışdır. Bu ilin 9 ayında isə qeyri-neft sektoru 8,2 faiz, kənd təsərrüfatı 7,6 faiz, əhalinin gəlirləri 19 faiz artmışdır. Hazırda ölkənin valyuta ehtiyatları xarici borcları 8 dəfə üstələyir. Azərbaycanın qazandığı nailiyyətlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir.

Siyasimakroiqtisadi sabit, əlverişli biznes mühitinə malik, təbii və enerji resursları ilə zəngin Azərbaycan xarici investisiyalar üçün cəlbedici ölkədir. Əlverişli coğrafi mövqeyə malik Azərbaycanda "Böyük İpək yolu", Şimal-Cənub nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələrin həyata keçirilməsi ölkəni vacib regional nəqliyyat qovşağına çevirmişdir.

Nazir tarixi və mədəni kökləri, adət-ənənələri yaxın olan Azərbaycan və Dağıstan arasında dostluq əlaqələrinin inkişafında görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin böyük xidmətləri olduğunu vurğulamışdır. Eyni zamanda, Şimali Qafqaz regionunun ədəbiyyat və incəsənət xadimləri də Azərbaycanda yaxşı tanınır.

Tədbirdə çıxış edən Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedov Rusiya-Azərbaycan əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini, bu sahədə Rusiya regionlarının rolunun artdığını qeyd etmiş, Dağıstanın xarici ticarətinin 80 faizinin Azərbaycanın payına düşdüyünü bildirmişdir. M.Maqomedov biznes forumun keçirilməsinin iqtisadi münasibətlərin daha da möhkəmləndirilməsində əhəmiyyətli addım olduğunu vurğulamışdır.

Biznes forum çərçivəsində adamları arasında ikitərəfli görüşlər keçirilmiş, əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunmuşdur.

 

Azərbaycan.- 2011.- 27 noyabr.- S. 6.