Fransa İnkişaf Agentliyi Azərbaycanda alternativ və bərpa olunan energetika sahəsində layihələri maliyyələşdirmək niyyətindədir

 

Fransa İnkişaf Agentliyinin Azərbaycan üzrə nümayəndəsi Paskal Qrinqrau Bakıda sənaye və energetika nazirinin müavini Natiq Abbasovla görüşü zamanı qurumun Azərbaycanda bir sıra sahələrdə, əsasən də, alternativ və bərpa olunan energetika sahəsində layihələri maliyyələşdirmək niyyətində olduğunu bildirmişdir.

Sənaye və Energetika Nazirliyindən AzərTAc-a bildirmişlər ki, görüşdə P.Qrinqrau Azərbaycana növbəti səfəri zamanı, konkret layihələr ətrafında müzakirələr aparılması üçün müvafiq texniki heyətlə gələcəyini bildirmişdir. N.Abbasov Azərbaycanda alternativ və bərpa olunan energetika sahəsinin mövcud vəziyyəti, aparılan işlər, layihələr və perspektivlər barədə qonağa ətraflı məlumat vermişdir.

Xatırladaq ki, Fransa Prezidenti Nikola Sarkozinin ölkəmizə rəsmi səfəri zamanı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi ilə Fransa İnkişaf Agentliyi arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır. Fransa İnkişaf Agentliyinin dünyada 60-dan çox ofisi fəaliyyət göstərir. Agentlik hazırda 90-dan çox ölkə ilə əməkdaşlıq edir və müxtəlif layihələri maliyyələşdirir.

 

Azərbaycan.- 2011.- 27 noyabr.- S.  7.