Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin İzmir vilayətinin valisi Mustafa Cahit Kıracın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Türkiyə Respublikası İzmir vilayətinin valisi Mustafa Cahit Kıracın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

İzmir şəhərindən böyük nümayəndə heyəti ilə Bakıya səfər etdiyini deyən Mustafa Cahit Kırac paytaxtımızda həyata keçirilən abadlıq və quruculuq işlərinin onlarda çox böyük təəssürat yaratdığını bildirdi. O, Azərbaycan Prezidentinin rəhbərliyi ilə Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməkdə olduğunu qeyd etdi. Mustafa Cahit Kırac Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə İzmirdə keçirilən tədbirin ölkəsi və eləcə də İzmir şəhəri üçün böyük önəm daşıdığını vurğuladı.

Bakı ilə İzmirin qardaşlaşmış şəhər olduğunu vurğulayan dövlət başçısı hazırda bu əlaqələri daha da inkişaf etdirmək üçün yaxşı imkanların olduğunu qeyd etdi. Prezident İlham Əliyev İzmirə səfərini məmnunluqla xatırladı. Dövlət başçısı İzmir valisi Mustafa Cahit Kıracın Bakıya səfərindən sonra bu əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.                     

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 29 noyabr.- S.  1.