Əli Həsənov: AzərTAc ilə Qətər Xəbərlər Agentliyi arasında imzalanmış memorandum Azərbaycan həqiqətlərinin ərəb dünyasında geniş yayılmasında mühüm rol oynayacaqdır

 

Noyabrın 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ölkəmizdə səfərdə olan Qətər Xəbərlər Agentliyinin (QNA) baş direktoru Əhməd Səad Əbduləziz əl-Buayneyn və xəbərlər redaksiyasının müdiri Abdullah Əbdürrəhman ilə görüşmüşdür.

Görüşdə Əli Həsənov Qətər Dövlətinin ərəb dünyasında çox böyük nüfuza malik olduğunu vurğulamış, ölkələrimiz arasında əlaqələrin dinamik inkişafının əhəmiyyətini diqqətə çatdırmışdır.

Prezident Administrasiyasının şöbə müdiri Ə.Həsənov demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü ildə Qətərə və Qətər Dövlətinin Əmiri Şeyx Həməd bin Xəlifə əl-Taninin 2007-ci ildə Azərbaycana səfərləri ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin inkişafında yeni mərhələ açmış, münasibətlərin dərinləşməsinə təkan vermişdir. Bunun nəticəsidir ki, həm Azərbaycanın, həm də Qətərin nümayəndə heyətləri müxtəlif beynəlxalq təşkilatlarda aparılan müzakirələrdə eyni mövqedən çıxış edir, bir-birlərini dəstəkləyirlər. Ə.Həsənov Qətərin ərəb dünyasında Azərbaycanın ərazi bütövlüyünü tanıyan ilk ölkələrdən biri olduğunu demiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı respublikamızın haqlı mövqeyini müdafiə etdiyinə görə bu dövlətin rəhbərliyinə və xalqına minnətdarlığını bildirmişdir.

Yeni dünya düzənində milli xəbər agentliklərinin rolundan danışan Prezident Administrasiyasının rəsmisi AzərTAc ilə QNA arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyətini vurğulamış, bu sənədin ölkələrimizin əlaqələrinin informasiya təminatında mühüm rol oynayacağını bildirmişdir.

Əli Həsənov Qətər Xəbərlər Agentliyinin baş direktoru Əhməd Səad Əbduləziz əl-Buayneyni Ərəb İnformasiya Agentlikləri Alyansının (FANA-nın) prezidenti seçilməsi münasibətilə təbrik etmiş, ona fəaliyyətində uğurlar arzulamışdır. 

Qətər Xəbərlər Agentliyinin baş direktoru Əhməd Səad Əbduləziz əl-Buayneyn səmimi görüşə görə minnətdarlığını bildirmiş, AzərTAc ilə QNA-nın 2004-cü ildən AsiyaSakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) çərçivəsində sıx əməkdaşlıq etdiklərini vurğulamışdır.

AzərTAc-ın OANA-da yüksək fəallığa və nüfuza malik olduğunu diqqətə çatdıran Əhməd Səad Əbduləziz əl-Buayneyn bildirmişdir ki, milli agentliklər arasında imzalanmış Anlaşma Memorandumu Azərbaycanın iqtisadi, siyasi və elmi-mədəni uğurları barədə informasiyaların rəhbərlik etdiyi FANA-nın üzvü olan ölkələrdə də geniş yayılmasına imkan verəcəkdir.

QNA-nın baş direktoru 2008-ci ildə Bakıda AzərTAc-ın ev sahibliyi ilə yüksək səviyyədə keçirilən OANA İcraiyyə Komitəsinin 30-cu iclasında iştirakını və Azərbaycan Prezidenti İlham Əliyevin nümayəndə heyətlərinin rəhbərlərini qəbul etməsini məmnunluqla xatırlamış, hazırda Bakıda çox böyük inkişafın şahidi olduğunu demişdir.

AzərTAc ilə QNA arasında imzalanmış Anlaşma Memorandumunun ölkələrimizin informasiya sahəsində əlaqələrinin inkişafında yeni mərhələ açacağını bildirən Əhməd Səad Əbduləziz əl-Buayneyn Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovu və AzərTAc-ın baş direktoru Aslan Aslanovu Qətərə səfərə dəvət etmişdir.

Görüşdə Qətərin Azərbaycandakı səfiri Şeyx Mübarək bin Fəhd Casim Al Tani və AzərTAc-ın baş direktoru Aslan Aslanov iştirak etmişlər.

 

Azərbaycan.- 2011.- 30 noyabr.- S.  2.