Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin Naxçıvan toplantısına hazırlıq məqsədi ilə Üçtərəfli İqtisadi Komitənin birinci iclası Tehranda işə başlamışdır

 

 Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin Naxçıvanda keçirilməsi nəzərdə tutulmuş toplantıya hazırlıq məqsədi ilə üç ölkə mütəxəssislərindən ibarət Üçtərəfli İqtisadi Komitənin birinci iclası noyabrın 29-da Tehranda işə başlamışdır.

Naxçıvan toplantısının tarixini və gündəliyini müəyyənləşdirmək məqsədi ilə keçirilən iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılığı ilə nümayəndə heyəti təmsil edir.

Azərbaycan, Türkiyə və İran arasında üçtərəfli münasibətlərin inkişaf perspektivlərindən danışan X.Xələfov qeyd etmişdir ki, ticarət, sənaye, nəqliyyat, rabitə, turizm, texnologiya, elm və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi üçün səylər bundan sonra da artırılmalıdır.

İran xarici işlər nazirinin müavini Məhəmməd Əli Fətullahi Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin Naxçıvanda keçiriləcək toplantısının tarixi hadisə olacağını vurğulayaraq əminliklə qeyd etmişdir ki, qəbul olunacaq qərarlar üç ölkənin sərhəd  bölgələrinin daha da sürətli inkişafına əhəmiyyətli təkan verəcəkdir.

Türkiyə xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini Mehmet Gücükün çıxışından sonra iclas işini bölmələr üzrə davam etmişdir.

Komitənin iclası noyabrın 30-da başa çatacaqdır.

 

Sabir ŞAHTAXTI,

AzərTAc-ın xüsusi müxbiri

Tehran

 

Azərbaycan.- 2011.- 30 noyabr.- S.  2.