Baş Prokurorluqda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilmişdir

 

 Oktyabrın 1-də - Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin iyirminci ildönümü  ərəfəsində Baş Prokurorluqda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, Baş Prokurorluğun müsabiqə komissiyasının üzvləri və müsabiqə yolu ilə prokurorluqda qulluğa qəbul edilmiş gənclər əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmiş, ulu öndərimizin və xalqımızın müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən oğullarının əziz və unudulmaz xatirəsini yad etmişlər.

Mərasimdə çıxış edən baş prokuror Zakir Qaralov demişdir ki, prokurorluğun kadr tərkibinin formalaşdırılmasının yeganə düzgün yolu kimi beynəlxalq standartlara uyğun şəffaf prosedur əsasında gənc mütəxəssislərin işə qəbulu, memarı ümummilli liderimiz Heydər Əliyev olan və Prezident İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirilən hərtərəfli məhkəmə-hüquq islahatları nəticəsində mümkün olmuşdur. Azərbaycan Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq, tam aşkarlıq şəraitində, şəffaf prosedurlarla, ciddi ictimai nəzarət altında, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin müşahidəsi ilə keçirilən müsabiqədə seçilən ən layiqli namizədlər müxtəlif vəzifələrə təyinatlar almışlar.

Qeyd edilmişdir ki, prokurorluq orqanlarında işləmək üçün Baş Prokurorluğun Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqəli şəkildə keçirdiyi qəbul prosesində iştirak etmiş gənc hüquqşünaslar arasından seçilmiş 108 namizədin andiçmə mərasimi müstəqil Azərbaycan Respublikasının inkişaf tarixinin ən yeni yüksəliş dövrünə, dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünün təntənə ilə qeyd olunduğu ərəfəyə təsadüf edir. Bu gün dünyada analoqu olmayan çox yüksək sürətlə inkişaf edən Azərbaycanda dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında böyük quruculuq işləri həyata keçirilir, əhalinin sosial rifah halı daha da yaxşılaşır, regionun aparıcı dövlətinə çevrilən ölkəmizin iqtisadi qüdrəti möhkəmlənir, demokratik dəyərlərə əsaslanan dünyəvi və hüquqi dövlət quruculuğunun tam yeni məzmunlu bir mərhələyə qaldırılması istiqamətində möhtəşəm işlər görülür.

Xüsusi vurğulanmışdır ki, gənclərə hərtərəfli qayğı və diqqət göstərilməsi, onların problemlərinin həlli istiqamətində bütün dövlət təsisatları tərəfindən zəruri tədbirlərin görülməsi, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə olunması Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlətçilik siyasətinin prioritet istiqamətlərindəndir.

Diqqətə çatdırılmışdır ki, ulu öndər Heydər Əliyevin sədrliyi ilə  2000-ci il aprelin 26-da keçirilən müşavirədə əsası qoyulmaqla, prokurorluqda bu gün də uğurla davam etdirilən hərtərəfli islahatlar prosesinin ən mühüm istiqamətlərindən biri kimi müsabiqə yolu ilə qulluğa qəbula alternativ ola bilməz və bu yol prokurorluğun kadr tərkibinin komplektləşdirilməsinin ən demokratik və mütərəqqi vasitəsidir. 2002-ci ildən başlayaraq keçirilən müsabiqələr nəticəsində işə qəbul edilmiş 499 gənc mütəxəssis hazırda prokurorluq işçilərinin ümumi sayının 50 faizini təşkil edir. Müsabiqə yolu ilə ilkin qəbulların nəticələrinə görə prokurorluqda qulluğa qəbul edilməklə fəaliyyətləri dövründə xidməti vəzifələrinə vicdanlı münasibətləri və peşə hazırlığı səviyyəsinə görə seçilən gənc mütəxəssislər vəzifədə irəli çəkilmiş, o cümlədən Baş Prokurorluğun mühüm qurumlarına təyinatlar almışlar.

Prokurorluq işçiləri üçün çox əlamətdar hadisə olan bu tədbirin əhəmiyyətini xüsusi vurğulayan müsabiqə komissiyasının sədri, baş prokurorun müavini Namiq Əsgərov komissiyanın fəaliyyəti və müsabiqənin keçirilməsi ilə bağlı mərasim iştirakçılarına ətraflı məlumat vermişdir.

Daha sonra prokurorluqda qulluğa qəbul olunmuş gənclərin vəzifələrə təyin edilməsi barədə əmr elan edilmiş, işə qəbul olunanlar Azərbaycanın dövlət bayrağı önündə təntənəli surətdə and içmişlər. Baş prokuror onlara xidməti vəsiqələr təqdim etmişdir.

Mərasimdə çıxış edən gənclər prokurorluğa işə qəbulun obyektiv, ədalətli və beynəlxalq tələblərə uyğun keçirilməsinə yaradılmış şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını çatdırmış və onlara göstərilən yüksək etimadı doğruldacaqlarına söz vermişlər.

Yekunda baş prokuror Zakir Qaralov prokurorluğa qulluğa qəbul olunan gənc mütəxəssisləri stajçı-prokurorluq işçisi kimi müxtəlif qurumlara təyinat almaları münasibətilə təbrik etmiş, onların fəaliyyətləri dövründə prokurorluq işçisinin şərəfini həmişə uca tutacaqlarına əmin olduğunu bildirmişdir.

Diqqətə çatdırılmışdır ki, stajkeçmə müddətində gənclər öz biliklərini daha da təkmilləşdirməli, "Prokurorluq haqqında" qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işi hərtərəfli öyrənməli, müasir texniki vasitələrdən, ilk növbədə, kompyuter texnikasından istifadə vərdişlərini daha da təkmilləşdirməli, xarici dilləri mükəmməl mənimsəmək üçün səylə çalışmalıdırlar.

Mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.

 

 

Azərbaycan.-2011.-2 oktyabr.-S.5.