MSK-nın nəzdində ekspert qrupu Nəzarət-təftiş xidməti yaradılmışdır

 

Oktyabrın 1-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilmişdir.

MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda əvvəlcə komissiyanın 2011-ci il 19 sentyabr tarixli iclasın protokolu təsdiq edilmişdir.

Sonra MSK-nın katibi Arifə Muxtarova vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə komissiyanın nəzdində ekspert qrupunun yaradılması barədə iştirakçılara məlumat vermişdir. İclasda cari il noyabrın 30-na təyin edilmiş bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər dövründə komissiyanın nəzdində fəaliyyət göstərəcək 9 nəfərdən ibarət ekspert qrupunun yaradılması haqqında qərar qəbul edilmişdir. MSK, həmçinin qərara almışdır ki, dairə seçki komissiyalarının nəzdində qısa müddət ərzində müvafiq tələblərə cavab verən ekspert qruplarının yaradılması həmin seçki komissiyalarına həvalə edilsin.

İclasda MSK nəzdində Nəzarət-təftiş xidmətinin yaradılmasına dair qərar da qəbul edilmişdir. Qərara əsasən MSK-nın üç üzvü, Komissiya Katibliyinin Maliyyə şöbəsinin müdiri, Maliyyə və Vergilər nazirliklərinin, Hesablama Palatasının və Milli Bankın nümayəndələrindən ibarət Nəzarət-təftiş xidməti yaradılmışdır. MSK -nın üzvü Ramiz İbrahimov bu xidmətin rəhbəri təyin edilmişdir.

İclasda cari məsələlərə də baxılmışdır.

İclasda ATƏT-in Bakı ofisinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

 

 

Azərbaycan.-2011.-2 oktyabr.-S.5.