Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərlə əlaqədar vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar N 10/34

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 29 sentyabr 2011-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər 30 noyabr 2011-ci ilə təyin edilmişdir. Seçki qanunvericiliyinin tələblərinə müvafiq olaraq seçkilər prosesində vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada seçki komissiyalarının nəzdində  ekspert qrupları yaradılmalıdır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1.1-ci maddəsinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimatn 5.1-ci bəndinə uyğun olaraq vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə, səsvermə gününə azı altmış gün qalmış, hər seçki (referendum) dövründə fəaliyyət göstərən, tərkibinə müvafiq seçki komissiyasının hüquqşünas üzvləri, o cümlədən peşəkarlıq, dəqiq faktikihüquqi təhlillər aparmaq bacarığı, seçki sahəsində təcrübəsi, fəaliyyətinin qərəzsizliyi barədə ictimai inamın yüksək olması kimi meyarlara cavab verən seçki komissiyalarının digər üzvləri və katiblik əməkdaşları daxil edilməklə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində 9 nəfərdən, dairə seçki komissiyalarının nəzdində isə 3 nəfərdən ibarət müvafiq ekspert qrupları yaradılır. 

Seçki hüququnun pozulması ilə əlaqədar seçki komissiyalarına daxil olmuş şikayət və müraciətlərin araşdırılmasının obyektivliyini və səmərəliliyini artırmaq məqsədilə yuxarıda göstərilən qayda müvafiq ekspert qruplarının yaradılması zəruridir. Ona görə də Mərkəzi Seçki Komissiyasının nəzdində bu qərarın nəticə hissəsində göstərilmiş 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradılmalı, seçki keçiriləcək dairə seçki komissiyalarının nəzdində qanunvericiliklə nəzərdə tutulmuş müddətdən gec olmayaraq müvafiq tələblərə cavab verən 3 nəfərdən ibarət tərkibdə ekspert qruplarının yaradılması isə həmin seçki komissiyalarına həvalə edilməlidir.  

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 112-1.1-ci maddələrinə və  yuxarıda göstərilən Təlimatın 5.1-ci bəndinə əsasən qərara alır:

1. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində 2011-ci il noyabrın 30-na təyin edilmiş Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin keçirilməsi dövründə fəaliyyət göstərəcək 9 nəfərdən ibarət aşağıdakı tərkibdə ekspert qrupu yaradılsın:

 

Ramiz İbrahimov -   Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü

Qabil Orucov -         Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü

Validə Kazımova -   Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü

Tofiq Həsənov     -   Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü

Bəxşeyiş Əsgərov -  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü

İradə Hacıyeva    -   Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi Hüquq şöbəsinin müdiri

Rafiq Abbasov -      Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi  Hüquq şöbəsinin baş məsləhətçisi

Emin Quliyev -        Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi Hüquq şöbəsinin baş məsləhətçisi

Bəhlul Yaqubov    - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi Hüquq şöbəsinin böyük məsləhətçisi

2. Seçki keçiriləcək dairə seçki komissiyalarının nəzdində qanunvericiliklə nəzərdə tutulmuş müddətdən gec olmayaraq müvafiq tələblərə cavab verən 3 nəfərdən ibarət tərkibdə ekspert qruplarının yaradılması həmin seçki komissiyalarına həvalə edilsin.

3. Qərar 24 saat müddətində dərc edilsin.

4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr        Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

01.10.11

 

 

Azərbaycan.-2011.-2 oktyabr.-S.5.