Görkəmli alim, qayğıkeş müəllim, şəfqətli həkim

 

Azərbaycan tibb elminin, tibb təhsili sisteminin, ölkə səhiyyəsinin inkişafında mühüm xidmətləri olan görkəmli alimlərdən biri də anadan olmasının 90 illik yubileyini qeyd etdiyimiz əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, qayğıkeş həkim, gözəl müəllim, bacarıqlı səhiyyə təşkilatçısı, tibb elmləri doktoru, professor Tamerlan Əziz oğlu Əliyevdir.

T.Əliyev 1921-ci il oktyabr ayının 3-də qədim Naxçıvanın Şahtaxtı kəndində anadan olmuşdur. Onun dünyaya gəlməsindən 3 il əvvəl - 1918-ci ildə valideynləri əzəli Azərbaycan torpağı olan İrəvandan məcburi köçkün salınmış, gəlmə ermənilərin törətdikləri vandalizmin qurbanı olmuşdular.

T.Əliyevin atası - gələcəyin görkəmli dövlət və elm xadimi Əziz Əliyev 1923-cü ilin may ayında ailəsi ilə birlikdə Naxçıvandan Bakıya köçəndə onun 2 yaşının tamamına az qalırdı. Həmin dövrdə Sankt-Peterburq Tibb  Akademiyasının II kurs tələbəsi olan Əziz Əliyev köçkünlük nəticəsində yarımçıq qalmış ali tibb təhsilini Bakıda davam etdirmək məcburiyyətində qalmışdı. Onun oğlu Tamerlan Əliyev sonrakı həyatının bütün dövrlərini Bakıda keçirmiş, bu şəhərdə böyüyüb kamilləşmişdir. O, ilk təhsilini Bakıdakı 3 nömrəli ibtidai məktəbdə almış, sonra isə Bakının Oktyabr (indiki Yasamal) rayonundakı 176 nömrəli orta ümumtəhsil məktəbini bitirmişdir. Orta təhsilini əla qiymətlərlə başa vuran yeniyetmə o dövrün qaydalarına görə qəbul imtahanlarından azad edilmiş, həkim olmaq arzusunu reallaşdırmaq məqsədilə 1940-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Həyatda arzusuna müvafiq düzgün peşə seçimi edən gənc 1941-1945-ci illər müharibəsi dövrünə təsadüf edən tələbəlik illərində də özünün səyi, çalışqanlığı, bacarığı, erudisiyası və əməksevərliyi ilə diqqəti cəlb etmiş, dostlarının və müəllimlərinin rəğbətini qazanmışdır.

Stalin təqaüdçüsü olan Tamerlan Əliyev eyni zamanda təhsildə və ictimai işlərdə əldə etdiyi nailiyyətlərə görə o zamanlarda nadir hallarda rast gəlinən yüksək təltifə - Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına layiq görülmüşdür.

Müharibə illərində Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil müddəti 4 ilə qədər azaldıldığına görə T.Əliyev artıq 1944-cü ildə institutu bitirmiş və əmək fəaliyyətinə başlamışdı. Lakin o, hələ 1943-cü ilin sentyabrında sonuncu kursda oxuyarkən artıq Bakı şəhərindəki Elmi-Tədqiqat EpidemiologiyaMikrobiologiya İnstitutunda epidemioloq vəzifəsini yerinə yetirmiş, 1944-cü ildə isə Azərbaycan Dövlət Tibb İnstitutunun Mikrobiologiya kafedrasında assistent kimi fəaliyyət göstərmişdir. Gənc məzun 1945-ci ildən etibarən Azərbaycan Dövlət Tibb İnstitutunun fakültativ terapiya - Azərbaycan Tibb Universitetinin indiki II müalicə - profilaktika fakültəsinin Daxili xəstəliklər kafedrasında əvvəlcə kliniki ordinator, sonra isə assistent, dosent, professorkafedra müdiri vəzifələrində çalışmış və onun bütün sonrakı fəaliyyəti Azərbaycan Tibb Universiteti ilə bağlı olmuşdur.

Professor T.Əliyev pedaqoji, müalicəvi, təşkilati fəaliyyəti ilə yanaşı, elmi-tədqiqat işlərinə də böyük əmək sərf etmişdir. O, XX əsrin 50-ci illərinin əvvəllərində Azərbaycan kurort amillərinin, o cümlədən İstisu və Darıdağ sularının, Naftalan neftinin insanheyvan orqanizminə təsir mexanizmlərinin öyrənilməsi ilə məşğul olmuş, 1954-cü ildə "Heyvan orqanizminin immun reaktivliyinin Naftalan neftinin təsiri altında dəyişməsinin xarakteristikası" mövzusu üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. Tamerlan Əliyev 1954-cü ildə həm də Azərbaycan SSR KP BK nəzdində fəaliyyət göstərən ikiillik siyasi universitetin axşam şöbəsini bitirmişdir.

Sonrakı illərdə gənc alim  elmi-tədqiqat işlərini endokrin sistem xəstəliklərinin patogenezinin, klinika və müalicə üsullarının, həmçinin miokard infarktının müalicəsi və hemostaziologiya problemlərinin öyrənilməsi istiqamətinə yönəltmişdir.

Professor T.Əliyev apardığı elmi-tədqiqat işlərinin nəticələrinə əsasən 1969-cu ildə "Şəkərli diabetin müxtəlif formaları olan xəstələrdə, periferik damarların vəziyyəti: metabolizmin və qanın laxtalanmasının bəzi göstəriciləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1970-ci ildə isə SSRİ Ali Attestasiya Komissiyası onun professor elmi adını təsdiq etmişdir. Elə həmin ildə Tamerlan müəllim  Azərbaycan Dövlət Tibb İnstitutunun Daxili xəstəliklər kafedrasının müdiri vəzifəsinə seçilmişdir. O, 20 il bu vəzifədə çalışmışdır.

Professor T.Əliyev ötən əsrin 70-80-ci illərində əməkdaşları ilə birlikdə  tədrisin islahatlar yolu ilə təkmilləşməsinə böyük töhfələr vermişdir. O, tədris-metodiki işlərin müasir tələblər səviyyəsində aparılmasına, tədrisin keyfiyyət göstəricilərinin, həmçinin nəticələri səhiyyə praktikasına tətbiq olunan elmi-tədqiqat işlərinin sayının və sanbalının artmasına nail olmuş, nümunəvi bir kafedra yaratmışdır. Ümumiyyətlə, Tamerlan müəllim təkcə ATİ-də deyil, bütövlükdə ölkədə tədris-metodiki işlərin ən gözəl bilicilərindən biri kimi tanınırdı. Ona görə də bu sahədə alimə çoxsaylı müraciətlər edilirdiTamerlan müəllim mahir bir pedaqoq kimi heç kəsdən öz dəyərli məsləhətlərini əsirgəmirdi. Görkəmli alim 1990-cı ildə o dövrün yaş senzinin tələblərinə riayət edərək ərizəsinə görə kafedra müdiri vəzifəsindən çıxmış, öz yetirməsinin həmin vəzifəyə seçilməsinə zəmanət vermişdir. O, 1990-cı ildən ömrünün sonuna (1997) qədər kafedranın professoru vəzifəsində çalışmışdır.

1975-ci ildə professor T.Əliyev Fuad Əfəndiyev adına 4 nömrəli Bakı şəhər Klinik Xəstəxanası nəzdində 90 yerlik endokrinologiya şöbəsi yaratmışdır və bu şöbə hazırda da fəaliyyətini davam etdirir. Həmin dövrdə Tamerlan müəllimin təşəbbüsü ilə Daxili xəstləlikər kafedrasının nəzdində Azərbaycan Respublikasında ilk dəfə olaraq intensiv kardioloji yardım şöbəsi yaradılmış, reanimasiyaintensiv terapiya bloku, funksional diaqnostika şöbəsi təşkil edilmişdir. Professor T.Əliyev Azərbaycanda kardioloji xidmət sisteminin təşkili sahəsinin inkişafına böyük əmək sərf etmişdir. Novator alimin təşəbbüsü ilə keçmiş SSRİ miqyasında ilk dəfə olaraq Bakıdakı 4 nömrəli şəhər Klinik Xəstəxanası nəzdində miokard infarktı və şəkərli diabeti olan xəstələrin distansion diaqnostikası, təxirəsalınmaz yardımı, həmçinin intensiv terapiyası təşkil edilmişdirbu da respublikada həmin xəstəliklərdən ölüm faizinin azalmasına səbəb olmuşdu.

Professor T.Əliyevin Azərbaycan səhiyyəsi, Azərbaycan tibb tarixi salnaməsinə qızıl hərflərlə yazılmış xidmətlərindən biri də bilavasitə onun təşəbbüskarlığı, təşkilatçılığı ilə inşa edilərək fəaliyyətə başlayan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu olmuşdur. Bakıda lazımi məqamda belə bir möhtəşəm müalicə-diaqnostika mərkəzinin fəaliyyətə başlaması Azərbaycan səhiyyəsinin, tibb elminin inkişafına güclü təkan vermişdir. Ölkəmizin  tibb ictimaiyyəti institutun yaradıcısı olan əməkdar elm xadimi, professor Tamerlan Əliyevin unudulmaz xatirəsini daim böyük minnətdarlıqla yad edir.

Azərbaycan Endokrinoloqlar Cəmiyyətinin sədri olan Tamerlan müəllimin endokrinologiya sahəsinin inkişafı yolunda göstərdiyi əvəzsiz xidmətləri ölkəmizin hüdudlarından kənarda da qiymətləndirilirdi və görkəmli alimə geniş nüfuz qazandırırdı. Azərbaycan aliminin vaxtilə keçmiş SSRİ-də Ümumittifaq Endokrinoloqlar, Kardioloqlar və Nefroloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü seçilməsi və onun bu sahədəki fəal iştirakı, əldə etdiyi mükəmməl elmi nailiyyətləri qeyd olunanları sübut edən amillərdəndir.

Professor T.Əliyevin 1983-cü ildə Ümumittifaq Endokrinoloqlar Cəmiyyətinin səyyar elmi sessiyasının Bakıda keçirilməsinə nail olması Azərbaycan səhiyyəsində böyük tarixi hadisəyə çevrilmişdi. Görkəmli alim uzun illər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş terapevti, Bakı şəhər Səhiyyə İdarəsinin baş endokrinoloqu, ictimai əsaslarla ATİ-nin elmi işlər üzrə prorektorus. vəzifələri yerinə yetirmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin IV Baş İdarəsinin məsləhətçisi, Respublika Hərbi Çağırış Komissiyasının və "Azərbaycan Tibb Jurnalı"nın redaksiya heyətinin üzvü olmuşdur. O, həmçinin Azərbaycan Tibb Universiteti nəzdində fəaliyyət göstərən terapiya ixtisası üzrə İxtisaslaşdırılmış Müdafiə Şurasının sədri vəzifəsində çalışmış, bu sahə üzrə gənc elmi kadrların yetişməsinə, bacarıqlı, savadlı alimlər ordusu sıralarının artmasına qayğıkeşliklə rəhbərlik etmişdir.

Tamerlan Əliyevin elmi məsləhətçiliyi və rəhbərliyi altında 5 doktorluq və 25 namizədlik dissertasiyası yerinə yetirilmişdir. Onun hazırladığı kadrlar Azərbaycanın hüdudlarından kənarda da uğurla fəaliyyət göstərərək müəllimlərinə başucalığı gətirmişlər.

Professor T.Əliyev 250-dən çox elmi əsərin, o cümlədən 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, metodiki tövsiyələrin, səmərələşdirici təklif və ixtiraların, həmçinin çoxsaylı elmi-kütləvi məqalələrin müəllifi olmuşdur.

Tamerlan Əliyevin müəllifi olduğu "Klinik-diaqnostik laborator tədqiqat üsulları" (1974), "Şəkərli diabet haqqında ətraflı məlumat" (1977), "Biokimyəvi tədqiqat üsulları" (1979), "Şəkərli diabet" (1979), "Prediabet" (1982), "Karbohidrat mübadiləsinin pozulmaları və ürəyin işemik xəstəliyi" (1983), "Şəkərli diabet zamanı qan dövranı pozulmaları və onların tənzimi" (1985), "Endokrinologiya" (1993) və s. bu kimi əsərlər indiöz aktuallığını saxlayır, həkimlər və tələbələr tərəfindən geniş istifadə olunur. Onu da qeyd etmək lazımdır ki, alimin uzun illərin təcrübəsi sayəsində əldə etdiyi praktik vərdişlər və nəzəri biliklər əsasında qələmə aldığı "Endokrinologiya" adlı dərslik bu sahə üzrə Azərbaycan dilində yazılmış ilk irihəcmli, genişəhatəli nəşrdir. Alim həmçinin tərcüməçilik işi ilə də məşğul olmuşdur. O, A.V.SumarokovA.A.Mixaylovun "EKQ üzrə vəsait" adlı kitabını rus dilindən Azərbaycan dilinə çevirmişdir.

Professor T.Əliyevin "Klinik-diaqnostik laborator tədqiqat üsulları" adlı monoqrafiyası SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinə təqdim edilmiş və sərginin qızıl medalına layiq görülmüşdür. Bu monoqrafiya Azərbaycan Respublikasının Dövlət mükafatı ilə təltif edilmişdir.

Tamerlan müəllim Amerika Birləşmiş Ştatları, Fransa, İngiltərə, Almaniya, Kanada, İsveçrə, Finlandiyabaşqa xarici ölkələrdə keçirilmiş elmi toplantılarda maraqlı məruzələr edərək Azərbaycanı layiqincə təmsil etmişdir.

Görkəmli alim səhiyyə, təhsil və elm sahəsində əldə etdiyi nailiyyətlərə görə dövlət tərəfindən bir sıra fəxri ad, ordenmedallara, mükafatlara, o cümlədən 1981-ci ildə "Əməkdar elm xadimi" fəxri adına, müxtəlif illərdə "Şərəf nişanı" və "Oktyabr İnqilabı" ordenlərinə, "Azərbaycan Respublikası Dövlət Mükafatı" laureatına, Xalq Təssərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalına, "Səhiyyə əlaçısı" döş nişanına, Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanına və digər təltiflərə layiq görülmüş, sanballı elmi-metodiki işlərinin dəyərli nəticələrinin müqabilində dəfələrlə İxtiralar və Kəşflər üzrə SSRİ Dövlət Komitəsinin sertifikatlarını almışdır.

Tamerlan müəllim son dərəcə incə və həssas qəlbə, yüksək mədəni səviyyəyə malik təvazökar və obyektiv insan, qayğıkeş həkim və müəllim, istedadlı və bacarıqlı alim idi. Zamanın təzadlı məqamlarından asılı olmayaraq, o, daim öz insani keyfiyyətlərinin dəyişilməzliyini, zəngin daxili aləminin sabitliyininüfuz dairəsinin toxunulzmazlığını qoruyub saxlaya bilmişdi.

Görkəmli elm xadimi Tamerlan Əliyevin anadan olmasının 90 illik yubileyi elmi-pedaqoji, tibb ictimaiyyəti tərəfindən yüksək səviyyədə qeyd olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universiteti tərəfindən alimin əziz xatirəsinə həsr olunmuş elmi-praktik konfransın keçirilməsi nəzərdə tutulmuş, onun materialları isə artıq kitab şəklində çap olunmuşdur.

14 il bundan əvvəl - 1997-ci il aprelin 7-də dünyasını dəyişmiş, əbədiyyətə qovuşmuş unudulmaz alimin əziz xatirəsi daim qəlbimizdə yaşayır və yad edilir.

Görkəmli elm xadimi, qayğıkeş pedaqoq, şəfqətli həkim, bacarıqlı səhiyyə təşkilatçısı kimi şöhrət qazanmış professor Tamerlan Əliyevin tükənməz irsi, etik dəyərləri gələcək nəsillərə əsl örnəkdir.

 

 

Oqtay ŞİRƏLİYEV,

Azərbaycan Respublikasının

səhiyyə naziri, professor

 

Əhliman ƏMİRASLANOV,

Azərbaycan Tibb Universitetinin

rektoru, akademik,SSRİ Dövlət

mükafatı laureatı, Milli Məclisin deputatı

 

Azərbaycan.- 2011.- 1 oktyabr.- S.  6.