Müqəddəs borc

 

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun məlumatlarına əsasən, ölkəmizdə əmək pensiyaçılarının 371 013 nəfəri ahıl vətəndaş, o cümlədən onların 149 035 nəfəri kişi, 221 978 nəfəri isə qadındır. Bir faktı da qeyd edək: ahıl pensiyaçıların 284 533 nəfəri 70-80, 77 079 nəfəri isə 80-90 yaş arasında olan insanlardır. Onlardan 9401 nəfərinin isə yaşı artıq 90-nı çoxdan adlayıb. Ümumiyyətlə, respublikamızda ahıllar pensiyaçıların 28 faizini təşkil edirlər.

Dünyada isə 700 milyon yaşlı insan var. Onların böyük əksəriyyəti, 40 milyondan çoxu Rusiyada yaşayır. Bir faktı qeyd etməyə dəyər ki, harada yaşamalarından asılı olmayaraq, ahıl insanların böyük bir qismi fəal həyat tərzinə malikdir. Onlar hamı kimi qayğı çəkir, çalışır, ailəsinin, övladlarının yanında olmağa, ömürlərini cəmiyyət arasında, dost-qohum yanında keçirməyə çalışırlar. Bu isə çox təəssüf ki, həmişə mümkün olmur. Mümkün olsa idi, yəqin onda atılmış, tək-tənha insan, "qocalar evi" olmazdı.

Bəlkə elə buna görə, problemin vacibliyini nəzərə alaraq BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı xüsusi qətnamə qəbul edib həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Bir çox Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da həm cəmiyyətimiz, həm dövlətimiz tərəfindən  ahıllara həmişə xüsusi diqqət qayğı göstərilir. Belə ki, hələ ümummilli lider Heydər Əliyev 22 iyun 2001-ci ildə "Ahıllara sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununu imzalamışdır. Qanuna əsasən, ölkədə 70 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunurlar.

Onu da qeyd edək ki, digər pensiyaçılar kimi, ahılların da problemləri həmişə diqqət mərkəzindədir. Onların pensiyalarının təyinatı, vaxtında ən mütərəqqi metodlarla ödənilməsi üçün bütün imkanlardan istifadə edilir.

Hər bir gəncin qocalığı olduğu kimi, hər bir qocanın da uşaqlığı, gəncliyi, qurub-yaradan vaxtı olub. Bəlkə ona görə qocalar həmişə uşaq kimi kövrək olurlar. Ancaq unutmamalıyıq ki, hər bir yaşda cəmiyyətin fəal üzvü olmaq olar. Əgər yaşına baxmayaraq, insan düşünmə əmək qabiliyyətini itirməyibsə, özünün cəmiyyətə lazım olduğunu dərk edirsə, onda onun zəhmətinə təcrübəsinə həmişə ehtiyac olacaq.

Ümumiyyətlə, kimsəsiz uşaq yaşlıların məsələsi son iki əsrin əsas problemlərindən birinə çevrilib. İnkişaf etmiş ölkələrin hər biri bu məsələni müxtəlif cür həll etməyə çalışır. Sovet dönəmində başqa respublikalarda olduğu kimi, Azərbaycanda da həmin problem özünəməxsus şəkildə həllini tapıb. İmtina edilən balacalar, uşaqlar ahılların internat xüsusi evlərdə yerləşdirilməsi humanizm əlaməti kimi görünsə , indi məsələnin həlli başqa cür qoyulur. Həmin kimsəsizlərin topluma qaytarılması üçün müəyyən addımlar atılır. Hələlik isə onlar tam dövlət təminatındadırlar.

Hər il oktyabrın 1-nin Beynəlxalq Ahıllar Günü kimi qeyd olunmasında məqsəd ahıl insanların sosial-məişət problemlərini, tibbi ehtiyaclarını öyrənmək ictimaiyyətin diqqətini onların həllinə yönəltməkdən ibarətdir. Həmin gün belə insanlar üçün bayram süfrələri açılır, onlara maddi kömək, digər sosial xidmət göstərilir. Əslində, ahıllara diqqət qayğı göstərmək təkcə təqvimin bir günü deyil, hər zaman olmalıdır. Unutmamalıyıq ki, bugünkü ağsaqqallar, ahıllar bizim dünənimiz, keçmişimizdir. Bu mənada, dövlət ictimai təşkilatlarla yanaşı, Azərbaycan Ağsaqqalar Şurasının fəaliyyəti rəngarəngdir, yaşlı, ahıl insanların həyati tələblərindən irəli gələn aktual məsələlərlə zəngindir. Məhz onların təşəbbüsü  məsləhəti ilə çox yerdə toy yas mərasimlərində milli adət-ənənələrimizin qorunmasına xüsusi diqqət yetirilir.

Bir qayda olaraq, rayon, şəhər əhalinin sosial müdafiə mərkəzlərində ahıl vətəndaşlara 12 növ sosial xidmət göstərilir. Hazırda respublikada 14 mindən çox ahıl vardır. Onlara xidmət göstərən sosial işçilərin sayı 1300 nəfərdir.

Tək və ahıl vətəndaşlara sosial xidmətin bir növü də onların internat evlərində dövlət hesabına yaşamalarıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində olan bu müəssisələrdə 500 nəfərə yaxın tək ahıl vətəndaş tam dövlət təminatında yaşayır. Onlara burada hər cür şərait yaradılıb. Yaşayışları Nazirlər Kabinetinin müəyyən etdiyi normalara tam uyğundur.

Qayğıya, köməyə ehtiyac duyan tək ahıl vətəndaşların problemlərinin həlli məsələsində müəssisə və təşkilatlar da fəal mövqedə dayanırlar. Hər bir kəs, o cümlədən hər bir təşkilat qocaları, kimsəsizləri yad etməyin  savab iş olduğunu çox gözəl dərk edir, buraya pənah gətirib özünə yeni isti ocaq tapan, dünyanın hər üzünü görmüş insanlara maddi və mənəvi dəstək göstərməyi həm də müqəddəs borc bilirlər.

Hazırda dünya əhalisi arasında ahıllaşma prosesi sürətlə getməkdədir. Xüsusilə inkişaf etmiş ölkələrdə yaşlı əhalinin sayı durmadan artır. Bu isə yeni doğulanların azlıq təşkil etməsi ilə bağlıdır. Avropa ölkələrində təqaüd vaxtı uzadılır. Məsələn, Almaniya vətəndaşları 67 yaşda təqaüdə  getmək hüququna malikdirlər. Həmin ölkələrdə həmçinin qocalar evlərinə ehtiyacı olanların da sayında artım var. Azərbaycan vətəndaşları 60-63 yaşında təqaüdə çıxır və ayrı-ayrı inkişaf etmiş ölkələrdən fərqli olaraq, böyük ailə məfhumu, ahıla, valideynə, ağsaqqala, ağbirçəyə hörmət qorunub saxlanılmaqdadır. Lakin buna baxmayaraq, internatlarda yaşayan, doğmaları tərəfindən unudulan insanlarımız da var. Onlara nə qədər qayğı, nəvaziş göstərilsə də, cəmiyyət arasında olmaq,  doğmalarının əhatəsində yaşamaq istəkləri hər şeyi üstələyir.

Gənclər, orta nəslin nümayəndələri, hətta ahıllar da cəmiyyətdə gedən inkişaf proseslərində mütləq iştirak etməlidirlər. Yaşlıların həyat təcrübəsindən, bilik və bacarıqlarından bəhrələnmək isə nəsillər arasında körpü rolunu oynayır. Bu, cəmiyyətin tamlığı və bütövlüyü baxımından da olduqca vacibdir.

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2011.-1 oktyabr.- S.  6.