Azərbaycanda qadın və uşaq problemlərinin həlli sahəsindəki tədbirlər yüksək qiymətləndirilmişdir

 

Oktyabrın 3-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova Türkiyə Respublikasının ailə və sosial siyasət  naziri xanım Fatima Şahinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə qadın və uşaq problemlərinin həlli sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığının perspektivləri müzakirə olunmuşdur.

AQUPDK-nın sədri Hicran Hüseynova dövlət siyasətində ailə, qadın, uşaq problemlərinin həllinin prioritet istiqamətlərdən biri  olduğunu söyləmişdir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ailə dəyərlərinin möhkəmləndirilməsinə, qadınların ictimai həyatda fəal rolunun təmin edilməsinə, uşaqların problemlərinin həllinə böyük qayğı ilə yanaşdığı nəzərə çatdırılmışdır. Bildirilmişdir ki, 2010-cu ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanunu ölkədə qadınların müdafiəsi sahəsində aparılan uzunmüddətli fəaliyyətin davamı kimi böyük əhəmiyyətə malikdir.

Dövlət ailə siyasətinin uğurla reallaşdırılması baxımından Azərbaycanda uşaq və ailələrə dəstək mərkəzləri şəbəkəsinin fəaliyyəti barədə məlumat verən H.Hüseynova həssas təbəqəyə aid ailələrdən olan uşaqların sosial inteqrasiyasında həmin mərkəzlərin mühüm rol oynadığını bildirmişdir.

Azərbaycan qadınlarının iqtisadi sahədə uğurlarından danışan komitə sədri ölkədə sahibkarlığın sürətlə inkişaf etdiyini diqqətə çatdırmışdır. Gələcəkdə bu sahədə fəaliyyətin  daha da genişləndiriləcəyini bildirən AQUPDK-nın sədri ilin sonunadək Azərbaycan-Türkiyə qadınlarının biznes forumunun keçirilməsinin planlaşdırıldığını bildirmişdir.

Fatima Şahin Azərbaycanda qadın və uşaq problemlərinin həlli sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirmiş, xüsusilə, qadınların cəmiyyətdəki rolunun gücləndirilməsi meylinin əhəmiyyətini vurğulamışdır.

Mövzu ətrafında geniş fikir mübadiləsi aparılmış və qonaqları maraqlandıran bir çox məsələlərə aydınlıq gətirilmişdir.

 

 

Azərbaycan.- 2011.-4 oktyabr.- S.  3.