Əməkdaşlıq yeni mərhələyə qədəm qoyur

 

Qafqaz ölkələri və türk dövlətləri arasında əlaqə-ünsiyyət getdikcə genişlənir. Belə bir qarşılıqlı münasibətlər türk dövlətləri, türkdilli təhsil ocaqları arasında birliyinin daha da genişləndirilməsini tələb edir.

Bununla əlaqədar olaraq hələ 2009-cu ildə Türkiyənin Elazıx şəhərindəki Fırat Universitetində "Qafqaz ölkələri, Türk Cümhuriyyəti və Türkiyə Universitetlərinin tədqiqat əməkdaşlığı" mövzusunda birinci sammit keçirilmişdir. Belə qlobal mövzuda ikinci toplantının isə məhz Gəncə şəhərində təşkili qərara alınmışdı. Bu, heç də təsadüfi deyil. Bütövlükdə Azərbaycan, eləcə də Gəncə şəhəri sürətlə inkişaf edir. Ulu Nizaminin 870 illik yubileyinə hazırlaşan qədim şəhər sözün tam mənasında yenidən qurulur. Son illərdə Dövlət Aqrar Universiteti də tanınmaz dərəcədə dəyişmişdir: binaları yaraşıqlı, avadanlığı təzə, tədrisin səviyyəsi müasir tələblərə tam uyğun.

Aqrar Universitetinin uğurları təkcə ölkəmizdə yox, xaricdə də tanınır, təqdir olunur. Kollektivin beynəlxalq əlaqələri getdikcə genişlənir, nüfuzu ilbəil artır. Burada tədris prosesində yüksək ixtisaslı, bilikli, bacarıqlı mütəxəssislərin hazırlanması ilə yanaşı, ilk növbədə, milli-mənəvi dəyərlərə, azərbaycançılığa, türkçülüyə xüsusi önəm verilir. Başqa sözlə desək, işgüzar kollektiv müstəqil ölkəmiz üçün hərtərəfli inkişaf etmiş əsl vətəndaşlar yetişdirməyə çalışır. Bu sahədə ulu öndər Heydər Əliyevin tövsiyələri, Prezident İlham Əliyevin tapşırıqları uğurla yerinə yetirilir. Məhz buna görə də səksən yaşlı təhsil ocağına maraq getdikcə artır, qarşılıqlı əməkdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyur.

Qafqaz ölkələri, Türk Cümhuriyyəti və Türkiyə tədqiqat əməkdaşlığı - BSİ 211 çərçivəsində "Qloballaşma şəraitində təhsil və elmin inkişafı problemləri" mövzusunda keçirilən Gəncə toplantısında 14 dövləti təmsil edən  158 nümayəndə iştirak edir.

Toplantını giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ölkəmizdə təhsilə göstərilən tükənməz qayğı və diqqət haqqında, bu sahədə ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin gördüyü misilsiz işlər barədə ətraflı məlumat verdi. E.Vəliyev belə bir yüksək nüfuzlu tədbirin Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi ərəfəsində keçirilməsinin əhəmiyyətini xüsusi vurğuladı.

Açılış mərasimində Türkiyə Cümhuriyyətinin Gəncədəki baş konsulu Halit Ağca, Fırat Universitetinin rektoru, professor-doktor Feyzi Bingölün, Ulakbim Araşdırmalar Mərkəzinin müdiri, professor-doktor Cem Saracın, Almaniyadan gələn türkşünas alim David Elekin, ABŞ-ın İlinous Universitetinin professoru Məhəmməd Babadostun, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini, professor Bəhram Əliyevin, təhsil nazirliyi icra aparatının rəhbəri İlham Pirməmmədovun, Milli Məclisin üzvü, professor Asəf Hacıyevin, Gəncə Regional Elm Mərkəzinin direktoru, Milli Elmlər Akademiyasının müxbir üzvü Fuad Əliyevin və başqalarının çıxışları dinlənildi.

Türkdilli ali məktəblər arasında əlaqələrin daha da möhkəmləndirilməsi sahəsində görülən işlərə görə Fırat Universitetinin rektoru, professor-doktor Feyzi Bingölə Azərbaycan Dövlət Aqrar Universitetinin fəxri doktoru diplomu təqdim olundu.

Günün ikinci yarısında toplantı "Ramada Plaza" mehmanxanasında öz işini davam etdirdi. Dövlət Aqrar Universitetinin alimləri ilə yanaşı, Qazaxıstandan, Hollandiyadan, Qırğızıstandan, Gürcüstandanbaşqa yerlərdən gələn qonaqların çıxışları dinlənildi.

Beynəlxalq konfransda qeyd olundu ki, ötən əsrin ortalarından başlayaraq Yer kürəsində gedən qlobal istiləşmə, şiddətli kataklizmlər, dünya əhalisinin durmadan artımı, əkinə yararlı torpaqların sürətlə azalması və bütün bunların nəticəsində insan qidasının çatışmazlığı böhran həddinə çata bilər. Bununla əlaqədar olaraq beynəlxalq konfransın iştirakçıları bir sıra problemlərin əlbir həllinə çalışmağın vacibliyini söylədilər. Yekdilliklə qeyd olundu ki, davamlı inkişaf problemlərinə həsr olunan təhsil və tədqiqat işlərini birgə həyata keçirmək üçün beynəlxalq mərkəzlər, koordinasiya şuraları yaratmaq, türkdilli dövlətlərin vahid internet şəbəkəsini təşkil etmək, qarşılıqlı elmi əməkdaşlığın, tələbə və müəllim mübadiləsinin, stajkeçmə və ixtisasartırma məsələlərinin inkişafına nail olmaq, baş verən bütün fəlakətlərə qarşı insanların regional, qlobal səviyyədə səylərini, imkanlarını birləşdirmək, elmi, təhsili və texnologiyaları inkişaf etdirmək, dünyada ərzaq təhlükəsizliyini təmin etmək, ətraf mühitə yönələn mənfi təsirləri minimuma endirmək istiqamətində birgə fəaliyyət göstərmək lazımdır.

Oktyabrın 4-də toplantı "Qloballaşma şəraitində təhsilin və elmin inkişaf problemləri" mövzusunda beynəlxalq konfransla öz işini davam etdirəcək.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2011.- 4 oktyabr.- S.  5.