Ermənistan nümayəndə heyəti Alt Komitənin yığıncağında iştirak etməkdən növbəti dəfə boyun qaçırmışdır

 

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyası çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitənin iclası olmuşdur.

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Alt Komitənin üzvü Səməd Seyidov iclas ilə bağlı jurnalistlərə verdiyi müsahibəsində demişdir: "Ermənistan nümayəndə heyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitənin iclasında iştirak etməmişdir. Biz xeyli fikir mübadiləsi apardıq və qərara gəlmişik ki, onların bu görüşdə iştirak etməmələri haqqında Büroya məlumat verilsin. Mən isə konkret olaraq məsələni qaldırdım ki, siz də, biz də burada şahidiyik ki, Ermənistan yekdilliklə qəbul olunmuş AŞ PA Bürosunun qərarını pozur və görüşdə iştirak etmir. Bu o deməkdir ki, siz Azərbaycan ilə bağlı qərarların pozulması məsələsini qaldıranda, ən azı, ikili standartlarla çıxış edirsiniz. Buna razılaşmaqdan başqa yolları yox idi. Növbəti iclaslar da olacaqdır. İştirak edib-etməyəcəklərini onlar özləri bilərlər. Onlar öz mövqelərini bildirmişlər. Bu Komitənin iclasına gəlməməklə onlar AŞ PA Bürosunun qərarını pozurlar. Bu, birbaşa pozuntu, nüfuzlu təşkilatı saymamaq deməkdir".

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Strasburq

 

Azərbaycan.- 2011.- 4 oktyabr.- S.  6.