Azərbaycanın və Rusiyanın daxili işlər nazirləri sərhəd regionlarında güc nazirliklərinin qarşılıqlı fəaliyyəti barədə razılığa gəlmişlər

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, oktyabrın 4-də Quba şəhərində Azərbaycanın daxili işlər naziri general-polkovnik R.Usubovun və Rusiyanın daxili işlər naziri, ordu generalı R.Nurqalievin iştirakı ilə sərhədyanı regionlarda ictimai təhlükəsizliyin təmin edilməsi və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə işində razılaşdırılmış səylərin daha da fəallaşdırılması məsələlərinə həsr edilmiş müşavirə keçirilmişdir. Müşavirədə hər iki nazirliyin sahəvi operativ xidmətlərinin, ərazi üzrə polis və daxili işlər orqanlarının rəhbərləri iştirak etmişlər.

Peşəkar qarşılıqlı əlaqələrin bir sıra prioritet məsələləri hərtərəfli müzakirə olunmuş, sərhədyanı ərazilərdə kriminogen vəziyyət təhlil edilmiş, bu istiqamətdə əməkdaşlığın vəziyyətinə prinsipial qiymət verilmiş, əlaqələrin inkişaf perspektivləri müəyyən edilmişdir.

Nazirlər razılıq hissi ilə qeyd etmişlər ki, sərhədyanı ərazilərdə ictimai təhlükəsizliyin təmin edilməsi üçün görülən praktiki təşkilati tədbirlərin səmərəliliyini artırmaq məqsədi ilə əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində xeyli iş görülmüşdür. Müasir çağırışlara, beynəlxalq terrorizmin və transmilli mütəşəkkil cinayətkarlığın təhdidlərinə adekvat əks təsir təmin olunur. Bununla bərabər, asayişin mühafizəsi, insanın hüquq və azadlıqlarının qorunması, qanunun aliliyinin təmin edilməsi üzrə səyləri daha da fəallaşdırmağın zəruriliyi vurğulanmışdır.

Azərbaycan Respublikasının və Rusiya Federasiyasının daxili işlər nazirliklərinin sərhədyanı ərazilərdə polisin və daxili işlər orqanlarının qarşılıqlı fəaliyyətinin razılaşdırılması və əlaqələndirilməsi üzrə ixtisaslaşdırılmış işçi qrupunun işi və sentyabrın 19-dan 25-dək keçirilmiş "Sərhəd-Sipər" profilaktik əməliyyat tədbirlərinin nəticələri haqqında hesabat dinlənilmişdir.

Müzakirələrin yekunlarına əsasən, nazirlər müşavirənin protokolunu imzalamış, sərhədyanı ərazilərdə həyata keçirilən məqsədyönlü antikriminal fəaliyyətin konkret praktik məzmun kəsb etməsi üçün hüquq-mühafizə işinin yeni forma və metodlarından bundan sonra da istifadə etməyin zəruriliyini diqqətə çatdırmışlar.

Müşavirə konstruktiv əməkdaşlıq və qarşılıqlı anlaşma ruhunda keçmişdir.

 

 

Azərbaycan.- 2011.- 5 oktyabr.- S.  3.