İranlı nazir ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir

 

Azərbaycanda səfərdə olan İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyn oktyabrın 4-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilmiş, məzarı üzərinə tər çiçəklər düzülmüşdür.

Seyid Məhəmməd Hüseyn jurnalistlərə açıqlamasında bildirmişdir ki, İran ilə Azərbaycanın sıx tarixi, mədəni əlaqələri böyük bir dövrü əhatə edir. Burada İran mədəniyyət günlərinin təşkili, ötən il isə İranda Azərbaycan mədəniyyət günlərinin keçirilməsi təqdir olunmalıdır. Çünki bunlar tarix boyu yaranan mədəni əlaqələrin məntiqi davamıdır. Belə tədbirlərdə iki ölkənin mədəniyyət xadimləri, incəsənət adamları bir-birlərini daha yaxından tanıyırlar.

 

 

Azərbaycan.- 2011.- 5 oktyabr.- S.  5.