«Bu mənim peşəmdir» müsabiqəsi keçirilir

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin (AHİK) qərarı ilə "Bu mənim peşəmdir" adlı təsviri və tətbiqi sənət üzrə ümumrespublika müsabiqəsi keçirilir.

Müsabiqənin keçirilməsində məqsəd bu sahədə istedadlı insanları üzə çıxarmaq, onlara düzgün istiqamət vermək, yaradıcılıq köməyi göstərməkdir. ARDNŞ-nin tabeliyində olan Adil İsgəndərov, Səttar Bəhlulzadə, Qurban Abbasov adına Sumqayıt şəhərindəki "Kimyaçı" və Mərdəkan mədəniyyət saraylarında fəaliyyət göstərən təsviri və tətbiqi sənət dərnəklərinin üzvləri də müsabiqədə fəal iştirak edirlər.

Adil İsgəndərov adına Mədəniyyət Sarayında Azərbaycan NeftQaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi müsabiqənin birinci mərhələsinə artıq yekun vurub. Bu turda 100-dən çox təsviri və tətbiqi sənət əsəri, keramika dərnəyi üzvlərinin əl işləri, "Kimyaçı" mədəniyyət sarayının milli adət-ənənələri əks etdirən dekorativ tətbiqi incəsənət nümunələri nümayiş olunub. Birinci mərhələnin qaliblərinə təşəkkürnamələr təqdim edilib.

Seçilən 20 əl işi ikinci mərhələyə təqdim olunacaq. Bu mərhələ AHİK tərəfindən noyabr ayında keçiriləcək. Üçüncü mərhələdə qaliblərin sərgisi Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Bakı şəhərindəki rəsm qalereyalarının birində nümayiş etdiriləcək.

 

 

Azərbaycan.- 2011.- 6 oktyabr.- S.  8.