Bu gün dinamik inkişaf edən Azərbaycan dünyada öz layiqli yerini tutmuşdur

 

Oktyabrın 6-da Mərkəzi Seçki Komissiyasında (MSK) Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə MSK-nın sədri Məzahir Pənahov açaraq müstəqilliyin Azərbaycan xalqına asan başa gəlmədiyini, xalqımızın əsrlər boyu azadlığı üçün hər fürsətdə yararlanmaq cəhdlərinin dərin tarixi kökləri olduğunu diqqətə çatdırmışdır. O bildirmişdir ki, 1918-ci ildə əldə olunmuş müstəqilliyə qədər xalqımız mühüm tarixi mərhələlər yaşamışdır.

MSK sədri 20-ci yüzilliyin Azərbaycan tarixində çox böyük mübarizələr əsri olduğunu, azadlıq və istiqlaliyyət uğrunda çoxlu qanlar töküldüyünü, xalqımızın müstəqillik yolunda saysız-hesabsız şəhidlər verdiyini vurğulamışdır: "Əlbəttə, həmin dövrdə xalqımızın mərd və mübariz oğulları olan böyük şəxsiyyətlər Azərbaycanın haqq səsini dünyaya çatdırmışlar və 1918-ci il mayın 28-də Şərqdə ilk müstəqil, demokratik dövlət qurmağa nail olmuşlar".

M.Pənahov qeyd etmişdir ki, 1920-ci ildə müstəqilliyin süqutundan sonrakı dövrdə də hər bir azərbaycanlı müstəqillik hisslərini öz qəlbinin dərinliklərində yaşatmış və bu müqəddəs duyğular indiki nəslə qan yaddaşı kimi irsən keçmişdir. 1991-ci ildə sovet imperiyasının süqutundan sonra yaranan yeni məqamda xalqımız yenidən müstəqilliyini bərpa etmişdir. Lakin müstəqilliyin qazanılması qədər qorunması da çətindir. Bu tarixi missiyanı öz üzərinə götürən məhz ümummilli lider Heydər Əliyev olmuşdur. Xalqın təkidli tələbləri ilə yenidən hakimiyyətə qayıdan ulu öndərin müstəqil dövlətimizin yaranmasında, inkişafında və dünyada tanınmasında misilsiz xidmətləri olmuşdur.

MSK sədri bildirmişdir ki, 20-ci ildönümü qeyd olunan Azərbaycanın yeni müstəqillik dövrü tariximizin ən parlaq və şanlı səhifələri kimi vərəqlənir. Bu müddətdə ölkəmizin keçdiyi inkişaf yolu, qazandığı nailiyyətlər isə Azərbaycanın müstəqilliyinin əbədiliyinə möhkəm, sarsılmaz təməl yaratmışdır. Ulu öndərin ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin hazırkı məqsədyönlü siyasəti nəticəsində bu gün dinamik inkişaf edən Azərbaycan dünyada öz layiqli yerini tutmuşdur.

Sonra MSK sədrinin müavini N.Məmmədov, MSK katibləri A.Muxtarova və M.Rəhimov xalqımızın müstəqillik mübarizəsinin müxtəlif mərhələləri ilə bağlı çıxış etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 7 oktyabr.- S.  3.